İSA QƏMBƏRDƏN YAP-çı NAMİZƏDLƏRƏ ÇAĞIRIŞ
"NAMİZƏDLİYİNİZİ "AZADLIQ" BLOKU NAMİZƏDLƏRİNİN XEYRİNƏ GERİ GÖTÜRÜN"

Oktyabrın 14-də Müsavat Partiyasının başqanı, "Azadlıq" blokunun 20 saylı
Nərimanov ikinci seçki dairəsindən deputatlığa vahid namizədi İsa Qəmbər
Az.TV-də ödənişli efir vaxtında çıxış etdi. Çıxışın mətnini təqdim edirik:
Axşamınız xeyir, hörmətli tamaşaçılar, hörmətli seçicilər, mənim əziz
qardaşlarım və bacılarım!
Bu gün mən də qərara gəldim ki, məhdud imkanlarımızdan istifadə edib ödənişli
efir vaxtı alaq və 4 dəqiqə yox, 8 dəqiqə sizinlə rahat söhbət edə bilək. Bir
aya yaxındır ki, siz televiziyada çıxışları izləyirsiniz. Artıq yüzlərlə namizəd
sizin qarşınızdan keçib. Bəlkə də artıq yorulmağa başlamısınız ki, bu adamlar
bir-biriləriylə mübahisə edirlər, bir-birilərini təkzib edirlər, bəzən
bir-birilərini təkrar edirlər, bəzən maraqsız danışırlar. Təbii ki, müəyyən bir
yorğunluq ola bilər. Ancaq qətiyyən yorulmayın. Sona qədər hamıya diqqətlə qulaq
asın. Hansı partiyanı təmsil etməsindən olmasından, bitərəf, yaxud tərəfli
olmasından asılı olmayaraq, hamıya diqqətlə qulaq asın və qiymət verin: kim
həqiqəti söyləyir, kim yalan danışır?
Bizi - "Azadlıq" blokunun namizədlərini, liderlərini də bəzən yalan danışmaqda
ittiham edirlər. Mən istəyirəm qısaca xatırladım ki, biz nə deyirik və baxaq
görək, mənim dediklərimin qarşısına kim nə söz çıxara bilir?
Mən deyirəm ki, Azərbaycanımızın torpaqlarının böyük bir hissəsi məhz
Heydər Əliyevin dövründə işğal olunub.
Mən deyirəm ki, atəşkəs dövründə - 11 illik müddətdə torpaqlarımızın azad
olunması istiqamətində heç bir real addım atılmayıb. Torpaqlarımızın azadlığına
bir addım da yaxınlaşmamışıq. Hakimiyyət özü də bunu etiraf etdi ki, vəziyyət
sıfır nöqtəsindədir.
Mən deyirəm ki, yüzminlərlə qaçqınlarımız, köçkünlərimiz ağır vəziyyətdə
yaşayırlar və onlara istər dövlət büdcəsindən ayrılan, istərsə də xaricdən gələn
yardımların böyük bir hissəsini rüşvətxor məmurlar mənimsəyirlər.
Mən deyirəm ki, 2-3 milyona yaxın vətəndaşıma işsizlik ucbatından ölkəni
tərk etməyə məcbur olub, Rusiyada, Ukraynada, başqa ölkələrdə ağır şəraitdə
çalışmaq məcburiyyətindədirlər.
Mən deyirəm ki, buna baxmayaraq, yenə də ölkəmizdə böyük işsizlik var.
Mən deyirəm ki, ölkədə işləyənlər də çox aşağı maaş alırlar və bu maaşla
yaşamaq, ailə saxlamaq mümkün olan məsələ deyil. Yeri gəlmişkən, mən deyəndə ki,
İlham Əliyevin maaşı 20 min dollar ətrafındadır, bəziləri mübahisə edirlər ki,
nə vaxtsa fərman verib, nəyisə dəyişib. Mən bilmirəm. Mən qanuna baxıram. Kimin
evində var, elə bu dəqiqə açsın, Seçki Məcəlləsinin 209-cu maddəsinin ikinci
bəndinə baxsın - orada İlham Əliyevin maaşının məbləği göstərib. Mən hesab
edirəm ki, müəllim 20-30 dollar məvacib aldığı bir vaxtda dövlət başçısının 20
min dollar maaş almağa haqqı yoxdur. Əgər bu maaş ona çox görünürsə, Seçki
Məcəlləsini dəyişdirsinlər, normal hala gətirsinlər. Biz də inanaq ki, doğrudan
da bu adam öz maaşının çox olduğunu dərk edib, bunun fərqindədir.
Mən deyirəm ki, ölkədə rüşvətxorluq, korrupsiya baş alıb gedir.
Mən deyirəm ki, ölkədə dərəbəylik, qanunsuzluq baş alıb gedir.
Mən deyirəm ki, bu ölkənin parlamenti müstəqil bir hakimiyyət qolu kimi
fəaliyyət göstərmir, Prezident Aparatından gələn qanunların təsdiqi üçün
notarial kontor kimi çalışır, müstəqilliyini itirmiş bir qurumdur.
Mən deyirəm ki, ölkədə müstəqil məhkəmələr yoxdur. Bu məhkəmələr siyasi
məsələ olanda hakimiyyətin, Ramiz Mehdiyevin, Prezident Aparatının sifarişiylə,
siyasi məsələ olmayanda isə rüşvətlə işləyir, kim çox pul versə, onun xeyrinə
qərar çıxarır.
Bu sözləri mən deyirəm. Bununla bağlı kimin mənimlə diskussiya aparmaq
fikri varsa, İlham Əliyev, Ramiz Mehdiyev, Əli Əhmədov - kim istəyir, gəlsin,
oturaq, burada üz-üzə söhbət edək və xalq da görsün, kim yalan danışır, kim
doğru? Mənim dediklərim faktlardır, bunları təkzib etmək mümkün deyil. Hələ çox
şeyləri də demək lazımdır və yeri gələndə deyəcəyik.
Eyni zamanda biz vədlər veririk. Çünki biz müxalifətdəyik. Biz deyirik
ki, hakimiyyətə gəlsək, filan addımları atacağıq. Biz deyirik ki, hakimiyyətin
vəd verməyə ixtiyarı yoxdur. Çünki bu rejim 12 ildir hakimiyyətdədir və bunlar
vəd yox, hesabat verməlidirlər. Bizim arxamızca danışmaqla məşğul
olmamalıdırlar. Müxalifəti tənqid etmək hakimiyyətin fəaliyyət sahəsi,
səlahiyyəti deyil. Onlar xalqa gördükləri işlərlə bağlı hesabat verməlidirlər.
Buna görə də mən hesab edirəm ki, bizim vədlərimiz diqqət mərkəzində
olmalıdır. Bunu da sınamağa sizin imkanınız olacaq. Bizə inanmaq, ya inanmamaq
sizin işinizdir, hörmətli seçici, əziz bacım, əziz qardaşım. Mən vəd verirəm,
başqa namizədlər sözlər verirlər. Siz qiymət verməlisiniz ki, biz bunları həyata
keçirə bilərik, yoxsa yox.
Mən sizə deyirəm ki, biz hakimiyyətə gələndə Azərbaycanın neft gəlirlərindən
hər bir ailəyə ildə bir milyon manat pul ayıracağıq. Biz bunu edəcəyik. Buna heç
kimin şübhəsi olmasın.
Mən deyirəm ki, biz hakimiyyətə gələndə maaşları yüksəldəcəyik.
Həkimlərin, müəllimlərin, polislərin, ordu zabitlərinin, büdcə təşkilatlarında
çalışan digər vətəndaşlarımızın, qardaşlarımızın, bacılarımızın maaşlarını ayda
aşağısı 400-500 dollara qədər artıracağıq.
Mən deyirəm ki, pensiyaçıların təqaüdlərini ayda 100 dollara qədər
artıracağıq.
Mən deyirəm ki, tələbələrin təqaüdlərini artıracağıq.
Mən deyirəm ki, biz hakimiyyətə gələndə pullu təhsil müəssisələrində
təhsil alan övladlarının problemlərini həll etmək üçün ailələrə, yaxud həmin
tələbələrin özlərinə dövlət səviyyəsində kreditlər ayrılacaq.
Biz bir sıra başqa məsələləri vəd edirik və əminik ki, hakimiyyətə gələndə bunu
edəcəyik.
Qısa vaxtdan istifadə edib, bir məsələyə toxunmaq istəyirəm. Bilirsiniz ki, ayın
17-də saat 16-da Rəsul Quliyev Azərbaycana, vətənə dönür. Hakimiyyət çaşqınlıq
içindədir. Hərəsi bir söz deyir. Biri deyir ki, Rəsul Quliyevin gəlməsi ancaq
ADP-nin qərarıdır, bunun başqa partiyalara aidiyyatı yoxdur. O birisi deyir ki,
İsa Qəmbər və Əli Kərimli Rəsul Quliyevi tələyə salmaq istəyirlər. Özləri də
bilmirlər, nə danışırlar. Əvvəla, Rəsul Quliyevin dönməsi təkcə onun, təkcə
ADP-nin qərarı deyil. Bu, "Azadlıq" blokunun qərarıdır, Müsavatın, Cəbhənin,
eyni zamanda Milli Komitənin, cəmiyyətin böyük bir hissəsinin qərarıdır. Bu
qərar da Rəsul Quliyevin qərarıyla tamamlanıb, inşallah, ayın 17-də
gerçəkləşəcək. Mən bütün müsavatçıları, ölkədə demokratik dəyişikliklər etmək
istəyənləri ayın 17-də Rəsul Quliyevin dinc qarşılanma mərasimində iştirak
etməyə çağırıram. Heç bir provokasiyaya, təxribata getmədən, hakimiyyətin
təxribatlarına baş qoşmadan sakit şəkildə qarşılama mərasimində iştirak etməyə
çağırıram. Hesab edirəm ki, Rəsul Quliyevin dönməsilə ölkədə demokratik
proseslər xeyli sürətlənəcək.
Mən fürsətdən istifadə edib YAP-çı bacılarıma və qardaşlarıma da bir neçə kəlmə
söz demək istəyirəm. Hazırda namizədlərin sırasında səhv etmirəmsə, 525 YAP-çı
deputatlığa namizəd var. Təxminən bu ayın axırında İlham Əliyevlə Ramiz Mehdiyev
YAP-çı namizədlərin sayını 525-dən 75-ə endirmək əməliyyatını həyata
keçirəcəklər. Təxminən 450 YAP-çı namizəd sıradan çıxarılacaq. Onlara təzyiqlər
ediləcək, hədə-qorxu gəlinəcək, deyiləcək ki, siz bizim hesabımıza vəzifə
almısınız, varlanmısınız, sərvət toplamısınız, bütün bu sərvətlərinizi itirə
bilərsiniz və buna görə də bizim sözümüzə tabe olub, namizədlikdən
çəkinməlisiniz. Ona görə də mən həmin YAP-çı qardaşlarıma və bacılarıma müraciət
edib deyirəm ki, ya indidən "Azadlıq" blokunun namizədlərinin, Vətənin həqiqi
oğlanlarının, qızlarının xeyrinə namizədliyinizi geri götürün, şərait yaradın
ki, vəziyyət aydınlaşsın, ya da bunu edə bilməyəcəksinizsə, bilin ki, sonradan
Ramiz Mehdiyevin hədə-qorxusuyla namizədlikdən çəkinsəniz, bütün xalq biləcək
ki, bu nə oyundur və bu oyun necə baş verdi. Xahiş edirəm, indidən fikirləşin və
qərarınızı verin.
Nəhayət, öz namizədliyimi irəli sürdüyüm dairənin seçicilərinə də salamlarımı,
hörmətlərimi bir daha çatdırmaq istəyirəm. Mən Nərimanov rayonunun 20-ci
dairəsindən namizədəm. Artıq görüşlərə başlamışam və növbəti görüşüm də bu bazar
günü, saat 17:30-da Atatürk prospekti 37 və 37A saylı binaların həyətində
olacaq. Tanımayanlar "Solmaz" şadlıq evini soruşa bilərlər. Orada görüş
keçirəcəyik. Mən 20-ci dairənin seçicilərini həmin görüşə dəvət edirəm. Görüşək,
bir daha dərdlərimizi müzakirə edək. Mən bütün ölkənin mənafeyini təmsil etməyə
hazırlaşdığım kimi, dairəmin seçicilərinin də maraqlarını təmsil edəcəyəm.
Tanrı sizləri qorusun!
Tanrı Azərbaycanımızı qorusun!
Hazırladı: Ülkər ƏLİYEVA, Yeni Müsavat qəzeti, Bakı, 15.10.2005
P.S. Aldığımız məlumata görə, İsa Qəmbərin çıxışı zamanı Bakının bəzi
hissələrində işıqlar söndürülüb. Konkret olaraq Maştağa qəsəbəsində və İsa
Qəmbərin namizəd olduğu 20 saylı Nərimanov ikinci seçki dairəsinin ərazisinə
daxil olan bəzi yaşayış massivlərində elektrik enerjisi kəsilib.