Müsavat Partiyasının Başqanı, Bizim Azərbaycan blokunun sədri İsa Qəmbər Ukraynanın yeni seçilmiş prezidenti Viktor Yuşşenkonu təbrik edib. Təbrikdə deyilir:
Hörmətli Viktor Yuşşenko!
26 dekabr 2004-cü il tarixdə keçirilən prezident seçkisində qazandığınız parlaq
qələbə münasibətilə Sizi təbrik edirəm.
Əslində Siz hələ 31 oktyabr 2004-cü ildə - seçkinin birinci turunda seçilmişdiniz. Lakin ölkədəki hakim rejim seçkinin nəticələrini saxtalaşdıraraq Ukraynanı demokratik inkişaf perspektivlərindən məhrum etmək istəmişdi. Ancaq 2 aylıq qəhrəman və fədakar mübarizənin nəticəsində Ukrayna xalqının iradəsi qalib gəldi.
Bu qələbə nəticəsində Siz yalnız prezident yox, həm də xalqın liderinə
çevrildiniz.
Bu qələbə nəticəsində Ukrayna xalqının müasir dünyanın aparıcı xalqları
sırasında olduğu bir daha nümayiş etdirildi.
Bu qələbə nəticəsində bir daha sübut olundu ki, avtoritarizmdən demokratiyaya dinc keçid mümkündür. Sadəcə olaraq xalqın demokratiya uğrunda ardıcıl mübarizəsi dünya birliyi tərəfindən müdafiə olunmalıdır.
Hörmətli Viktor Andreyeviç!
İnanıram ki, xalq arasında qazandığınız böyük etimad Ukraynanın demokratik inkişafı, çiçəklənməsi və ölkənizin ümumavropa və ümumdünya birliyinə inteqrasiyası yolunda mövcud olan problemlərin həllində Sizə kömək edəcək və dövlətlərimiz həqiqi strateji tərəfdaşlar olacaqlar.
Bakı, 27 dekabr 2004-cü il
![]() |
![]() |
||
![]() |
![]() |
![]() |
![]() |