Müsavat Partiyasının bəyanatı
Azərbaycanda keçirilən son parlament seçkiləri də əvvəlki seçkilərdə olduğu kimi
total şəkildə saxtalaşdırıldı.
Artıq Azərbaycan cəmiyyətinə məlumdur ki, MSK-nın bu saxtakarlığı özündə əks
etdirən yekun protokoluna qurumun müxalifətdən olan iki üzvü də imza atıb. Bu
şəxslərdən biri 2000-ci ildən Müsavat Partiyasını MSK-da təmsil edən Vidadi
Mahmudludur. V. Mahmudlu bu müddət ərzində seçki saxtakarlıqlarına,
ədalətsizliyə qarşı barışmaz mövqe tutmuşdu.
Hətta son parlament seçkilərinin nəticələri təsdiq olunan gün- 2005-ci il 23
noyabrda o, bunun əleyhinə səs vermiş, MSK-nın müstəqil bir qurum olmadığını,
hakimiyyətin siyasi sifarişlərini həyata keçirdiyini bəyan etmiş və xüsusi rəylə
çıxış etmişdi.
Ona görə də seçki saxtakarlıqlarına qarşı həmişə birmənalı mövqe nümayiş etdirən
V. Mahmudlunun son qərarı Azərbaycan cəmiyyəti, Müsavat Partiyası tərəfindən
gözlənilməz addım kimi qarşılanıb.
V. Mahmudlu MSK-nın yekun protokoluna imza atmasının səbəblərindən asılı
olmayaraq Müsavat Partiyası onun bu hərəkətini qətiyyətlə pisləyir və bəyan edir
ki, o bu addımı atmaqla hakimiyyətin törətdiyi dövləti cinayətin rəsmi
iştirakçısına çevrilib.
Müsavat Partiyasının mətbuat xidməti, 05 dekabr
2005-ci il