“AZADLIQ” BLOKU DEKABRIN 18-NƏ MİTİNQ TƏYİN
ETDİ
Bu barədə meriyaya xəbərdarlıq məktubu göndərildi
Birləşmiş müxalifət növbəti aksiyasının vaxtını dəqiqləşdirib. Belə ki, dekabrın
18-də “Azadlıq” blokunun təşkilatçılığı ilə “20 Yanvar” - “Qələbə” marşrutuyla
yürüş-mitinq keçiriləcək. Aksiyanın üç saat 15:00-dan 18:00-a kimi keçirilməsi
nəzərdə tutulub. Mitinqlə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq
məktubu da göndərilib.
Yürüş-mitinqdə parlament seçkilərində saxtakarlığa yol verən komissiya
üzvlərinin cəzalandırılması, yeni parlament seçkilərinin keçirilməsi və digər
tələblərin səsləndirilməsi nəzərdə tutulur.
Müsavat Partiyası mitinq komitəsinin üzvü Qabil Hüseynli meriyanın bu dəfə
qanunlara hörmətlə yanaşacığına ümid etdiyini söylədi. O, ötən aksiyalarda
olduğu kimi, Milli Birlik Hərəkatı və AMİP mitinqinə dəstək verəcəklərini dedi.
Q.Hüseynli aksiyada narıncı atributlardan geniş istifadə olunmasının nəzərdə
tutulduğunu vurğuladı. Qeyd etdi ki, budəfəki mitinqdə gənclərin fəaliyyəti önə
çəkiləcək: “Son günlər gənclərə qarşı təzyiqlər artıb. Hakimiyyətin bu
repressiyalarına cavab olaraq, gənclər aksiyada ayrıca kolonla iştirak
edəcəklər”.
AXCP mitinq komitəsinin sədri Həsən Kərimov “Azadlıq” blokunun kütləvi
aksiyalara fasilə vermək niyyətində olmadığını bildirdi: “Hakimiyyət son iki
mitinqə icazə verməməklə mitinqlərin qarşısını almaq məqsədi güdür, lakin buna
nail ola bilməyəcək”. Aksiyaya qərar verildiyi gündən təşkilati strukturlarda
hazırlıqlara başlanıldığını vurğulayan H.Kərimov həftə ərzində rayon
təşkilatlarında genişləndirilmiş müşavirələr keçiriləcəyini bildirdi.
“Bakı Şəhər İcra Hakimiyyəti 3 və 10 dekabr aksiyaları ilə bağlı mövqeyini yenə
də nümayiş etdirərsə, atılacaq addımlar nədən ibarət olacaq” sualına cavabında
H.Kərimov sitasiyaya uyğun hərəkət edəcəklərini bildirdi: “Məsələ blokun Sədrlər
Şurasında müzakirə edildikdən sonra qərar veriləcək. Lakin bu dəfə
razılaşdırılmamış aksiyalara başlamaq qərarı gündəmə gələ bilər. Tərəfdarlarımız
da bunu tələb edirlər”.
LEYLA, Yeni Müsavat, 14.12.2005