Amerikadan seçki
saxtakarlığına daha bir etiraz
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası bəyanat verdi
Birləşmiş Ştatların Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası-Helsinki
Komissiyası Azərbaycanda parlament seçkisinin nəticələrinə dair bəyanat yayıb
(“Azadlıq” radiosu). Qurumun Beynəlxalq Siyasət üzrə direktoru Ronald McNamara
deyib ki, hakimiyyət tərəfindən atılmış bir sıra addımlara, İlham Əliyevin iki
sərəncamına baxmayaraq, onlar tam yerinə yetirilməyib. O, Beynəlxalq Müşahidə
Missiyasının seçkinin nəticələrinə dair noyabrın 7-də yaydığı ilkin hesabatına
istinad edib: “Həmin hesabata görə, 6 noyabr parlament seçkisi ATƏT
öhdəliklərinin və Avropa Şurası standartlarının çoxuna uyğun gəlməyib”.
Ronald McNamara seçki günü Bakıda hər yerdə adları seçici siyahısında olmayan
vətəndaşlarla üzləşdiyini deyib: “Kimsə deyirdi ki, məsələ səs verməkdə deyil,
səsləri kimin saymasındadır. Təəssüf ki, noyabrın 6-da mənim gördüyüm seçki
rəsmiləri Azərbaycanın bundan əvvəlki saxta seçkilərini idarə edənlər idi”.
McNamara bildirir ki, məntəqələr bağlanan kimi, o, seçki komissiyası üzvlərinin
boş bülletenləri bir otağa apardığını görüb, yerli müşahidəçilər buna etiraz
edib, o da iradını bildirəndən sonra səssayma davam edib.
“Nəticədə, 21 nəfər arasından müsteqil bir namizəd həmin məntəqədə qalib çıxdı.
Sonradan ise 9 saylı Binəqədi dairəsində seçkinin nəticələri ləğv olundu, bir
sıra dairələrdə də belə olmuşdu” deyə, o vurğulayıb.
Helsinki Komissiyasının sədri Sem Braunbek də dərin təəssüfünü bildirib: “Biz
ümid edirik ki, bu seçki Azərbaycanda demokratiyaya doğru ilk addım olacaq,
ancaq seçkini keçirən hakimiyyət bu sınaqdan çıxmadı”.
Helsinki Komissiyası seçkidən sonra polisin müxalifətin yürüş-mitinqini
dağıtdığına da toxunur: “Aydındır ki, Azərbaycan rəhbərliyi qonşu Gürcüstan və
Ukraynada olduğu kimi rəngli inqilabın baş verməsini istəmir”.
Tuncay
Yeni Müsavat qəzeti, 02 dekabr 2005-ci il