100 milyon dollarlıq xatirə

Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün bir il ərzində 100 milyon ABŞ dollarından çox vəsait xərclənib

YAP iqtidarının Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi adı altında maxinasiya ilə məşğul olduğu bəllidir. Aydındır ki, istər mərkəzdə, istərsə də əyalətlərdə məmurlar mərhum prezidentin adını əllərində bayraq edərək yerli sahibkarlardan və büdcə təşkilatlarından külli miqdarda pul yığıblar. Həmçinin Milli Məclisin qərarı ilə Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün Nazirlər Kabinetinin dövlət büdcəsindən ayırdığı vəsaitin böyük bir qisminin mənimsənildiyi ortadadır.

Bununla belə bizim üçün maraqlıdır ki, Azərbaycanı Heydər Əliyevin heykəl və büstlərinin muzeyinə çevrilməsinə nə qədər vəsait sərf olunub? Bunu öyrənmək üçün aidiyyatı qurumlarla əlaqə saxlasaq da suallarımıza cavab ala bilmədik. Bu üzdən də müstəqil araşdırma apararaq bu prosesə nə qədər vəsait sərf edildiyini aydınlaşdırmaq istədik. Və heykəltaraşların məsləhəti ilə biz bu prosesə sərf edilən vəsaitin ən minimal həddini öyrənməyə çalışdıq. Nəticədə aydın oldu ki, Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün sərf edilən vəsaitlə qaçqın və məcburi köçkünlərə ən azı 3 qəsəbə salmaq olarmış. Bu zaman isə həmin qəsəbələrə Heydər Əliyevin adının verilməsinə heç kəs etiraz etməzdi. Amma həmişə olduğu kimi, yenə də YAP iqtidarı pul və bütpərəslikdən kənara çıxa bilmədi. Və mərhum prezidentin xatirəsini əbədiləşdirmək üçün təkcə görülən işlərə 100 milyon ABŞ dollarından çox vəsait sərf edildi. Bəlkə də əksəriyyət bu rəqəmin həqiqəti əks etdirdiyinə inanmaz. Amma araşdırma zamanı topladığımız məlumatlar bunu sübut edir.

295 büst

Öncə onu qeyd edək ki, ötən bir il ərzində 80 rayon icra hakimiyyətində Heydər Əliyevə büst qoyulub. Bu büstlərin Azərbaycanda hazırlanması minimal xərc 15 min ABŞ dollarıdır. 80 büstü 15 minə vuranda isə aydın olur ki, təkcə rayon icra hakimiyyətlərində büstlərin qoyulması üçün minimum 1 milyon 200 min ABŞ dolları sərf edilib. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən 80 ali, orta ixtisas və orta məktəblərdə ən azı 30 büst var. Bunun üçün isə 450 min dollar xərclənib. Nazirlik və dövlət qurumlarında 50-dən çox büst qoyulub. Buna 750 min məsrəf olunub. Müxtəlif şəhər və rayonlarda salınan parklardakı büstlərin sayı 35-dən çoxdur. Onların xərci isə 525 min dollardır. Dövlət və özəl müəssisələrdə 100-dən çox büst var. Buna da minimum 1 milyon 500 min dollar sərf edilib. Heydər Əliyevin Respublika sarayının önündə ucaldılan abidənin qiyməti rəsmi sənədlərdə 760 min göstərilib. Doğrudur, məlumata görə, əslində onun qiyməti 2 milyon dollardır. Lakin biz rəsmi sənəddə göstərildiyi kimi, 760 min dolları qeyd edirik. Və nəticədə ilk olaraq 5 milyon 865 min dolların sərf olunduğu aydınlaşır. Bunun üzərinə Respublika sarayının önündəki parka sərf edilən məbləği gəlsək daha böyük rəqəm alınacaq. Məlumat üçün bildirək ki, parkın hazırlanmasında iştirak edən mütəxəssislər abadlıq və quruculuq işləri üçün 36 milyon ABŞ dollarının xərcləndiyini bildirirlər. Ən çox pul isə parkdakı fəvvarələrin və işıq sisteminin quraşdırılmasına xərclənib.

Kompüterli fəvvarələr

Belə ki, bu parkdakı fəvvarələr dünyanın yalnız bir neçə yerində var. Fontanların quraşdırılması üçün mütəxəssislər Yaponiyadan dəvət ediliblər. Onlar bir aya yaxın fəaliyyət göstəriblər. Son nəticədə əvvəldən hazırlanmış layihə həyata keçib. Qeyd edək ki, bu fontanlar kompüter sistemi ilə idarə olunur. Xüsusi quraşdırılmış aparatlar suyun püskürməsi və geri çəkilməsini tənzimləyirlər. Rəngbərəng işıq sistemi fontanların daha da cəlbedici olmasına xidmət edir. Dubaydan və digər əcnəbi şəhərlərdən gətirilmiş yüksək qiymətli narıncı mərmərlər fəvvarə və heykəlin harmoniyasını qurur. Həmçinin xaricdən gətirilərək parka döşənmiş qazon qatı da çox baha qiymətə alınıb. Bütün bu işlərə ümumilikdə 36 milyon ABŞ dolları sərf edilib. Parkın abadlaşdırılması və heykəl üçün "ISR Rlaza" otelinin sahibi İsgəndər Xəlilovun 6 milyon dollar verdiyi bildirilir. Bunun qarşılığında "Azərbaycan" mehmanxanasının 2-ci korpusu ona aşağı qiymətə satılıb. Həm də keçmiş Basin, indiki Füzuli küçəsində yüksək mərtəbəli binaların inşası ilə də Xəlilov məşğul olacaq. Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da bu küçədə yerləşən aşağı mərtəbəli binaların söküləcəyini bildirib. İndi də aydın olur ki, 6 milyon dolların qarşılığında Füzuli küçəsində yüksək mərtəbəli yaşayış binalarını tikmək və "Azərbaycan" mehmanxanasının ikinci korpusunu istifadə etmək Xəlilova həvalə edilib. Bunlar öz yerində və hesablama nəticəsində aydın olur ki, büstlərin hazırlanması, sarayın önündəki parkın abadlaşdırılması və heykəlin qoyulması üçün 41 milyon 850 min ABŞ dolları sərf edilib.

Bütpərəslik, yoxsa...

Bununla yanaşı, müxtəlif idarə və müəssisələrdə, təhsil ocaqlarında Heydər Əliyevin 200-dən çox xatirə guşəsi hazırlanıb. Və bir guşənin hazırlanmasına orta hesabla 5 min ABŞ dolları sərf edilib ki, ümumilikdə guşələrə 1 milyon dollar xərc çəkilib.

Bunu da 41 milyon 850 minin üzərinə gəlsək cəm 42 milyon 850 min dollar edir. Paytaxtda və rayonlarda salınan parklara orta hesabla 23 milyon dollar xərclənib. Və bütün bunlar birlikdə 65 milyon 850 min dollar edir. Bununla belə, 25 milyon dollardan çox vəsait isə Heydər Əliyevin adının xaricdə əbədiləşdirilməsinə sərf olunub. Xətai rayonu ərazisində Neft Ayırma Zavodunun vəsaiti hesabına tikilən və hələ də qeydiyyatsız fəaliyyət göstərən litseyin inşasına 2 milyon dollar məsrəf edilib. Bu siyahını uzada da bilərik. Lakin bu mahiyyəti dəyişmir. Aydın olan odur ki, Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün sərf edilən vəsaitlə qaçqın və məcburi köçkünlər üçün 3 böyük yaşayış massivi salmaq olardı. Və 10 min imkansız vətəndaş mənzillə təmin edilərdi. Amma bu baş vermədi və nə zamansa baş verəcəyini də gözləmək lazım deyil. Ən azı ona görə ki, bu hakimiyyətin mahiyyəti korrupsiya, rüşvətxorluq və bütpərəslikdən ibarətdir.

AZADLIQ/Fikrət Hüseynli/13.05.2005