“HAKİMİYYƏT XALQIN SƏRVƏTLƏRİNİ OĞURLAMAQLA MƏŞĞULDUR”

“Azərbaycanın neft gəlirlərindən hər bir ailəyə ildə 1 milyon manat ayıracağıq”
İsa bəy İTV ekranında

Hörmətli televiziya tamaşaçıları, hörmətli seçicilər, mənim əziz bacı və qardaşlarım!

Mən sizi “Azadlıq” bloku, Müsavat Partiyası adından salamlayıram. Birinci gün mən Azərbaycan dövlət televiziyasında çıxış edərkən söylədim ki, bu iqtidar - Əliyev rejimi son iki il ərzində xalq üçün heç bir əhəmiyyətli iş görə bilməyib. Son günlər hakimiyyət nümayəndələri həm Az TV-dən, həm də İctimai Televiziyadan sizə müraciət edərək inandırmağa çalışırlar ki, xalq üçün nəsə ediblər. Deyirlər ki, Azərbaycanın dövlət büdcəsi 2 milyard dollara qədər artıb. Mən isə onlardan soruşmaq istəyirəm ki, əhalisi təxminən 1,5 milyon nəfər olan Estoniyanın illik büdcəsi 4 milyard dollardan artıqdır. Bu ölkənin əhalisinin sayı Azərbaycandan təxminən 6 dəfə azdır, üstəlik nefti, qazı da yoxdur. Ancaq büdcəsi Azərbaycanın büdcəsindən iki dəfə çoxdur. Nəyə görə? Azərbaycandakı rüşvətxorluğa, korrupsiyaya görə. Bu rejim sizin zəhmətinizlə qazanılan sərvətləri, Azərbaycanın təbii sərvətlərini oğurladığı üçün büdcəmiz bu gündədir. Son illərdə bildiyiniz kimi, dünya bazarında neftin qiyməti ciddi şəkildə artıb. Neftin qiymətinin bu artımını öz həyatınızda hiss etmisinizmi? Əgər hiss etmisinizsə, xahiş edirəm, vaxtınız olanda mənə də bu barədə xəbər verin. Çünki indiyə qədər mən bir Azərbaycan vətəndaşından bu barədə bilgi ala bilməmişəm. Hakimiyyət nümayəndələrinin söylədikləri digər məsələ ondan ibarətdir ki, son iki ildə minimum əmək haqqı artaraq 125 min manat olubmuş. Bu minimum əməkhaqqı bizim həyatımızda özünü nə ilə göstərir? Eyni zamanda hakimiyyət nümayəndələrinin maaşları da artır. Bilirsinizmi, Azərbaycanın dövlət başçısı İlham Əliyevin maaşı nə qədərdir? İlham Əliyevin maaşı minimum əməkhaqqının 600 misli qədərdir. Bu isə 75 milyon manat - 16 min dollar deməkdir. Azərbaycanın dövlət başçısı ayda 16 min dollar maaş alır. Alsın, bəlkə də bu qədər maaş rüşvətə, haram pula diqqəti azaldar. Təki daha da çox alsın. Ancaq bəs, Azərbaycanın sıravi vətəndaşı niyə ayda 160 min manatın həsrətini çəkməlidir. Yəni bu hakimiyyətin xalqa verdiyi bunlardır.

Bizə deyirlər ki, proqram, platforma təqdim etmirik, yalnız tənqidlə məşğuluq. Mən hələ 2003-cü ildə bu kitabı sizə təqdim etmişdim. Bu hələ yalnız Müsavat Partiyasının ölkədəki müxtəlif sahələr üzrə islahat, inkişaf proqramları, konsepsiyalarıdır. Biz ayrılmış 4 dəqiqə ərzində buradakı konsepsiyaların adlarını belə oxumağa vaxt çatdıra bilmərik. Bu şəraitdə platformamızı necə çatdıra bilərik? Təbii ki, platformamızı da, etmək istədiklərimizi də sizlərə çatdıracağıq. Bu gün mən sizə qısaca onu söyləyirəm ki, 6 noyabrda gəlin, “Azadlıq” blokuna səs verin. Mən bilirəm ki, sizin bu Milli Məclisə etimadınız yoxdur, bu parlamentə maraq göstərmirsiniz. Ancaq inanın ki, sizin seçdiyiniz insanlar - “Azadlıq” blokunun namizədləri millət vəkili kimi həmin parlamentdə əyləşsələr, Azərbaycanımızın problemləri həll olunmağa başlayacaq. Azərbaycana real azadlıq, real demokratiya lazımdır. Azərbaycana real inkişaf, bazar iqtisadiyyatı lazımdır ki, xalqımız zənginləşsin. Biz hakimiyyətə gələn kimi Azərbaycanın neft gəlirlərindən hər bir ailə üçün ayda bir milyon manat pul ayıracağıq. Bu məbləğ kiməsə az, kiməsə çox görünə bilər. Ancaq tarixdə ilk dəfə olaraq Azərbaycanın hər bir ailəsi neftdən pay alacaq. Biz hakimiyyətə gələn kimi müəllimlərin, həkimlərin, polislərin maaşını təxminən 400-500 dollar civarına qaldıracağıq. Mən bunu sizə söz verirəm. Tanrı Azərbaycanımızı qorusun.

Bakı, 14 sentyabr, İTV