Müsavat Partiyasının qərargahında “Azadlıq” bloku, Milli Birlik Hərəkatı və AMİP liderlərinin birgə toplantısı keçirilib

Bu gün Müsavat Partiyasının qərargahında “Azadlıq” bloku, Milli Birlik Hərəkatı və AMİP liderlərinin birgə toplantısı keçirilib. Toplantıdan sonra keçirilən ənənəvi brifinqdə “Azadlıq” blokunun həmtəsisçisi, Müsavat başqanı İsa Qəmbər müzakirə edilən məsələlərlə bağlı KİV nümayəndələrinə məlumat verib. Müsavat başqanının sözlərinə görə liderlər ölkədəki mövcud vəziyyəti və demokratik qüvvələrin fəaliyyəti ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Dekabrın 18-də müxalifətin yürüş-mitinqlə əlaqədar birgə qərarının olduğunu yada salan İ. Qəmbər bununla bağlı şəhər rəhbərliyinə müraciət edildiyini söyləyib: “Bilirsiniz ki, uzun müddətdir ki, hakimiyyət dairələri Konstitusiya qanunlarını növbəti dəfə pozaraq bizim müraciətlərimizə faktiki olaraq mənfi cavab verirlər və biz də onların bu mənfi cavabları ilə barışmaq niyyətində olmamışıq. Artıq qeyri-qanuni cavablarla əlaqədar demokratik qüvvələrin qərarına əsasən məhkəməyə müraciət edilib. Bu günkü müzakirədə ümumi fikir belə oldu ki, əgər hakimiyyət bu dəfə də mənasız oyunlarını davam etdirərsə, o zaman biz şəhər rəhbərliyinin müsbət cavabını gözləmədən Konstitusiyanın 49-cu maddəsinə uyğun olaraq vətəndaşların sərbəst toplaşma azadlığını gerçəkləşdirmək niyyətindəyik”.

Toplantıda həmçinin liderlərin imzası ilə Konstitusiya məhkəməsinə müraciət də qəbul olunub. Müraciətin mahiyyətinə aydınlıq gətirən İ. Qəmbərin sözlərinə görə, dövlət başçısı İ. Əliyev bütün bu müddət ərzində istər vətəndaşların hüquqları baxımından, istər seçki məsələləri, istərsə də konkret kütləvi tədbirlər baxımından tutduğu vəzifənin səlahiyyətlərindən irəli gələn işləri görməyib və ya lazım olduğu səviyyədə həyata keçirməyib. Müraciətə əsasən Konstitusiya məhkəməsinə təklif edilir ki, Əliyev İlham Heydər oğlunun istefaya göndərilməsi ilə bağlı icraata başlanılsın”.

Saxta parlament seçkilərinin nəticələrini ləğv olunması, yeni, azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı birgə fəaliyyətin bundan sonra da davam edəcəyini dəyən İ. Qəmbərin AMİP-in bəzi Siyasi və Mərkəzi Şura üzvlərinin mətbuat konfransında Ə. Əliyevin bir sıra addımlarının partiyanın legitim strukturlarının səlahiyyətlərinin mənimsənilməsi kimi dəyərləndirməsindən sonra AMİP sədri ilə bundan sonrakı əməkdaşlığın hansı formada davam edəcəyinə münasibəti belə olub: “Ə. Əliyev AMİP-in sədridir. Əməkdaşlıq formatlarında partiyaları sədrlər təmsil edirlər. Bu baxımdan biz Ə. Əliyevlə əməkdaşlıq edirik və etmək niyyətindəyik. Əgər AMİP-in başqa rəsmi qərarları varsa, bu qərarlar dəyərləndirilə bilər. İndiki mərhələdə isə bizə AMİP-in nə başqa rəsmi təmsilçisi, , nə də başqa siyasət yeritmək barədə qərarları bəlli deyil”.

Təkrar seçkilərlə bağlı Müsavat Partiyasının mövqeyinə aydınlıq gətirən İ. Qəmbər təkrar seçkilərin mayın 13-nə təyin olunduğunu nəzərə alaraq indiki mərhələdə bu məsələnin aktual olmadığını, o vaxta kimi rəsmi müzakirələr aparmağa və müvafiq qərarlar qəbul etməyə zamanın olduğunu bildirib.

“Azadlıq” bloku liderlərinin AŞ PA- ya dəvət olunmasına münasibət bildirən Müsavat başqanı “AŞ PA-nın kifayət qədər nüfuzlu və səlahiyyətli şəxsləri- AŞ PA-nın vitse-prezidenti A. Qross, AŞ PA-nın Azərbaycandakı parlament seçkilərində Müşahidə Missiyasının rəhbəri L. Platveit liderləri quruma dəvət edəcəklərini bildiriblər. Yəqin ki, lazımi mərhələdə həmin dəvət təqdim olunacaq və “Azadlıq” bloku bu dəvətə uyğun şəkildə də həmin proseslərdə iştirakını davam etdirəcək”-deyə cavab verib.

Son günlər yenidən məmurların həbsinə Müsavat başqanının mövqeyi belə olub ki, hakimiyyət daxilində mülkiyyət davası qızışır və mülkiyyətin yenidən bölüşdürülməsi mərhələsi başlayır. Bu mərhələdə hələ çox gözlənilməz hadisələrin olacağını deyən İ. Qəmbərin fikrincə, bu adamlar üçün mülkiyyətdən daha böyük dəyər yoxdur və onların bütün fəaliyyəti, mahiyyəti bütün mülkiyyəti mənimsəməklə sərvətlərini daha da artırmaqdan ibarətdir.

Deputat seçilmiş Müsavat Partiyası üzvlərinin parlamentdə iştirakı məsələsinə gəldikdə isə İ. Qəmbər bu barədə Müsavat Partiyasının qərarı olduğunu, indiki mərhələdə deputatların Milli Məclisdə iştirakının məqsədəuyğun olmadığını vurğulayıb.

Müsavat Partiyasının mətbuat xidməti, 14 dekabr 2005-ci il