"AZƏRBAYCANIN XİLASI ÜÇÜN BİRLƏŞMƏYİMİZ
LAZIMDIR"
"HAMINIZI RƏSUL QULİYEVİ QARŞILAMAĞA DƏVƏT EDİRƏM"
Müsavat Partiyasının başqanı, "Azadlıq" blokunun həmtəsisçisi və 20 saylı
Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədi İsa Qəmbər dünən
Az.TV-də ödənişli efir vaxtında növbəti çıxışını etdi. Çıxışın mətnini təqdim
edirik.
Axşamınız xeyir, hörmətli televiziya tamaşaçıları, hörmətli seçicilər.
Bir daha sizi "Azadlıq" blokunun və Müsavat Partiyasının adından salamlayıram.
İcazə versəniz, namizədi olduğum 20 saylı Nərimanov seçki dairəsinin
seçicilərinə bir neçə kəlmə söz demək istəyirəm.
Mənim əziz bacılarım və qardaşlarım. Hamınızı salamlayıram. Mən 20-ci dairədən
namizədliyimi ona görə vermişəm ki, 23 ildir həmin dairənin ərazisində
yaşayıram. Bu dairə mənim üçün doğmadır, əzizdir. Bu dairənin bütün
problemlərindən xəbərdaram və mənə etimad göstərəcəyiniz təqdirdə
Azərbaycanımızın bütün problemlərini həll etməyə çalışacağım kimi, təbii ki,
20-ci dairənin də problemlərini, o cümlədən sizin hər birinizin dərdini öz
dərdim, problemim kimi qəbul edəcəm, sizə kömək etməyə çalışacam. Yeri
gəlmişkən, sabah Atatürk prospekti 37 və 37A saylı binaların həyətində növbəti
görüşüm keçiriləcək. Axtaranlar və görüş yerinə yaxşı bələd olmayanlar "Solmaz"
şadlıq evini soruşsunlar. Yığışaq, söhbətləşək, dərdlərimizdən,
problemlərimizdən danışaq. Hamınızı həmin görüşə dəvət edirəm.
Ancaq özünüz də bilirsiniz ki, ölkəmizin, xalqımızın problemləri ümumidir. Yəni
bunlar bir dairənin, bir rayonun problemləri deyil. Əgər dünənki teleçıxışıma
baxdınızsa, mən əsas problemləri sadaladım və izah etdim ki, onların əksəriyyəti
Əliyev rejiminin fəaliyyəti, yaxud fəaliyyətsizliyi nəticəsində baş verir,
böyüyür, həll olunmur. Bu rejimin səriştəsizliyi, bacarıqsızlığı, rüşvətxorluğu,
korrupsiyaya qurşanması, dərəbəyliyi, insanlara hörmət etməməsi, sayğı
göstərməməsi nəticəsində bu problemlər bu həddə gəlib çıxıb. Özünüz də gördünüz
ki, məndən sonra çıxış edən hakimiyyət nümayəndələri gətirdiyim faktların,
söylədiyim arqumentlərin qarşısında heç bir söz deyə bilmədilər. Ümumi sözlər
danışdılar. Gücləri ona çatdı, sağ olsunlar.
Bu günsə problemlərin həlliylə bağlı hakimiyyətin nə etməyə hazırlaşdığını sizə
demək istəyirəm. Gələn ilin büdcə layihəsi parlamentdə müzakirə olunmağa
başlayıb. Gələn ilin büdcəsi bu illə müqayisədə 1,5 milyard dollar artırılır.
Bu, yaxşı haldır və əslinə qalsa, daha çox artmalıdır. Ancaq bu 1,5 milyard
dollar artım müxtəlif sahələr arasında nə cür bölünür? Mən sizə deyim. Artımın
33 faizi tikinti xərclərinə, 21 faizi müdafiə xərclərinə, 20 faizi ümumdövlət
xidməti xərclərinə veriləcək. Ümumdövlət xidməti də polis, hüquq-mühafizə
orqanları və digər sahələri əhatə edir. Çox gözəl, bu sahələrə də pul ayırmaq
lazımdır. Ancaq təhsilə bu artımdan nə qədər ayrılacaq? Artımın cəmi 7,3 faizi
təhsilə, 7,1 faizi sosial problemlərə və cəmi 2,2 faizi səhiyyə sahəsinə
ayrılacaq. Bu ayırmalarla səhiyyədə, təhsildə, sosial sahədəki problemləri həll
etmək mümkündürmü? Bu, hakimiyyətin yalançılığını göstərmirmi? Bu şəkildə ölkəni
idarə, problemləri həll etmək mümkündürmü? Bu gün bizə qəribə bir xəbər də
gəldi. Bəlkə də təəccüblənəcəksiniz, amma Çevik Polis Alayının nümayəndələri
bizə müraciət etdilər. Dedilər ki, deyirsiniz, bizim maaşımızı 6 dəfə
artırıblar, bu düzgündür, ancaq xəbəriniz olsun ki, maaşımızı bugünə qədər
verməyiblər. Bu kişilərin maaşını artırmısınız, heç olmasa, verin də. Bu
hakimiyyətin yalançılığı elə həddə gəlib çatıb ki, bunların heç bir sözünə
inanmaq mümkün deyil.
Bilirsiniz ki, mən dünənki çıxışımda bütün müsavatçıları və demokratik fikirli,
vətənpərvər insanları oktyabrın 17-də saat 16:00-da Azərbaycan Demokrat
Partiyasının lideri Rəsul Quliyevi qarşılama mərasiminə dəvət etmişəm. İnanıram
ki, dinc qarşılanma mərasimində onminlərlə insan iştirak edəcək. Bizə belə
məlumatlar gəlir ki, doğrudan da çox böyük insan kütlələri bu qarşılama
mərasimində dinc şəkildə iştirak etmək niyyətindədirlər. Mən çağırışımı yenə də
təkrar edirəm. Eyni zamanda hakimiyyət nümayəndələrinə müraciət etmək istəyirəm
ki, növbəti yanlışlığa yol verməsinlər, daha bir gərginliyin yaranmasına
çalışmasınlar. İmkan versinlər ki, Rəsul Quliyev vətənə dönsün, bu Vətənin
övladı, vətəndaşı kimi burada yaşaya, parlament seçkilərində normal şəkildə
iştirak edə bilsin. Əgər ona aid bir sualınız, sözünüz varsa, istintaqınızı
apara bilərsiniz. Həbsdə olduğumuz və olmadığımız müddətlərdə bizim hamımızla
bağlı nə qədər istintaq aparmısınız. Bunu bu şəkildə də həll etmək mümkündür.
Biz problemlərimizi bir yerdə həll edə bilərik. Çünki biz bir olanda hər şeyi
həll etmək olur. Bilirsiniz ki, "Azadlıq" bloku ölkənin üç aparıcı siyasi
qüvvəsini bir araya gətirib. Ancaq bu, məsələnin sonu deyil. Bugünlərdə biz
Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri Lalə Şövkətlə də saziş
imzaladıq. Bu gün biz bir yerdəyik, bir yerdə prosesi aparacağıq, mübarizəmizi
davam etdirəcəyik.
Eyni zamanda bilirsiniz ki, biz "YeS" blokuyla da danışıqlar aparırdıq. Onlara
rəsmən bir saziş layihəsi göndərmişdik. Onlar bunu bir qədər dəyişib, başqa
bəndlərlə başqa bir saziş layihəsini rəsmən bizə göndərdilər. Bu layihələrdə
müəyyən fərqlər var idi. Ancaq bu gün "Azadlıq" blokunun liderləri olaraq biz
bir daha iclas keçirdik. "YeS" blokunun göndərdiyi saziş layihəsini araşdırdıq.
Qərarımız bundan ibarətdir ki, həmin layihəni nöqtəsinə, vergülünə toxunmadan
qəbul edirik və günü sabah sazişi imzalamağa hazırıq! Elə buradan da "YeS"də
olan dostlarımıza, həmkarlarımıza, qardaşlarımıza xəbər göndəririk ki, sabah bu
sazişi imzalamağa hazırıq. Bu birlik prosesi davam edəcək. Biz bütün Azərbaycanı
birləşdirəcəyik. Hətta YAP-çı qardaş-bacılarımızı da birləşdirəcəyik.
Tanrı Azərbaycanımızı qorusun.
Hazırladı: Ülkər Əliyeva, Yeni Müsavat, 15.10.2005