Parlament seçkilərindən sonra rejim müxalifətə qarşı təzyiqlərini gücləndirib

Bu hal özünü bölgələrdə daha qabarıq şəkildə biruzə verir. Müsavatın Lənkəran rayon təşkilatından aldığımız məlumata görə, rayon rəhbərliyi təşkilatı yerləşdiyi qərargahdan çıxarmaq istəyir. Bu özbaşınalığın qarşısını almaq üçün təşkilat sədri Yadigar Sadıqov Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi M. Lindberqə, ATƏT-in Bakı ofisinin rəhbəri M. Pavesiyə məktubla müraciət edib. Müraciətdə bildirilir ki, Müsavat Partiyası Lənkəran rayon təşkilatının mənzil- qərargahı 12 ildir Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin 10 saylı Zona şöbəsinin balansında olan otaqda yerləşir. Artıq bir neçə ildir ki, şöbə rəhbərliyi müqavilə müddətini uzatmaqdan imtina edir. Bu isə qeyri-müəyyənliyin yaranmasına, təşkilatın sərbəst və ardıcıl fəaliyyət göstərməsinə mane olur. Müraciətdə bildirilidiyinə görə, parlament seçkiləri zamanı təşkilatın apardığı seçki kampaniyasından ciddi narahatlıq keçirən rayon rəhbərliyi “bu şəkildə fəaliyyətiniz seçkidən sonra qərargahdan çıxarılmağınızla nəticələnəcək”- deyə dəfələrlə onlara xəbərdarlıq edib. Seçkidən sonra yerli hakimiyyətin göstərişini yerinə yetirən Zona şöbəsinin müdiri E. Hüseynov təşkilata məktubla müraciət edərək “otaq çatışmazlığı” bəhanəsi ilə mənzil-qərargahın boşaldılmasını tələb edib.

Müraciətdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Z. Nağdəliyevin müxalifət partiyalarına qarşı bu addımının birinci olmadığı vurğulanır və qeyd edilir ki, bu günə kimi artıq AMİP, Ədalət, AXCP-nin yerli təşkilatları qanunsuz olaraq qərargahlardan məhrum olunublar. Lənkəranda Müsavat Partiyasının yerli təşkilatı dövlət hesabına qərargahla təmin edilmiş hələlik yeganə təşkilat olaraq qalır.

Müraciətin sonunda sözügedən qurumlardan nüfuz və səlahiyyətlərindən istifadə edərək təşkilatın qərargahdan məhrum olunmasının qarşısını almaqdan ötrü mümkün addımların atılması istənilir.

Qeyd edək ki, analoji müraciət ABŞ və Böyük Britaniyanın ölkəmizdəki səfirlərinə də ünvanlanıb.

Müsavat Partiyasının mətbuat xidməti, 13 dekabr 2005-ci il