Seçki nə hüquqi, nə də siyasi cəhətdən bitməyib

İsa Qəmbər: həlledici məqamda Azərbaycanın bütün vətənpərvər qüvvələri də, cəmiyyət də sözünü deyəcək.

Dekabrın 2-də Azərbaycan hakimiyyəti bir daha xalqın və beynəlxalq birliyin iradəsilə hesablaşmadığını nümayiş etdirdi. Konstitusiya Məhkəməsi saxta seçkilərin nəticələrini təsdiqləməklə dövləti cinayəti rəsmiləşdirdi, Bakı Şəhər İcra Hakimiyyəti isə mitinq keçirmək istəyən müxalifətə “Motodrom”u göstərməklə rejimin sərbəst toplaşma azadlığına dözüm limitinin bitdiyini nümayiş etdirdi. Bu iki səbəbdən çıxış edərək Müsavat başqanı İsa Qəmbərlə söhbətimizi qısa və konkret sualla başladıq:

- Seçki bitdimi?

- Yox. Seçki nə hüquqi cəhətdən bitməyib - biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindəyik, nə də siyasi cəhətdən bitməyib - mən əvvəlki fikrimdə qalıram. Bir il əvvəl dediyim fikri yenə təkrar edirəm ki, bu parlament seçktləri Azərbaycanda köklü demokratik dəyişikliklərə start verəcək. Bu start verilib. Elə situsiya idi ki, seçkilər normal keçsəydi, rahat şəkildə demokratiyaya keçid prosesi başlayacaqdı. Seçkilərin bu cür gözlənildiyi kimi total şəkildə saxtalaşdırılması da daha gərgin, daha mürəkkəb formalarda demokratik prosesləri sürətləndirib. Bunu yaxın aylarda bütün cəmiyyət hiss edəcək.

- Yalnız Konstitusiya Məhkəməsinin dünənki (srağagünkü) qərarı kontekstindən “seçki bitdimi” deyə soruşmuruq. Hakimiyyətin dünən (srağagün) həm də “Qələbə” meydanında mitinqlərə qadağa qoydu və müxalifətə “Motodrom”u göstərdi. Bunu da təxminən mitinqlərin qadağan olunması kimi dəyərləndirmək olar. Yəni mitinqlər vasitəsilə mübarizənin də bitdiyi görüntüsü var ortada...

- Bunlar detallardır. Razıyam, çox mühüm detallardır, amma hər halda, ümumi proses baxımından detallardır. Ümumi prosesin şərtlərisə artıq müəyyənləşib. Bu proses başlayıb, gedir və onun qarşısını heç bir qüvvə ala bilməyəcək.

- Çox mühüm detalların xarakterinin dəyişməsinə 26 noyabr aksiyası nə qədər təsir etdi?

- Bu mərhələni mərhələ bitdikdən sonra təhlil etsək, məncə, daha yaxşı olardı.

- Yəni təxminən nə vaxt?

- Ən azı fevralda. Həmin vaxta qədər mərhələ davam etməlidir və bütün səylər bu istiqamətə yönəlməlidir.

- Başqa bir konkret sual: Qərb bizi satdımı?

- Yox. Qərb bizi satmayıb. Qərbin də hər bir konkret zaman mərhələsində konkret məkan çərçivəsində gücünün, potensialının müəyyən sərhədləri var. İndiki mərhələdə Qərbin Azərbaycanda asan, öz arzuladığı kimi sakit bir şəkildə proseslərin demokratiyaya doğru getməsini təmin etməyə gücü çatmadı. Yaxud, çatmır deyək...

- Nə mane olur? Rusiya faktoru?

- Əsas amillərdən biri kimi, bəli.

- Amma Qarabağla bağlı danışıqların gedişi göstərir ki, Qərblə Rusiyanın mövqeləri üst-üstə düşür.

- Yenə də baş qatmaqdır. Danışıqlar prosesində heç bir real irəliləyiş mümkün deyil.

- Niyə bu qədər əminsiniz?

- Nə münaqişənin birbaşa iştirakçıları - Azərbaycan və Ermənistan - Azərbaycan haqlı, Ermənistansa haqsız olaraq - bir-birinin mövqeyini qəbul etmək fikrindədir, nə də bu prosesin çözülməsində iştirak edən beynəlxalq qüvvə mərkəzləri bu məsələdə konsensusa hazırdır.

- Azərbaycan hakimiyyətinin hazır olmadığını deyirsiniz. Bu əminlik Sizdə hardandı? Adətən, hakimiyyət öz mənafeyinə uyğun addımları çox inamla atır.

- Mən Azərbaycan hakimiyyəti yox, Azərbaycan dedim. Həm də torpaq məsələsində xəyanət tamam başqa bir şeydir. Buna gedə bilməzlər.

- Amma buna hazır görünürlər.

- Həmişə yoxlayıblar. Həmişə buna cəhd ediblər. Həmişə istəyiblər elə forma tapsınlar ki, cəmiyyət üçün də məqbula yaxın variant olsun. Tapa bilməyiblər və tapılması da mümkün deyil.

- Onda niyə əminliklə belə bəyanatlar verirlər ki, 2006-cı il problemin həlli ili olacaq?

- 1994-cü ildən başlayaraq hər ilin dekabr-yanvar ayının mətbuatını qaldırıb baxın. Hər ilin dekabrında gələn il məsələnin həll olunması şanslarının olduğu deyilir, hər ilin yanvarında da bu il irəliləyişin olacağı qeyd olunur.

- Həm seçki öncəsi, həm də seçkidən sonrakı bütün açıqlamalarında beynəlxalq birliyin nümayəndələri Azərbaycan hakimiyyətilə bu məsələni də müzakirə etdiklərini söyləyirdilər və onların açıqlamaları belə təsəvvür yaradırdı ki, seçkiyə məhz bu kontekstdə yanaşırlar.

- Bizdə olan məlumatlara görə, bu, tam belə deyil. Eyni zamanda bütün seçkilərdə buna oxşar görüntülər sərgilənir.

- Əgər belədirsə necə?

- Onda da Azərbaycan xalqı sözünü deməlidir və bu millət öz torpağını, heç olmasa, hüquqi baxımdan qorumağa gücü olduğunu nümayiş etdirməlidir.

- Cəmiyyət buna hazırdımı?

- Mən hesab edirəm ki, hazırdır. Azərbaycan cəmiyyəti sakit görünür, müqavimət gücü arzuolunan səviyyədə görünmür, ancaq həlledici məqamlarda, insanların dərin hisslərinə toxunanda bu reaksiyalar həmişə ortada olur. Mən hesab edirəm ki, həlledici məqamda Azərbaycanın bütün vətənpərvər qüvvələri də, cəmiyyət də o sözü deyər.

- Postsovet məkanının digər ölkələrindəki proseslər göstərdi ki, həlledici məqamda Rusiya və Qərb razılığa gələ bilirlər. Azərbaycanda bunu etmədilər və normal düşüncəyə, məntiqə rəğmən, Qərb demokratiyaya dəstək vermədi...

- Hər seçkidən sonra bu suallar aktuallaşır. Neft və demokratiya, müsəlman-xristian aləmi, seçki əvəzinə Qarabağ kimi suallar aktuallaşır. Müəyyən mərhələdən sonra yenə də köklü bir şeyin dəyişmədiyinin şahidi oluruq.

- Amma bunları gözardı etmək də olmaz. Ukraynada Rusiya daha güclüydü, oradakı maraqları Azərbaycandakından az deyildi, amma Qərb demokratiyaya açıq dəstək verməkdən çəkinmədi. Azərbaycanda niyə bunu etmir?

- Burada müəyyən fərqlər var. Zamanı gələndə bu fərqləri də təhlilə cəlb etməliyik. Ancaq bugünə qədər deyilən və görünür, kifayət qədər diqqət yetirilməyən məsələyə də baxmaq lazımdır ki, Ukrayna cəmiyyəti dəyişikliklərə daha çox hazır idi, nəinki Azərbaycan cəmiyyəti. Mən seçkini bitmiş hesab etmirəm. Sizin suallarınız məcbur edir ki, siyasətdən təhlilə keçim, mən də keçmək istəmirəm, hələ siyasətlə məşğulam. Biz hər bir mərhələdə bütün resursları cəlb edib Azərbaycanın demokratikləşməsi problemini həll etməyə çalışırıq. Təhlil mərhələsi gəldikdə təbii ki, təhlil də olunacaq. Ancaq mənə elə gəlir, siz şərhçilər üçün Azərbaycan cəmiyyətilə Ukrayna cəmiyyətinin özəlliklərini müqayisə etmək o qədər də çətin olmamalıdır.

- AŞ PA nümayəndələrilə görüşdə “Azadlıq” blokunun nümayəndələri təkrar seçkiyə qatılmayacaqlarını bəyan ediblər. Bu, qərardı, yoxsa, ilkin fikir?

- Hələlik qərar yoxdur. Ancaq fikir kimi çox aktualdır.

- Bu seçkinin ən xoşagəlməz nəticələrindən biri də o oldu ki, Müsavat Partiyası güvəndiyi üzvlərindən birini itirdi. Vidadi Mahmudlu öz qərarını verdikdən əvvəl və ya sonra sizinlə danışmağa, hərəkətini əsaslandırmağa cəhd göstərdimi?

- Yox. Noyabrın 30-dan dekabrın 1-nə keçən gecə və dekabrın 1-də günün birinci yarısı biz onu tapmağa, əlaqə yaratmağa çalışdıq, əlaqəyə girmədi. Sonrakı mərhələdə, məsələ aydınlaşandan sonrasa mənim ona deyiləsi sözüm qalmadı.

- Onu MSK-da kimin əvəzləyəcəyi barədə düşünmüsünüzmü?

- Hadisələri qabaqlamağa ehtiyac yoxdur. Ancaq təbii ki, dostumuzu, silahdaşımızı itirmək çox ağırdır.

- Bu seçkidə də bütün seçkilərdə olduğu kimi nəticələr saxtalaşdırıldı, müxalifət mübarizəya başladı, döyüldü, amma yenə də bütün bunlar cəmiyyətdə ciddi keyfiyyət dəyişikliyinə gətirib çıxarmadı. Biz nə etməliyik ki, cəmiyyətin müqavimət gücü artsın və Qərbin dəstəyinə ehtiyac duymayaq? Bilirsiniz, sanki hər dəfə eyni proseslər baş verir və dairə qapanır, çıxılmazlıq yaranır...

- Hər bir dairədən nə zamansa çıxış olur. Bu sualın cavabı çox sadədir, ancaq onu reallaşdırmaq çətindir. Cəmiyyətlə işləmək və cəmiyyəti öz potensialına, öz qüvvəsinə inandırmaq lazımdır.

- Müxalifət bundan sonrakı mərhələdə qələbə üçün, konkret uğurlar üçün nələrisə etməyi düşünürmü?

- Təbii ki, düşünürük. Bəzi qərarlar artıq var və bəzi qərarlar da yetişməkdədir. Bu proses davam edəcək.

- Söhbət hansı prosesdən gedir?

- Vəziyyətin dəyişməsindən, ölkədə demokratik dəyişikliklərə nail olunmasından söhbət gedir. Bu proses davam edir.

- Proses harda gedir? Konstitusiya Məhkəməsi nəticələri təsdiqlədi, mitinqlərə faktiki olaraq qadağa qoyuldu, Rino Harniş dinc nümayişçilərin döyülməsinin üstündən iki gün ötməmiş gedib Amerikada iqtisadi məsələləri müzakirə etdi, üstəlik, bir neçə dairənin ləğvini də yüksək qiymətləndirdi...

- Resurslar var. Bu resurslar müxalifətin konsolidasiyası və daha mütəşəkkil qaydada fəaliyyəti davam etdirməsidir. Resurslar bu seçkinin nəticələrindən şoka düşmüş, narazı qalmış zümrələri, təbəqələri prosesə cəlb etməkdir. Çox ciddi resurslar var. Yəni sadəcə, biz çıxılmazlıq əhval-ruhiyyəsinə girəndə bu resursları görmək istəmirik. Məsələn, çox sadə bir şey deyim. Aydın məsələdir ki, hakimiyyət normal seçkiyə imkan vermir və parlamenti təyin edir. Cəmiyyətin müəyyən təbəqələri düşünürdülər ki, müxalifət pisdir, hakimiyyət onu parlamentə buraxmayacaq, ancaq parlamenti formalaşdıranda bizi nəzərə alacaq. Ağıllı, savadlı, ehtiyatlı, hər zaman hakimiyyətlə əməkdaşlığa hazır olan yüzlərlə şəxs namizəd kimi ortalığa çıxmışdı. Bu adamların ümidlərinə dəhşətli şəkildə zərbə dəydi. Onlar bəlkə bizdən də daha artıq gərgindirlər. Çünki biz bu hadisələrə adət etmişik, onlarsa adət etməmişdilər. Onlara elə gəlirdi ki, İlham Əliyev cavan adamdır, yeni bir dövr başlayıb və İlham Əliyev köhnələri kənarlaşdırıb ağıllı, cavan, təhsil görmüş insanları başına yığacaq, parlamentə yerləşdirəcək və onlar birləşib Azərbaycanın problemlərini həll edəcəklər. Belə bir təbəqə var və onlarla işləmək lazımdır - mən açıq deyirəm. Cəmiyyəti tənqid edəndə müsbət cəhətləri də qeyd etmək lazımdır - kifayət qədər vicdanlı adamlar var ki, onların nə siyasətə, nə müxalifətə xüsusi bir marağı olmasa da, düşünürlər ki, bu nə vaxtadək davam edəcək, bunun sabahı necə olacaq? İnsanlar özlərinin, övladlarının gələcəyini düşünürlər. Bu insanlarla işləmək lazımdır. Digər tərəfdən də hakimiyyətin, İlham Əliyev rejiminin son qərarlarıyla öz sosial bazasını daraltdığını biz görmürükmü? Cəmiyyətdə qüvvələr nisbəti dəyişir. Kifayət qədər sürətlə dəyişir.

- Yeni partiyanın yaradılması ideyası da buna əsaslanır?

- Bu da müxalifətin sonrakı konsolidasiyasıyla bağlı ideyalardan biridir. Hazırda müzakirədədir. Variant kimi nəzərdə tutulur. Bütün variantlar nəzərdən keçirilməlidir.

- Amma bu, reallaşması bir qədər çətin görünən variantdır...

- Problemlər böyük olduğu üçün çətin işlərin də öhdəsindən gəlməyə çalışmalıyıq.

- İndiki qüvvələrin bir partiyada birləşməsi çətin deyilmi?

- Çətindir, amma təsəvvür olunduğu qədər çətin deyil. Variantları həmişə tapmaq olur. Əsas odur ki, iradə olsun.

Alya, Könül, Yeni Müsavat, 03.12.2005