Müxalifət icazəsiz aksiya keçirə bilər
Sərdar Cəlaloğlu: “Meriya istədiyimiz yeri ayırmasa, “28 May” meydanında
icazəsiz aksiya keçirəcəyik”
BAKI. «Azadlıq» bloku, Milli Birlik Hərəkatı və Milli İstiqlal Partiyası bazar
günü keçmiş «Qələbə» kinoteatrının qarşısında təyin etdikləri aksiyaya Bakı
şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavab verilməyəcəyi halda
razılaşdırılmamış aksiya keçirəcək.
Bu barədə APA-ya məlumat verən ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu
bildirib ki, onlar aksiya keçirəcəkləri yeri də müəyyənləşdiriblər. Şəhər
rəhbərliyi aksiyanın «20 Yanvar» metrostansiyası – keçmiş «Qələbə» kinoteatrı
marşrutu ilə yox, yenə də «Motodrom»da keçirilməsini məsləhət görsə, aksiya
şəhərin mərkəzində olacaq. Parlament seçkilərinə kimi şəhərin mərkəzində
dəfələrlə razılaşdırılmamış aksiyalar keçirdiklərini xatırladan S. Cəlaloğlu
bildirib ki, bu dəfə də aksiya “28 May” meydanında keçiriləcək: «Amma biz Bakı
şəhər İcra Hakimiyyətinin qanunun tələbinə uyğun olaraq vətəndaşların sərbəst
toplaşmaq hüququnu pozmayacağına ümid edirik».
APA, 15.12.2005