"DİNC YOLLA MÜBARİZƏ APARIB QƏLƏBƏ ÇALACAĞIQ" İsa Qəmbərin AzTV1 ilə çıxışının videosu - 03.10.2005

İSA QƏMBƏR:"HAKİMİYYƏTƏ GƏLƏN KİMİ AZƏRBAYCANDA KÖKLÜ DƏYİŞİKLİKLƏR EDƏCƏYİK"

Oktyabrın 3-də Müsavat Partiyasının başqanı, "Azadlıq" Blokunun 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədi İsa Qəmbər AZ.TV-də ödənişsiz efir vaxtında blok adından çıxış etdi. Çıxışın mətnini təqdim edirik.

Axşamınız xeyir, hörmətli televiziya tamaşaçıları, hörmətli seçicilər, əziz bacı və qardaşlarım.

Seçkiyə bir aydan bir qədər artıq müddət qalır. Seçki rosesində iştirak edən tərəflərin məramları, niyyətləri, istəkləri göz qabağındadır və gün kimi aydındır. Bu prosesdə iştirak edən hakimiyyət nümayəndələri 12 ildir hakimiyyətdədirlər. 12 ildir xalqa hesabat vermək əvəzinə yenə də boş-boş vədlər verməklə, yalan danışmaqla, bizə böhtan atmaqla məşğuldurlar. Bugünlərə qədər bizə çox böhtanlar atılıb, ünvanımıza çox yalanlar deyilib. Belə görünür ki, bundan sonra bu daha da şiddətlənəcək, siz hakimiyyət nümayəndələrindən daha çox yalanlar eşidəcəksiniz. Kim yalançıdır? Kim yalan danışır? Bu məsələni aydınlaşdırmaq çoxmu çətindir? Biz deyirik ki, Azərbaycanın torpaqlarının əksəriyyəti Heydər Əliyev rejimi dövründə itirilib, işğal olunub və atəşkəsdən keçən müddət ərzində onların azad edilməsi istiqamətində heç bir real addım atılmayıb. Biz deyirik ki, Azərbaycan əhalisinin ən azı iki milyonu işsizlik ucbatından ölkəni tərk ediblər, qürbətdə çalışırlar. Biz deyirik ki, ölkədə qalanların böyük əksəriyyəti işsizlik problemilə üzləşir, insanlar normal iş tapa bilmirlər. Biz deyirik ki, hətta işləyənlər də çox aşağı maaş alırlar, bu maaşla özlərini, ailələrini yaşatmağa çətinlik çəkirlər. Biz deyirik ki, bu ölkədə rüşvətxorluq, özbaşınalıq, dərəbəylik baş alıb gedir. Bütün bunlar həqiqət deyilmi? Yəni əslinə qalsa, bu hakimiyyətə vaxt itirməyinə dəyməz. Ancaq onlar yalanları davam etdirir, hətta bizim mübarizəmizə böhtan atmağa çalışırlar. Guya ki, biz dinc üsullarla yox, daş-kəsəklə mübarizə aparmaq fikrindəyik. Bununla bağlı mənim müavinlərimə və "Azadlıq" blokunun digər təmsilçilərinə böhtanlar atılır, yalanlar söylənilir. Bu yalanları bir dəfə 2003-cü ildə söylədilər. Bəziləri də buna inandı. Bəziləri də özlərini inanmış kimi göstərdi. Ancaq bu adamlar unudurlar ki, artıq 2003-cü il yox, 2005-ci ildir, dünya dəyişib. Bu gün ABŞ Konqresi Azərbaycandakı parlament seçkilərilə bağlı qətnamə qəbul edib, Azərbaycan hakimiyyətindən azad və ədalətli seçkilər tələb edir. Bugünlərdə Amerikanın Senatı bu barədə qətnamə qəbul edəcək. Bugünlərdə Avropa Liberal Demokrat Partiyası bu barədə qətnamə qəbul etdi. Bu ayın sonuna qədər Avropa Parlamenti də Azərbaycandakı seçkilərlə bağlı qətnamə qəbul edəcək. Elə bu gün biz xəbər aldıq ki, Ukrayna parlamenti Azərbaycandakı seçkilərlə bağlı sənədin müzakirəsinə başlayıb. Sənəd artıq parlamentə təqdim olunub və qeydiyyatdan keçib. Bu, dünyanın mövqeyidir. Bu, azad dünyanın xalqımızla, Azərbaycanın demokratik qüvvələrilə bir yerdə olduğunu, Azərbaycandan yalnız və yalnız azad və ədalətli seçkilər istədiyini bildirən bir gerçəklikdir.

Bizim mövqeyimiz də sizə bəllidir. Biz çox sadə şəkildə izah edirik və deyirik ki, hakimiyyətə gələn kimi konkret addımlara başlayacağıq. Bu "hakimiyyətə gələn kimi" sözü hakimiyyətdəkiləri çox qəzəbləndirir, bu adamlar Konstitusiyanı da oxumurlar, başa düşmürlər ki, parlament də hakimiyyətin bir qoludur və parlamentdə əksəriyyət əldə etmək bir növ hakimiyyətə gəlmək deməkdir. Biz hakimiyyətə gələn kimi neft gəlirlərindən hər bir Azərbaycan ailəsinə bir milyon manat pay ayıracağıq. Biz hakimiyyətə gələn kimi maaşları artıracağıq. Müəllimlərin, polislərin, həkimlərin, ordu zabitlərinin, başqa peşə sahiblərinin maaşlarını 400-500 dollara qaldıracağıq ki, insanlar normal şəkildə ailələrini yaşada bilsinlər. Bütün bunlar həqiqətdir. Bütün bunlar zamanında olacaq və siz də buna şahidlik edəcəksiniz.

Bugünlərdə bizim seçicilərlə görüşlərimiz davam edəcək. Bu görüşlərdən biri oktyabrın 9-da olacaq. Biz müraciət etdiyimiz altı marşrutdan biri üzrə yürüş-mitinqimizi keçirəcəyik. Ayın 5-6-da isə "Azadlıq" blokunun liderləri olaraq Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy zonasında seçicilərimizlə görüşlərə gələcəyik. Əziz seçicilər, sizi bu görüşlərə hazırlaşmağa çağırıram.

Yenə də sizə bildirmək istəyirəm ki, biz yalnız və yalnız dinc yolla mübarizəmizi davam etdirəcəyik və qalib gələcəyik.

Tanrı Azərbaycanımızı qorusun!

Hazırladı, Yeni Müsavat qəzeti, Bakı, 04.10.2005