İsa Qəmbər Türkiyənin “SKY türk” telekanalının qonağı olub

“Biz iqtidara gələndə Azərbaycan neftindən gələn gəlirlər hesabına hər il hər bir Azərbaycanlı ailəsinə 1 milyon manat vəsait ayrılacaq” Bu sözləri Türkiyəyə işgüzar səfərə getmiş Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün həmin ölkənin “SKY türk” telekanalında yayınlanan “Qaynar xətt” verilişinin qonağı olarkən deyib. İ. Qəmbər daha sonra bildirib ki, Azərbaycan zəngin qaz və neft kimi təbii sərvətləri olan bir ölkədir. Lakin yüz ildən artıqdır ki, burada neft çıxmasına baxmayaraq , neftin pulundan xalq heç bir xeyir görmür. İqtidara gəldikdən sonra əhalinin bütün təbəqələri üzrə maaşların artırılacağını deyən Müsavat başqanı müəllimlərin, həkimlərin, polis işçilərinin əmək haqlarının 450-500 dollara qaldırılacağını söyləyib. “Azərbaycanda 1 milyondan artıq pensiyaçı var, onların da maaşını 100 dollara çatdırmaq niyyətindəyik”- deyə o, fikrini tamamlayıb.

“Azadlıq” bloku Azərbaycanda qarşıdan gələn parlament seçkilərində qələbə qazanmağa ən çox şansı olan seçki blokudur və bu qələbəni qazanmaqda israrlıdır. Blokda ölkənin 3 aparıcı siyasi partiyaları- Müsavat, AXCP və ADP təmsil olunur. “Azadlıq” bloku hakimiyyətə kreslo davası üçün iddia etmir. “Azadlıq bloku cəmiyyətdə böyük nüfuza malik olan bir blok kimi ölkədə tüğyan edən işsizlik, rüşvətxorluqla mübarizə aparmaq, müstəqil dövlətimizin ərazi bütövlüyünü təmin etmək üçün hakimiyyətin xalqın iradəsi ilə formalaşmasını istəyir.”-deyə İ. Qəmbər “SKY türk” telekanalına müsahibəsində bildirib.

“Son illər dünyada baş verən olaylar göstərdi ki, azad, demokratik cəmiyyətlərin olmadığı dövlətlərdə sabitlik faktoru müvəqqəti xarakter daşıyır”. “SKY türk” telekanalının müxbiri ilə müsahibəsi zamanı bu sözləri söyləyən Müsavat başqanı beynəlxalq təşkilatların, Qərbin Azərbaycandan azad və ədalətli seçki istəməsini normal qarşıladığını bildirib. O, ABŞ Dövlət katibi K. Raysın bu yaxınlarda Misirdə səfərdə olarkən söylədiyi fikirlərə istinad edib. K.Rays Qahirədə demişdi ki, biz uzun illər Orta Şərqdə sabitliyi demokratiyanın qarantı hesab etmişik. Əvəzində bölgədə nə sabitliyə, nə də demokratiyaya nail ola bildik . İndi artıq ABŞ-ın Orta Şərqə yönəlik siyasətində köklü dəyişiklik yaranıb. Bu bölgəyə demokratiya gəlməlidir. Müsavat başqanı bu yanaşmanın həm Qərbin, həm də Orta Şərqin maraqlarına uyğun gəldiyini, dünyada təhlükəsizliyin möhkəmləndirilməsi, terrora qarşı mübarizənin gücləndirilməsi baxımından faydalı olduğunu bildirib.

Müsavat partiyasının mətbuat xidməti, 08 sentyabr 2005-ci il