“SEÇİCİLƏRİN BÖYÜK ƏKSƏRİYYƏTİ “AZADLIQ”
BLOKUNA SƏS VERMƏK NİYYƏTİNDƏDİR”
İsa Qəmbər: “Haqqımız uğrunda dinc mübarizə aparacağıq”
“Azadlıq” blokunun həmtəsisçisi və 20 saylı Nərimanov ikinci seçki dairəsindən
deputatlığa vahid namizədi, Müsavat başqanı İsa Qəmbər dünən Az.TV-də namizədlər
üçün ayrılmış ödənişsiz efir vaxtında çıxış etdi. Çıxışın tam mətnini təqdim
edirik:
Hörmətli tamaşaçılar, mənim əziz bacılarım və qardaşlarım!
Seçki ərəfəsində Azərbaycan Dövlət Televiziyasında son dörd dəqiqəlik çıxışdan
istifadə edərək sizləri bir daha salamlayıram.
Gördüyünüz kimi, bu dörd dəqiqələr ərzində biz istədiyimizin mində birini də
sizə çatdıra bilmədik. Ancaq əvəzində hakimiyyət bu zamandan gen-bol istifadə
edir. Bayaq məndən əvvəl İlham Əliyev yarım saat təbliğat apardı - halbuki ali
icra hakimiyyətinin rəhbəri kimi onun belə bir təbliğat aparmağa ixtiyarı
yoxdur. Bizim əleyhimizə danışdı, xeyli yalanlar söylədi. Bu yalanların nə
mənası var? Axı xalq gözəl bilir ki, 2003-cü ilin prezident seçkilərində kim
qalib gəlib. Elə bilirsiniz, xalq bunu unudub? Yaxud bu “çevriliş”lər barədə
nağıllar kimə lazımdı? Bu nazirləri Heydər Əliyev təyin etməmişdimi? Deyirsiniz
ki, onlar Qurana and içmişdilər. Guya indi işdən çıxarmadığınız, həbs
etmədiyiniz nazirlər Qurana and içmirlər? Hamınız eyni şəkildə bu xalqa zidd
fəaliyyət göstərirsiniz, bu xalqa öz problemlərini həll etməyə, inkişaf etməyə
imkan vermirsiniz. Ona görə xalq sizin əleyhinizədir.
Biz “Azadlıq” bloku olaraq Azərbaycanımızı qarış-qarış gəzdik. Böyüklü-kiçikli
onlarla görüşlər keçirdik. Və xalqın, seçicilərin böyük əksəriyyətinin “Azadlıq”
blokuna səs vermək niyyətində olduğunu gördük. Seçicilər də deyirlər ki, biz
“Azadlıq” blokuna səs verəcəyik. Yeri gəlmişkən, seçicilərə bildirmək istəyirəm
ki, seçki günü məntəqələrdə bülletenləri alanda hər bir bülletendə “Azadlıq”
blokunun emblemini görəcəklər. Hansı namizədin adı qarşısında “Azadlıq” sözü
yazılıbsa, həmin emblem varsa, ona səs verməklə siz arzunuza, niyyətinizə çata
biləcəksiniz.
Bütün xalq eyni niyyətləri daşıyır. Hamımız bir yerdə Qarabağımızın işğaldan
azad olunmasını, korrupsiyanın, rüşvətxorluğun, işsizliyin aradan qalxmasını
istəyirik. Milyonlarla soydaşımızın vətənə dönməsini, ölkəmizin inkişafını,
maaşların artırılmasını arzulayırıq. Hamı bunu istəyir və bunu etmək üçün
inşaallah, noyabrın 6-da hər birimiz seçki məntəqələrinə gəlib, “Azadlıq”
blokuna səs verəcəyik, bu arzumuzu reallaşdırmağa çalışacağıq.
Onu da deyim ki, “Azadlıq” bloku noyabrın 6-da saxtakarlıqların qarşısını almaq
üçün güclü müşahidə sistemi təşkil edəcək. Noyabrın 7-də biz protokolları əldə
etdikdən sonra onları ümumiləşdirməyə, hesablamağa çalışacağıq, təhlil
aparacağıq ki, hakimiyyət öz saxtakarlıq niyyətinə nə dərəcədə nail olub,
olmayıb. Yalnız bundan sonra biz öz dinc, kütləvi tədbirlərimizə başlamaq
niyyətindəyik.
Yəqin artıq eşitmisiniz ki, noyabrın 8-də saat 15-dən 18-dək “Qələbə”
kinoteatrının qarşısında yürüş-mitinq keçirəcəyik. Eyni qaydada 9-10 noyabrda da
mitinqlər keçirmək fikrindəyik. Bunlar müstəsna olaraq dinc xarakterli tədbirlər
olacaq. Biz “Qələbə” kinoteatrını da ona görə seçmişik ki, hakimiyyət zorakılıq
etmək üçün bəhanə əldə edə, qarışıqlıq sala bilməsin. Onu da bilirik ki,
hakimiyyətin təxribat planları var. İnanıram ki, “Azadlıq” blokunu təmsil edən
partiyaların üzvləri, tərəfdarları - sizlər hakimiyyətin təxribatlarına baş
qoşmayacaqsınız. Müxtəlif təxribat üsulları olacaq. Heç bir təxribata baş qoşmaq
olmaz. Yalnız dinc şəkildə, qanun, Konstitusiya çərçivəsində proseslərdə iştirak
etmək, səs vermək, haqqımızı müdafiə etmək lazımdır. Bu gün - müqəddəs Ramazan
günü mən hamınızı bir daha bayram münasibətilə təbrik edirəm. Doğrudan da,
Allahın bir lütfüdür ki, mənim Az.TV-də seçki ərəfəsində son çıxışım bu günə
təsadüf edir. Bu, bəlkə də təsadüf deyil. Sabah İctimai Televiziyada sizə
müraciət etmək imkanım olacaq. Hələliksə sağ olun. Tanrı Azərbaycanımızı
qorusun.
Yeni Müsavat, 04.11.2005,
Səhifəni hazırladı: Ülkər ƏLİYEVA