“AMERİKADA QAPILAR İLHAM ƏLİYEVİN ÜZÜNƏ
BAĞLANIB”
İSA QƏMBƏR: “Mitinqdə polis əməliyyatına Ramil Usubov, Ramiz Mehdiyev və İlham
Əliyev rəhbərlik ediblər”
Dünən Müsavat Partiyasının başqanı, “Azadlıq” blokunun 20 saylı Nərimanov
ikinci seçki dairəsindən vahid namizədi İsa Qəmbər İctimai Televiziyada
namizədlər üçün ayrılmış pulsuz efir vaxtında çıxış etdi. Çıxışın mətnini təqdim
edirik:
Axşamınız xeyir, hörmətli tamaşaçılar, hörmətli seçicilər, əziz bacı və
qardaşlarım!
Sizi Müsavat Partiyası və “Azadlıq” bloku adından salamlayıram. Eyni zamanda bu
gün sizlərin azadlığınız uğrunda aclıq aksiyası keçirən qardaşlarımı salamlamaq
istəyirəm (“Azadlıq” blokunun altı nəfər deputatlığa namizədinin başladığı aclıq
aksiyası nəzərdə tutulur - red). Onlar iki gündür ki, ADP qərargahında aclıq
aksiyasına başlayıblar. Bu fədakarlıq sizin azadlığınız yolundadır. Ona görə mən
onları salamladığım kimi onların salamlarını da sizlərə çatdırmaq istəyirəm.
Mən bu gün Amerikadan səfərdən dönmüşəm. Səfərdən dönən kimi mənə bəlli oldu ki,
bəzi YAP yetkililəri, hakimiyyət nümayəndələri işlərini-güclərini atıb səfərim
barədə çıxışlar etməklə məşğuldurlar. Başa düşürəm, bu adamların sizin üzünüzə
çıxmağa üzləri yoxdur, sizə deməyə sözləri, mövzuları yoxdur. O biri tərəfdən,
iki ildir ki, İlham Əliyev Amerikaya gedə bilmir, Vaşinqtona dəvət ala bilmir.
Vuruşur, çalışır, sizlərdən oğurlanan milyonlarla dollar pul bu yolda xərclənir.
Onun üçün çalışan insanlar da bunu edə bilmirlər. Ona görə qəzəblənirlər. Çünki
Amerikada, Vaşinqtonda bizim üzümüzə açılan qapılar bu adamların üzünə açılmır.
Çünki bu adamlar öz xalqlarına zülm edirlər. Amerika kimi azad bir ölkədə təbii
ki, öz xalqına zülm edən insanlarla görüşmək, onlarla yanaşı dayanmaq
istəmirlər. Bunları qəzəbləndirən budur.
O ki qaldı bizim səfərin səviyyəsinə, orada olduğum müddətdə bir çox
senatorlarla görüşlərim oldu. Senator Makkeyn, Sem Braunbek kimi şəxslərlə,
senatorlar Baydenin, Luqarın adamlarıyla söhbət etdik və orada olduğum gün
Senata Azərbaycandakı seçkilərlə bağlı qətnamə layihəsi təqdim olundu. Bu mənim
səfərimin bir nəticəsidir. Mən orada Milli Təhlükəsizlik Şurasında, Ağ Evdə,
Dövlət Departamentində görüşlər keçirmişəm. Amerikanın “The Washington Post”
“The Washington Times”, “Los Anceles Times”, “Çikago Herald Tribune” kimi
nüfuzlu qəzetləri məndən müsahibələr alıblar. Hakimiyyəti qəzəbləndirən, özündən
çıxardan budur. Mən səfərimin real nəticələri barədə yaxın günlərdə keçirəcəyim
mətbuat konfransında ətraflı məlumat verəcəyəm.
Bugünsə hakimiyyətin sifətinin daha bir tərəfi haqqında məlumat vermək
istəyirəm. Əliyev rejimi sizin azadlığınız uğrunda meydanlara, küçələrə çıxan
minlərlə insanlara qarşı zorakılıq tətbiq etdi. Maaşlarını altı dəfə
artırdıqları Çevik Polis Alayı vasitəsilə insanlara qarşı zorakılıq etdilər.
Digər polis qüvvələrini də, onlar bunu istəməsələr də, xalqla üzbəüz qoydular.
Budur bu hakimiyyətin mahiyyəti. Mən dəqiq bilirəm ki, bu gün bu əməliyyata üç
adam rəhbərlik edib - Ramil Usubov, Ramiz Mehdiyev və İlham Əliyev. Gənclərə,
qadınlara, uşaqlara, qocalara baxmadan hamıya zülm ediblər. Millət vəkilliyinə
namizədləri - sizin namizədlərinizi həbs ediblər və həbsxanalara atıblar. Budur
bu hakimiyyətin siması. Özləri isə sizin səsinizlə müəyyənləşməli olan deputat
yerlərini pulla satmaqla məşğuldurlar. Artıq bu barədə açıq söhbət gedir. Bir
sıra namizədlər bu barədə məlumat veriblər. Hətta YAP-çılar özləri də bu
söhbətləri etməkdən çəkinmirlər. Bu adamlar parlamenti alver, gəlir mexanizminə
çeviriblər. Parlamentdə sizi təmsil etməli olan adamların yerlərini satmaqla və
pul qazanmaqla məşğuldurlar. Mən xahiş edirəm, YAP-çı deputatlar bu məsələyə
diqqət etsinlər.
Sonrakı söhbətləri etməyə bizim hələ zamanımız olacaq.
Tanrı Azərbaycanımızı qorusun!
Bakı, Azərbaycan, İTV
HAZIRLADI: ÜLKƏR, Yeni Müsavat, 02.10.2005