Mustəqil Ekoloji Araşdırmalar Mərkəzi Azərbaycan xalqına müraciət qəbul edib

Müraciətdə bildirilir ki, artıq necə illərdir ölkə mətbuatında Qəbələ rayon ərazisindəki Rusiya hərbiçilərinin istifadəsində olan Radio Lokasiya Stansiyasının (RLS) ətraf mühitə, insan orqanizminə vurduğu böyük miqyasda ziyan və fəlakətlə bağlı məlumatlar verilir. RLS-in fəaliyyəti nəticəsində Qəbələ və ətraf rayonlarda yaşayan insanlar arasında müxtəlif xəstəliklər - xərçəng xəstəliyi 9 dəfə, əsəb sistemi xəstəlikləri 14 dəfə, böyrək xəstəlikləri 13 dəfə, endokrin sistemi xəstəlikləri 7 dəfə, qan dövranı sistemi xəstəlikləri 6,7 dəfə, anadan şikəst və eybəcər doğulan uşaqların sayı isə 16-19 dəfə artıb. Bu rayonlarda ölüm faizinin çox yüksək, doğumun isə çox aşağı olması, sonsuzluq xəstəliklərinin artması xüsusi narahatçılıq doğurur. Stansiyanın fəaliyyəti bu bölgənin flora və faunasına, kənd təsərrüfatına da ciddi ziyan vurur.

Müraciətdə bölgənin üzləşdiyi dərin ekoloji böhranla bağlı dəfələrlə dövlət başçısına, baş nazirə, səhiyyə nazirinə, müxtəlif əlaqədar təşkilatlara ünvanlanan müraciətlərə məhəl qoyulmadığı, əksinə, ölkə vətəndaşlarının həyatının təhlükəsizliyini nəzərə almayan hakimiyyətin Azərbaycan üçün nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan heç bir əhəmiyyət daşımayan stansiyanın fəaliyyət göstərməsi ilə bağlı Rusiya ilə 10 illik müqavilə bağladığı vurğulanır.

Müraciətdə daha sonra deyilir: “İndi bələ bir təhlükə ilə Azərbaycanın cənub bölgəsi üzləşməkdədir. Bu bölgədə Amerika dövləti tərəfindən iki ədəd Radio Lokasiya Stansiyasının (RLS) fəaliyyətə başlaması nəzərdə tutulub.

Bu stansiyalar da Azərbaycan üçün heç bir xüsusi əhəmiyyət daşımayacaq, sadəcə Amerikanın iqtisadi maraqlarının qorunmasına xidmət edəcək. Əvəzində isə bölgədə yaşayan insanlar ekoloji fəlakətlə üzləşəcək, Qəbələ və ona ətraf rayonlardakı insanların taleyini yaşamağa məhkum olunacaqlar”

Müraciətin sonunda Müstəqil Ekoloji Araşdırmalar Mərkəzi Azərbaycan xalqına, xüsusilə cənub bölgəsində yaşayan soydaşlarımıza, habelə ölkədə fəaliyyət göstərən ekoloji təşkilatlara və KİV-ə müraciət edərək gələcək nəsillərin taleyini düşünərək regionun üzləşə biləcəyi ekoloji problemlərin qarşısını vaxtında almaq üçün səyləri birləşdirməyə çağırır.

Müsavat Partiyasının mətbuat xidməti, 16 dekabr 2005-ci il