İsa Qəmbər spiker olduğu bir ildə nə edib?
12 il bundan öncəki istefaya sözardı
Yaxınlaşıb dedim ki, ondan müsahibə götürmək istəyirəm. Hansı qəzetdən olduğumu
soruşmadı. Bir az fikirləşib bunun üçün müsaid olduğu günü və saatı
dəqiqləşdirdi. Sonra yanında dayanmış Aqşin Babayevə “Başqa müraciətlər də
varsa, siyahısını tutub mənə məruzə edin, onlar üçün də vaxt müəyyənləşdirək”
dedi. Onda İsa Qəmbər Milli Məclisin spikeri, ölkənin ikinci şəxsiydi.
Demokratların hakimiyyət dönəmini indiki rejimin vəhşi üsul-idarəsindən
fərqləndirən vacib məqamlardan biridi bu - ozamankı iqtidar nümayəndələrinin
jurnalistlərə sayğısı və deməli, onların mətbuat və cəmiyyət qarşısında
hesabatlılığı. 12 ildi ki, biz tam əks münasibətlə üz-üzəyik deyə o sivil
hökumətdəki o hörmətli günlərimizi nostaljiylə xatırlamamaq olmur.
12 il bundan əvvəlki 13 iyunda həmin postdan istefa vermiş İsa bəyi və onun
rəhbərlik etdiyi parlamenti indiki spiker Murtuz Ələsgərovdan və söyüş-məkr
yuvası YAPlamentdən fərqləndirən cəhətlər əslində çoxdu, amma mən diqqətinizi
bircə məqama yönəltmək istəyirəm - o parlamentin vur-tut bircə ildə müzakirə və
qəbul etdiyi qərarlara və həm də hamısına yox, bir hissəsinə. Onları bütün 12
ilin müzakirə və qərarlarıyla müqayisə edin. Azərbaycanın inkişafı yolunda
itirdiyimiz şansa görə həm ölkəmiz, həm də şəxsiniz adına təəssüflənəcəksiz.
Beləliklə, İsa Qəmbərin spiker olduğu həmin bir ildə Milli Məclis
Milli Ordu quruculuğu sahəsində
- “Hərbi qulluqçuların statusu haqqında”,
- “Silahlı Qüvvələr haqqında” və
- “Hərbi tribunallar haqqında” qanunları təkmilləşdirib;
- orden və medallarımızı təsis edib;
- hərbi qulluqçuların pensiya təminatını yaxşılaşdırıb;
- Dövlət Müdafiə Komitəsinin məlumatlarını vaxtaşırı müzakirə edib;
Qarabağ münaqişəsi sahəsində
- Kəlbəcərin işğalının araşdırılmasıyla bağlı deputat komissiyası yaradıb;
- bu işğala şərait yaradan səbəblər haqqında qərar çıxarıb;
- Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə BMT-in baş katibinə
müraciət edib;
- Avropa parlamentinə, o cümlədən ayrı-ayrılıqda bütün ölkələrin
parlamentlərinə, ATƏT-ə və BMT-yə müraciət ünvanlayıb;
- Xocalı soyqırımının istintaqı üzrə baş prokurorun məlumatlarını müzakirə edib;
- Ermənilərin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törətdiyi soyqırımının
istintaqı üzrə deputat komissiyasının hesabatını müzakirə edib;
- ABŞ Senatına və Konqresinə müraciətlər ünvanlayıb;
- Azərbaycan-Ermənistan danışıqları barədə parlament nümayəndə heyətinin
bəyanatı müzakirə və qəbul edib;
- Ermənistan parlamentinin dövlətlərarası əlaqələr üzrə beynəlxalq prinsip və
normaları pozması haqqında bəyanat qəbul edib;
Dövlət quruculuğu sahəsində
- dövlət himninin və gerbinin əsasnaməsi təsdiq edib;
- “Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında” qanunu təkmilləşdirib;
- Dini mənsubiyyət azadlığını təsbit edib;
- “Partiyalar haqqında” qanunu təkmilləşdirib;
- Nazirlər kabinetinin strukturunu müəyyənləşdirib;
- “İctimai birliklər haqqında”,
- “Büdcə sistemi haqqında” və
- “Vətəndaşların soyadalarının dövlət dilinə uyğunlaşdırılması haqqında”
qanunlarını qəbul edib;
- sürgün cəzasını Cinayət Məcəlləsindən çıxarıb;
- xaricdə yaşayan azərbaycanlılara müraciət qəbul edib;
- qaçqınlarla və xaricdə yaşayan azərbaycanlılarla iş üzrə daimi parlament
komissiyasını yaradıb;
- “Naxçıvan Muxtar Respublikasında yaranmış vəziyyət haqqında” qərar qəbul edib.
- Azərbaycanın “Qadınların siyasi hüquqları haqda” Konvensiyaya,
- “Uşaq hüquqları haqqında” BMT Konvensiyasına və
- “Siyasi və mülki hüquqlar haqqında” beynəlxalq pakta qoşulması haqda qərar
çıxarıb.
- dövlətin və vətəndaşların təhlükəsizliyi baxımından şəxsi mülkiyyətə
verilməyən əmlak növlərini müəyyənlədirib;
- “Vətəndaş kodeksi”ni təkmilləşdirib;
Torpaq islahatları sahəsində
- torpaq kodeksini və
- bir sıra torpaq aktlarını təkmilləşdirib;
- “Torpaq vergisi haqqında” qanun qəbul edib;
Sosial təminat sahəsində
- minimum əmək haqqınıı artırılması,
- “Sosial sığorta və məşğulluq fondlarına ayrmalar haqqında” qanunun
təkmilləşdirilməsi,
- Çernobıl əlillərinin statusu və sosial müdafiəsi;
- istehlakçıların hüquqlarının müdafiəsi,
- qaçqın və məcburi köçkünlər üçün vergi güzəştlərinin tədbiqi haqqında qərarlar
çıxarıb;
- “Vətəndaşların pensiya təminatı haqqında” qanun qəbul edib;
- mənzil fondunun özəlləşdirimləsi,
- təminatın qarantiyası,
- sanitar-epidemioloji təminat,
- əlillərin sosial təminatı, reabilitasiyası və əlilliyin profilaktikası,
- əhalinin çörək məhsullarıyla təmin edilməsi haqqında haqqında qərarlar verib;
- Beynəlxalq Əmək Təşkilatının “İnkişaf etməkdə olan ölkələrin təcrübəsi nəzərə
alınaraq minimum əmək haqqının müəyyənləşdirilməsi haqqında” və
- “Məşğulluq xidmətinin yaradılması haqqında” konvensiyalarına Azərbaycanın
qoşulması,
- istehlak səbətinin və minimum istehlak büdcəsinin təsdiqi,
- büdcə təşkilatlarında çalışanlar üçün əməkhaqqı hesablanması qaydalarının
təkmilləşdirilməsi,
- prokurorluq işçilərinin maaşı və
- ixtisas dərəcələrindən asılı olaraq hakimlərə əlavə ödənişlərin verilməsi
haqqında qərarlar çıxarıb;
-"Sığorta haqqında" və
- “Əlillərin sosial müdafiəsi” haqqında qanunlar qəbul edib;
Təhsil sahəsində
- “Təhsil haqqında” qanun qəbul edib;
- “Ödənişli təhsil məzuniyyətləri haqqında” Beynəlxalq Əmək Təşkilatının
Konvensiyasına Azərbaycanın qoşulması və
- aspirantların sosial müdafiəsinin gücləndirilməsi haqqında qərarlar qəbul
edib;
Xarici münasibətlər sahəsində
- Azərbaycan və Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı
təhlükəsizlik müqaviləsinin və,
- Rusiya və Azərbaycan arasında hüquqi yardım müqaviləsinin, ratifikasiya
edilməsi haqqında qərar çıxarıb.
- ABŞ-da,
- Böyük Britaniyada,
- Şimali İrlandiyada,
- Fransada,
- Təbrizdə,
- Gürcüstanda,
- Misirdə,
- Pakistanda,
- Səudiyyə Ərəbistanı Krallığında və
- Ukraynada Azərbaycan səfirliyinin açılması,
- Azərbaycanın müstəqilliyinin Slovakiya və Çexiya respublikaları tərəfindən
tanınması,
- Moskvada və Tatarstanda Azərbaycanın Ticarət nümayəndəliyinin açılması
haqqında,
- MDB haqqında razılaşma və
- Rusiya ilə ikitərəfli danışıqlar barədə qərarlar çıxarıb;
- Xarici borclar haqqında;
- BVF, Avropa Yenidənqurma və İnkişaf Bankının konvensiya və razılaşmalarının
Azərbaycanda tədbiqi qaydaları,
- Keçmiş SSRİ-nin borclarında Azərbaycanın payı barədə qərarlar verib;
- Azərbaycanın “Uşaqların yaşaması, müdafiəsi və inkişafı” haqqında beynəlxalq
deklorasiyaya,
- 12 avqust 1949-cu il tarixli “Müharibə qurbanlarının müdafiəsi haqqında” adlı
Cenevrə konvensiyasına,
- “Nüvə silahlarının yayılmaması haqqında müqaviləyə,
- “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması barədə” beynəlxalq
Konvensiyaya qoşulması barədə qərarlar çıxarıb;
- Bosniya və Hersoqovinadakı hadisələrə münasibət bildirib;
Sahibkarlıq sahəsində
- “Sahibkarlıq fəaliyyəti haqqında”,
- “Antiinhisar fəaliyyət haqqında” və
- “Dövlət nəqliyyat vasitələrinin özəlləşdirilməsi haqqında” qanunlarını qəbul
edib.
- “Sahibkarlığın inkişafında dövlət siyasətinin əsas istiqamətləri” və
- “Sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət proqramı” sənədlərini təsdiq
edib;
- Sahibkarlıq fəaliyyətinin gəlir dərəcələri üzrə qruplaşdırılması,
- “Arenda haqqında” qanunun təkmilləşdirilməsi,
- antiinhisar fəaliyyəti və
- qeyri-qanuni rəqabətin aradan qaldırılması barədə qərarlar çıxarıb,
- “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” dövlət proqramını müzakirə
edib;
- uşaq mətbuatının dövlət tərəfindən maliyyələşdiriliməsi haqqında qərar
çıxarıb;
Ekologiya sahəsində
- Təbiətin Mühafizəsi üzrə Dövlət Komitəsinin hesabatlarını,
- Lənkəran-Astara zonasında Xəzərin qalxması nəticəsində yaranmış ağır vəziyyət
barədə deputat qrupunun məlumatlarını müzakirə edib.
Vergilər
- “Əlavə dəyər vergisi haqqında” qanunun təkmilləşdirilməsi,
- bəzi məhsullar üçün aksiz dərəcələrinin dəyişdirilməsi haqda qərarlar verib;
- “Əlavə dəyər vergisi haqqında” qanun qəbul edib;
Maliyyə-kredit qanunvericiliyi sahəsində
- 1993-cü ildə pul-kredit siyasətinin əsas istiqamətləri,
- pul gəlirlərinin və əmanətlərin indeksasiyası,
- əmlak birjaları və
- Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf bankına üzv olması haqqında
qərarlar çıxarıb;
- “Qiymətli kağızlar və fond birjaları haqqında” qanun qəbul edib;
Bank qanunvericiliyi
- Milli Bankda yoxlama aparmaq üçün auditor komissiyasının təyin edilməsi
haqqında qərar verib;
- Milli Bankın hesabatını və Milli Bankdakı auditor yoxlamasının nəticələrini
müzakirə edib;
- Milli Bankın Nizamnaməsini təsdiq edib.
Yəqin xatırlayırsız - 1992-ci ilin hakimiyyət dəyişikliyi günlərində İsa Qəmbər
bir müddət prezident səlahiyyətlərini də icra edib. Həmin ərəfədə o, həm də bu
statusda bir çox sənədlərə imza atıb və bir aylıq prezidentlik fürsətində onun
ilk olaraq nəyə önəm verdiyini, zənnimcə, siz də xatırlamaq istərdiz. Qeyd edim
ki, bunlar İsa Qəmbərin həmin müddətdə verdiyi fərmanların hamısı deyil.
Prezident fərmanları
- pensiyaların artırılması;
- hərbi qulluqçulara “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi;
- hərbiçilərin və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi
haqqında
- mülki müdafiə;
- orduda intizamın möhkəmləndirilməsi haqqında;
- Milli Məclisdə müdafiə məsələləri üzrə deputat komissiyasının yaradılması;
- DİN strukturlarının təkmilləşdirilməsi haqqında;
- DİN əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi;
- Polis Akademiyasının yaradılması;
- dövlət vergi xidmətinin statusu;
- dövlət müəssisələrində əmlakın sığortası;
- iqtisadi cinayətlərə və sobataja qarşı mübarizə üsulları;
- “Əməkdar təbiəti mühafizə işçisi” adının verilməsi;
- Almaniyada Azərbaycan səfirliyinin açılması;
- xarici siyasi əlaqələr üzrə dövlət katibi postunun təsis edilməsi;
- xarici iqtisadi əlaqələr üzrə dövlət fəaliyyətinin yaxşılaşdırılması;
- Xarici İqtisadi Əlaqələr Nazirliyinin yaradılması haqqında.
Ümid edirəm, həm qəbul edilmiş qanunların, həm də müzakirə edilmiş problemlərin
ciddiliyinə diqqət yetirdiz. Ötən əsrdən bəri elə hey demokratların
səriştəsizliyindən danışan əliyevçilər hakimiyyətdə olduqları bütün 12 il boyu o
bir ayda və bir ildə görülmüş işlərin heç olmasa yarısını davam etdirsəydilər,
Azərbaycan belə rəzil vəziyyətə düşməzdi. Amma onlara münasibətdə hətta şərtli
xəyallar qurmaq da səfehlik olardı - o fonda ki, bunlar parlamentdə indiyə qədər
nə Qarabağ münaqişəsiylə bağlı komissiya yaradıblar, nə Xocalı soyqırımına
qiymət veriblər, nə də fakt-filan araşdırıblar. Ki, görək - 4 iyun qiyamından
sonra 6 rayonumuzun işğalına kimlər və necə səbəb oldular...
ALYA, 13.06.2005, Yeni Müsavat