“MİLLİ MƏCLİS ƏLİYEVLƏR AİLƏSİNİN ŞƏXSİ MÜLKİYYƏTİ DEYİL”

Hakimiyyəti qəsb etmiş tayfa Azərbaycan üçün heç bir iş görməyib”

Az TV və İctimai Televiziyada deputatlığa namizədlər üçün pulsuz efir vaxtının ayrılmasına start verildi. “Azadlıq” blokunun təsisçilərindən olan Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli dünən blokun adından ilk çıxışı etdilər.

İsa Qəmbərin çıxışının tam mətnini oxucuların diqqətinə çatdırırıq.

Hörmətli tamaşaçılar, hörmətli seçicilər, əziz bacılarım və qardaşlarım!

İki illik fasilədən sonra yenə də bu xalqın hesabına sərvət toplayan, xalqı, Azərbaycanımızın sərvətlərini qarət edən bu hakimiyyət demokratik qüvvələrə dövlət televiziyasında görünmək imkanı yaratdı. 4 dəqiqə ərzində sizə 2 ildə demək istədiyimiz sözləri demək məcburiyyətindəyik.

Hər şeydən əvvəl 2003-cü ilin prezident seçkilərində mənə səs vermiş milyonlarla seçicilərə, sizlərə təşəkkürümü bildirmək istəyirəm. Həmin günlərdə seçki kampaniyasında fədakarlıqla iştirak edən insanlara - qardaşlarımıza, bacılarımıza təşəkkürümü bildirirəm. Hakimiyyətin zorakılığı, repressiyaları nəticəsində həmin günlərdə dünyasını dəyişənlərə Allah rəhmət eləsin deyirəm, onların yaxınlarına başsağlığı verirəm. Onların ruhu qarşısında baş əyirəm. Hakimiyyətin repressiyaları zamanı zədələnən, şikəst olan yüzlərlə bacılarımıza, qardaşlarımıza keçmiş olsun deyirəm, onların fədakarlığı qarşısında baş əyirəm.

Biz 2003-cü ilin prezident seçkilərində qalib gəldik. Lakin bizim qələbəmizi oğurladılar. Bu gün yaxşı raportlar verirlər, özlərini tərifləməklə məşğuldurlar. Ancaq son iki il ərzində bu adamlar neyləyiblər? Hakimiyyəti qəsb etmiş Əliyev tayfası Azərbaycan üçün nə edib? Ola bilər ki, bir neçə müəssisə, 5-10 iş yeri açıblar, bəzi xırda-para problemləri həll ediblər. Ancaq Azərbaycanımızın hansı köklü problemi bu iki il ərzində həll olunub? İşğal olunmuş torpaqlarımızı azad edə bilmişikmi? Heç olmasa, bu azadlığa - torpaqlarımızın azadlığına bir addım yaxınlaşa bilmişikmi? Azərbaycanı işsizlikdən, yoxsulluqdan, pulsuzluqdan tərk edib gedən milyonlarla soydaşlarımızın ən azı bir hissəsini ölkəmizə geri qaytara bilmişikmi? Ölkəmizdə işsizliyi aradan qaldıra bilmişikmi? İşləyənlərin maaşlarını artıra bilmişikmi? Yox! Bu işlərin heç biri edilməyib və nə qədər ki, bu hakimiyyət iş başındadır, edilməyəcək. Çünki bu hakimiyyəti yalnız özləri, cibləri maraqlandırır, bu insanlar yalnız özlərini düşünürlər, sizləri düşünmürlər.

Biz parlament seçkilərinə çox ciddi hazırlaşmışıq. Bu, Azərbaycanımız üçün çox böyük bir şansdır. Hesab edirəm ki, bu il Azərbaycanda demokratik dəyişikliklərə başlamaq üçün real imkanlar var. Çünki xalqımız həmişəkindən daha artıq dərəcədə vəziyyəti başa düşür, dərk edir, qiymətləndirir. Biz demokratik qüvvələr son dövrlərin təcrübəsini, o cümlədən 2003-cü ilin təcrübəsini də bir daha təhlil etmişik. Müəyyən səhvlərimizi də başa düşürük və təbii ki, bu səhvlərə yol verməyəcəyik. Biz bu il Azərbaycanın öndə gələn üç partiyasının - Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyasının ittifaqını yaratmışıq. Seçkilərdə “Azadlıq” bloku şəklində iştirak edirik. Bu gün də mən sizə “Azadlıq” bloku adından - Rəsul Quliyevin, Əli Kərimlinin adından, partiyalarımızda birləşmiş onminlərlə fədakar insanların adından müraciət edirəm. Bizim blokda yalnız partiya nümayəndələri deyil, ölkəmizin ən tanınan, sevilən ziyalıları, fədakar insanları da yer alıblar. Məsələn, sevimli şairimiz Ramiz Rövşən, bəstəkarımız Cavanşir Quliyev, hamımızın sevdiyimiz Flora xanım, görkəmli alimimiz Midhət Abbasov və başqa dəyərli ziyalılar da bu gün bizim namizədlər siyahısındadır. Onların da sizə söz demək imkanı olacaq.

Biz sizi “Azadlıq” blokuna səs verməyə çağırırıq. Bu parlament, Milli Məclis Əliyevlər ailəsinin şəxsi mülkiyyəti deyil. Azərbaycan Əliyevlərin şəxsi mülkiyyəti deyil. Azərbaycan Azərbaycan xalqınındır, sizlərindir, hər birinizindir, hər birimizindir.

Vətənimizə sahib çıxmalıyıq.
Haqqımıza sahib çıxmalıyıq.
Sizin iradənizlə, sizin səsinizlə hakimiyyət formalaşsa, Azərbaycanımızın bütün problemlərini həll etmək mümkün olacaq.
Tanrı Azərbaycanımızı qorusun!

İsa Qəmbər, 12.05.2005, Bakı, AzTV

Yeni Müsavat, 13.09.2005