Kütləvi aksiyalar davam etdiriləcək
İsa Qəmbər: 3 dekabrda yürüşə gələnlərin sayı əvvəlki aksiyalardan daha
artıq olmalıdır
“26 noyabr seçki və siyasi proseslərdə iştirak edən bütün subyektləri sınağa
çəkdi”. Çıxışına bu sözlərlə başlayan Müsavat başqanı İsa Qəmbər xalqın növbəti
sınaqdan şərəflə çıxdığını bildirdi: “Xalq hakimiyyətin qəddarlığından
qorxmayaraq, mübarizəyə davam etməyə hazır olduğunu sübut etdi. 26 noyabr
hadisələrinin ən mühüm nəticələri bundan ibarətdir”.
İqtidarın bu sınaqdan sınıq çıxdığını və xalqa aid olmadığını ortaya qoyduğunu
əlavə edən Müsavat başqanı rejimin ölkə və beynəlxalq ictimaiyyətdə özünü ifşa
etdiyini söylədi: “Demokratik müxalifət isə bu mərhələdən birliyini qoruyaraq
çıxa bildi”.
Baş verənlərlə bağlı beynəlxalq birliyin nümayiş etdirdiyi mövqeyə toxunan
İ.Qəmbər ABŞ-ın ölkəmizdəki səfirliyinin bəyanatının yerinə düşdüyünü və
proseslərə müsbət təsir etdiyini bildirdi. Müsavat başqanı 26 noyabrla bağlı
beynəlxalq birliyin reaksiyasının davam etdiyini diqqətə çatdırdı. O, bunu
müsbət hal kimi qiymətləndirdi: “Hakimiyyətin simasının ifşa olunmasına
baxmayaraq, bəzi dairələrin iqtidara olan ümidləri hələ də qalmaqdadır. Onlar
hakimiyyəti proseslərdən kənarda saxlamaq istəyirlər. Məsələn, ABŞ Dövlət
Departamentinin sözçüsü bildirib ki, hadisələri törədənlərin içərsindən
günahkarlar müəyyənləşdirilib cəzalandırılmalıdır. Seçki saxtakarlıqları zamanı
da analoji fikirlər səsləndirilirdi. Azərbaycanda elə sadəlövh insan varmı ki,
hesab etsin ki, 26 noyabrda xalqa qarşı zorakılıq nümayiş etdirən qüvvələr bunu
hansısa nazirin, polis rəisinin göstərişi ilə həyata keçiriblər? Aydın deyilmi
ki, bu cinayətin arxasında İlham Əliyev və Ramiz Mehdiyev dayanır.
Fəaliyyət istiqamətlərimizdən biri beynəlxalq ictimaiyyətlə işimizi davam
etdirmək olmalıdır. Qərar qəbul edən mərkəzlərdən fərqli olaraq beynəlxalq
ictimaiyyət, Qərb ölkələrinin xalqları hadisələrə prinsipial qiymət verirlər.
Birmənalı şəkildə Azərbaycan hakimiyyətini ittiham edirlər. Deməli, biz
beynəlxalq təşkilatlarla işləməklə yanaşı Qərbin azad ictimaiyyətinə və
mediasına müraciətlərimizi davam etdirməliyik. Öz hakimiyyətlərindən prinsipial
mövqe tutmağı tələb etmələri üçün onları fəallaşdırmalıyıq”.
İ.Qəmbər “Azadlıq” bloku, Milli Birlik Hərəkatı və AMİP-in gələcəkdə həyata
keçirəcəyi bir çox işlərin olduğunu dedi. Mübarizənin ağırlığının əsasən mitinq
komitəsi üzərinə düşdüyünü söyləyən İsa bəy kütləvi aksiyaların davam
etdirilməsi barədə qərar qəbul olunduğunu qeyd etdi. O, 3 dekabr aksiyasının
hadisələrdən sonra Azərbaycan cəmiyyətinin vəziyyətinə qiymət verilməsi üçün
mühüm mərhələ olacağını bildirdi: “3 dekabrda sübut etməliyik ki, cəmiyyətimiz
nəinki geri çəkilməyib, əksinə, daha əzmlə, prinsipiallıqla mübarizəni davam
etdirmək əzmindədir. Həmin tarixdə yürüşə gələnlərin sayı əvvəlki aksiyalardan
daha artıq olmalıdır. 26 noyabrdan sonra cəmiyyətdə yaranan qəzəb dalğasını dinc
istiqamətə yönəltməyə çalışmalıyıq”.
İsa bəy bildirdi ki, situasiyanın dəyişməsinin və hakimiyyətin geri çəkilməsinin
yolu mitinqlərin möhtəşəmliyinin təmin olunmasından asılıdır: “3 dekabr
mitinqində indiyə qədər olandan iki dəfə artıq insan iştirak etməlidir. Bu
tamamilə real işdir. Buna gücümüz çatar, yetər ki, bütün təşkilatçılıq işimizi,
insanları inandırmaq bacarığımızı ortaya qoyaq. Hamımız bir yerdə əlimizdən
gələni etsək, 3 dekabr və ondan sonrakı kütləvi aksiyaların möhtəşəmliyini təmin
edə biləcəyik. Dekabrın 10-nu bütün dünya xalqları İnsan Haqları günü kimi qeyd
edirlər. Həmin tarixdə Azərbaycanda ən möhtəşəm kütləvi tədbiri keçirə bilərik.
Hesab edirəm ki, birliyimizi qorumaq, məsələlərə ayıq gözlə baxmaq və xalqla
açıq şəkildə danışmaq şərti ilə mübarizəmizi davam etdirib, qələbəyə nail
olacağıq”.
Yeni Müsavat, 01.12.2005