![]()
Azərbaycandakı rüşvət Norveç mətbuatında
Məşhur "Daqbladet" qəzeti: "Maurisio Pavesi deyir ki, Azərbaycan
rüşvətxorluğun səviyyəsinə görə Ginnesin rekordlar kitabına düşür"
"Bura gələn saysız-hesabsız norveçlilər korrupsiyanın mürəkkəb çalarlarından
xəbərsiz olduqları üçün aylarla öz "köçlərini" gömrükdən keçirə bilmirlər"
Norveçin tanınmış «Daqbladet» qəzetində «Nadir məktəbə getmir, amma əvəzində pul
verir» başlığı ilə məqalə dərc edilib. Məqalənin tərcüməsini diqqətinizə
çatdırırıq.
O, pulu stolun üstünə qoydu
O, məktəbə getməkdən boyun qaçırır. Bu, Nadirə 500 dollara başa gəlib. Təhsil
haqqında şəhadətnamə qutudadır. Azərbaycanda bu səbəbdən xeyli şagird təhsil
almır. Müəllimlərsə az rüşvətə qane olmurlar.
Nadirin 18 yaşı var və orta məktəbin axırıncı sinfində oxuyur. İdmanla məşğul
olmaq istəyir.
Biz onunla axşamüstü, dünyanın ən çox korrupsiyalaşmış ölkəsi olan Azərbaycanda,
paytaxt Bakıda görüşdük. O, gələcəkdə İdman Akademiyasında oxumaq istəyir, amma
bundan ötrü bilik toplamır. Deyir ki, müəllimlər məktəbdə ondan pul istəyir, o
da pulu verir. «Bu bir sirrdi, amma mən 500 dollar rüşvət vermişəm. 1 il məktəbə
getməyəcəm».
Nadir orta məktəbi gələn il bitirəcək, ali məktəbə qəbul olunmaq üçün ona lazım
olan attesstatı da 1 il məktəbdə getməyə-getməyə alacaq.
O, pəncərələri yuyur və kassada işləyir
23 yaşlı Anjela ixtisasca müəllimədir, amma dükanda işləyir. Deyir ki,
arzuladığı işə düzəlmək üçün 2000-3000 dollar rüşvət lazımdır. Burda hər şeyi
pulla almaq olar. İşə düzəlmək üçün də pul verməlisən.
Anjela pıçıldayır: «Bu yaxınlarda yaman əsəbiləşmişdim, axı mən müəllimə işləmək
istəyirəm. Heç də hər şey adamın istədiyi kimi getmir».
Universitetdə də Anjela eyni problemi yaşayır. Müəllimlər pul istəyir.
Valideynlər də bu pulu verməyə məcburdur. Anjela deyir: «Nə qədər savadlı olsan
da, yaxşı oxusan da, imtahanda pul istəyirlər. Pul verməsən, aşağı qiymət
alacaqsan. Sənin heç bir biliyin olmasa da, əlaçı tələbəyə çevrilə bilərsən».
Tərif:
Korrupsioner - bir-biri ilə yarışa girmiş qrupların birindən hədiyyə qəbul edən
və ya imtiyaz qazanan və bunun müqabilində yarışda həmin qrupa üstünlük verən
adama deyilir.
Korrupsiyanın düzgün lüğəti tərifi o qədər də işlək deyil. Çünki əslində o,
ictimaiyyətin bütün sahələrinə nüfuz edib. Belə cəmiyyətlərdə təkcə yuxarıda
oturanlar deyil, aşağı təbəqələr də korrupsiyaya qurşanır.
Bu cür cəmiyyətlərdə korrupsiya ictimaiyyətin dərk elədiyi mövzudur və aşağı
pillələrdə dayananlar üçün rüşvət sadəcə əldə oluna biləcək bir məvacibdir.
Bakıda buna korrupsiya kimi baxmırlar, çünki bu, insanların mentalitetinə hopub.
Azərbaycanda korrupsiya ilə rüşvət arasında fərq qoyurlar. Rüşvəti hörmət
adlandırır və çox vaxt burda heç bir qəbahət görmürlər. Con Petter Feidan deyir:
«Bütün ölkə piramida kimidir».
Feidan Azərbaycanda az qala 9 ildir yaşayır - arvad-uşağı ilə birgə. Onu bu
ölkəyə bağlayan Normisyon təşkilatındakı layihə-koordinator vəzifəsidir.
Feidan deyir: «Getdikcə vəziyyət daha da pisləşir. Sən hər şeyə rüşvət verməli
olursan. Əgər işləyirsənsə, onda müdir sənin maaşının yarısını özünə
götürməlidir. Əks halda işini itirəcəksən. Xəstəxanaya düşsən, ailən həkimlərə
pul verməlidir ki, onlar sənə yemək versinlər və səni müalicə etsinlər. Sən hər
imtahana görə pul verməlisən. Məktəbə gedə bilmirsənsə, onda yenə pul
verməlisən. Tələbələrin çoxu təhsil ala bilmir, çünki müəllimləri rüşvət az
olduğuna görə dərs keçmək istəmir. Uşaq doğulanda rüşvət verməlisən, uşağı
görmək isətəyəndə səndən yenə rüşvət alırlar».
Feidan çürümüş cəmiyyət haqqında saatlarla danışa bilər. O deyir ki, insanlar
polislə görüşəndə əllərində pul tutmalıdırlar. Əks halda saatlarla mübahisə
etməli olacaqsan. Çek yoxdur, yəni polis pulun əvəzində sənə çek verməyəcək.
Bu yaxınlarda sürət həddini keçən sürücülər üçün müəyyənləşdirilmiş dövlət
cəriməsinin cədvəli internet səhifəsindən çıxarılıb. Bu sahədə rəsmi cərimə
məbləğini göstərmək onlara sərf etmir, çünki polis həmişə çox istəyir. Feidan
özü heç də bu çirkli biznesə bulaşmayıb.
Məqalədə daha sonra Azərbaycanda keçirilən parlament seçkilərindən danışılır.
«Seçkilər əlbəttə ki, saxtalaşdırılıb. ATƏT seçkinin nəticələrini bəyənmir.
Norveç müşahidəçiləri seçki bülletenlərinin əllərdə dolaşdığını, saxtakarlığı
müşahidə etdiklərini deyirlər.
İmkanlı namizədlər seçkidən əvvəl yollara asfalt saldırıb, evləri təmir
etdiriblər. 50-ci illərdə tikilmiş uçuq-sökük evlərin təmir olunduğunu seçkidən
qabaq nadir hallarda görmək mümkün idi.
Təbii ki, saxtakarlıqda, yuxarıdan aşağı əmrlərdə hakimiyyətin məqsədi
dairələrin böyük əksəriyyətində qalib gəlmək olub. Seçki komissiyalarının
üzvləri ya yerli hakimiyyətdəki iş yerlərini qorumaq, ya yaxşı vəzifəyə keçmək,
ya da qorxduqları üçün saxtakarlıq ediblər. ATƏT-in səfiri Maurisio Pavesi
deyir: «Azərbaycan rüşvətxorluğun səviyyəsinə görə Ginessin rekordlar kitabına
düşür».
Nərdivanın aşağı pillələrində dayananlar da bu rüşvətdən pay götürür. Burda sən
işıq pulu yığana rüşvət verirsən ki, işığa olan borcunu az məbləğdə
rəsmiləşdirsin.
Bura gələn saysız-hesabsız norveçlilər korrupsiyanın mürəkkəb çalarlarından
xəbərsiz olduqları üçün aylarla öz «köçlərini» gömrükdən keçirə bilmirlər.
Rüşvət verməsən, heç keçirə bilməyəcəksən də. Gömrüyün rəhbəri ölkədə ən zəngin
adamlardan biridir.
Bir norveçli deyir ki, yol polisləri işıqforu elə düzəldiblər ki, sən
istər-istəməz sarı işıqdan keçirsən. Azərbaycan qanunlarına görə sarı işıqdan
keçmək qadağandır, qırmızıdan keçmək kimidir. Əgər sarı işıqdan keçmisənsə, pul
verməlisən. Amma sən o pul üçün çek istəsən, ola bilər ki, yol polisi səni
buraxacaq.
Narıncı rəng
Bu, Azərbaycanda yaşayan norveçli üçün çox müəmmalı rəngdir. O öz kafesindən
azarkeşi olduğu futbol komandasının bayrağını asmışıdı, amma bayrağı cırıb
atmışdılar. Sən demə, bayraq narıncı rəngdəymiş. Hakimiyyətdə olanlar inqilabdan
ehtiyatlanırlar. Müxalifət isə Ukrayna inqilabının simvolu olan narıncı rəngi
özünə rəmz seçib.
Müəssisələrdən bir ölkəyə paltar gətirəndə problemlə üzləşib. Gətirdiyi
paltarlar narıncı rəngdə olub və rüşvət verilmədiyinə görə malı gömrükdə iki ay
saxlayıblar.
İnsanalar öz aralarında olan münaqişələri adətən ağsaqqal çağırmaq, üzr istəmək
və ya başqa yollarla həll etməyə çalışırlar, çünki hakimiyyətdə olanlar baş
vermiş hadisədən xəbər tutsa, iş polisin əlinə keçsə, pul vermək lazım gələcək.
Verməsələr, cəzalanacaqlar.
Milyonçular
Skandinaviya ölkələrindən olan bir iş adamı deyir ki, onu iki bank hesabı açmağa
məcbur ediblər. O, lazım olan malları, lisenziyanı və qalan şeyləri rüşvətsiz
əldə edə bilmir. O deyir: «Bir adam işdən çıxarılanda imkanlı dostu gəlib
minlərlə dollar pul ödəməlidir ki, məsələnin üstündən keçsinlər. Çox çətindir».
Bu iş adamı 250 min dollarlıq rüşvətdən danışır.
Yol polisi idarəsinə rüşvət verməsən, avtomobili leqallaşdırmaq mümkün deyil.
Viza kartının Azərbaycanda gələcəyi yoxdur, çünki sən kartla ödəniş etdikdə pul
qeydiyyatdan keçəcək və 18 faiz vergi ödəməli olacaqsan. Ölkəyə gələn turistlər
bu halla çox üzləşirlər. Onlar otel pulunu kartla ödəmək istəyəndə qiymətlər
qəfil qalxır.
Rüşvət verməmək populyar deyil, çünki bu halda rüşvət axını piramidanın içində
həmin nöqtədəcə dayana və piramida çökə bilər. Petter Feidan deyir: «Amma
istisnaların olduğunu da qeyd etmək vacibdir. Kasıbdan da kasıb yaşayan xeyli
məşhur müəllim və professor var. Onların yemək almağa pulu güclə çatır, çünki
rüşvət almırlar. Onların işdən çıxarılmamalarına yeganə səbəb isə məşhur
adlarıdır».
Amma rüşvətsiz də işləmək mümkündür - «Stataoyl» kimi. Azərbaycan nefti
Bakı-Tbilisi-Ceyhan layihəsinə uyğun olaraq artıq Türkiyə sərhədinə çatıb. Gələn
il neft Ceyhana çatacaq. Pullar dövlət büdcəsinə axacaq. Nefti rüşvətsiz Ceyhana
necə çatdırmaq olar?
«Statoyl» boynuna alır ki, işində problemlər var, amma hələ ki, işlər yaxşı
gedir. «Biz kifayət qədər böyük təşkilatıq, ona görə də rüşvətə yox deyə
bilərik. Yüksək vəzifədə oturanlar görur ki, balaca balıqlara pul israf etməyin
mənası yoxdur. Prezident Əliyev həmişə deyir ki, Azərbaycan üçün əsas şərt özünə
sərfəli investisiya imicini qoruyub saxlamaqdır».
Şirkət hələ də korrupsiya ilə üzləşir. Onlar hər dəfə işə adam götürəndə sənəd
verənləri imtahandan keçirirlər. Hər dəfə də «Statoyl» pulla alınmış diplomları
və iş təcrübəsini təsdiqləyən saxta sənədləri ifşa edir.
Azərbaycanda dördüncü hakimiyyət olmalıydı
Əlbəttə ki, ölkədə məhkəmə sistemi korrupsiyalaşıb və medianı da almaq olar.
Artıq jurnalistlərin «black mail»lə («reketçiliklə»-M.F) məşğul olmalarına dair
çoxlu misallar var. Onlar hər hansı bir adamı haqqında yazdıqları məqalə ilə
qorxudur və bu qorxunun müqabilində həmin adamdan pul qoparırlar.
Camaat buna etiraz etmir. Onlar yuxarıda oturanlara etiraz edirlər. ABŞ-ın
ölkədəki səfiri qəzetə deyb: «Biz burda insanlar arasında sorğu keçirdik.
Soruşduq ki, onlar üçün nə vacibdir. Onlar rüşvətin vacib olduğunu dedilər».