Əvəz
Temirxan azadlığa buraxılıb
«Azadlıq» bloku və Milli Birlik Hərəkatının noyabrın 26-da keçirdiyi mitinq
zamanı 15 gün müddətinə həbs olunmuş Liberal partiyasının sədr əvəzi Əvəz
Temirxan azadlığa buraxılıb
Əvəz Temirxanın sözlərinə görə, aksiya vaxtı ciddi xəsarət aldığından, Nərimanov
rayon Polis İdarəsinin təcridxanasından çıxan kimi böyrəyindəki ağrılarla bağlı
həkimə yollanıb və analiz verib. Amma o, polis idarəsində fiziki təzyiqlə
üzləşmədiyini bildirir.
Əvəz Temirxanın səhhətindəki ağrılarla bağlı təmsil olunduğu partiya bəyanat
verərək ona ilkin tibbi yardım göstərilmədiyini bildirmiş və onun azadlığa
buraxılmasını tələb etmişdi.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov noyabrın 26-da
aksiya iştirakçılarının, o cümlədən Əvəz Temirxanın döyülməsini şərh etmək
istəməmiş, yalnız bunu demişdi ki, həmin gün 46 nəfər polis əməkdaşı da müxtəlif
dərəcəli bədən xəsarəti alıb.
Əvəz Temirxan polisə tabe olmadığına və müqavimət göstərdiyinə görə 15 sutka
azadlıqdan məhrum olunmuşdu.
«Azadlıq» blokunun verdiyi məlumata görə, noyabrın 26-da 40-dan artıq insan
saxlanılıb və 30 nəfərə inzibati cəza verilib. 300 nəfər isə müxtəlif dərəcəli
bədən xəsarəti alıb.
"Azadlıq" radiosu, 12.12.2005, Şahnaz Bəylərqızı