”Azadlıq ” blokunun dekabrın 18-də
“20 Yanvar-Qələbə” marşrutu üzrə mitinq keçirmək
üçün müraciət etmişdi
”Azadlıq ” blokunun dekabrın 18-də “20 Yanvar-Qələbə” marşrutu üzrə mitinq
keçirməklə bağlı dekabrın 2-də Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı
müraciətə bu gün cavab verilib. Cavab məktubunda müxalifətin aksiyanı yenə də
Biləcəri qəsəbəsində yerləşən Könüllü Hərbi-Vətənpərvərlik və Texniki İdman
Cəmiyyətinin stadionunda keçirməsi (Motodrom) məqsədəuyğun hesab edilib.
Bakı şəhər İcra Hakimiyyəti həmin cavab məktubunda 26 noyabr 2005-ci ildə
“Qələbə” meydanında müxalifətin keçirdiyi mitinq zamanı güc strukturları
tərəfindən törədilmiş zorakılıq və insanlara zor tətbiq edilməsinin günahını
müxalifətin üzərinə yıxmağa cəhd edib. Belə ki, guya mitinq iştirakçıları həmin
gün qanunsuz hərəkətlərə yol vermiş, zorakılığa və kütləvi itaətsizliyə
çağırışlar səsləndirmiş, eləcə də daxili işlər orqanlarının əməkdaşlarına zorakı
müqavimət göstərmiş, xidməti vəzifələrini yerinə yetirən polis və daxili
qüvvələrin əməkdaşları müxtəlif dərəcəli bədən xəsarəti almışlar. Bakı şəhər
İH-nin məktubundakı bu sitatlar Bakı şəhər prokuroru Ədalət Mirsalamlı və Bakı
şəhər baş polis idarəsinin rəisi Məhərrəm Əliyevin məktublarına istinadən tərtib
edilib. Cavab məktubunda göstərilənlərin nə dərəcədə qanunauyğun olub-olmaması
ilə bağlı hüquq müdafiəçisi Səfdər Nəhmətliyə müraciət etdik. S. Nəhmətli dedi
ki, Bakı şəhər İH bilməmiş deyil ki, 26 noyabr hadisələri ilə bağlı Respublika
prokurorluğu cinayət işi başlayıb və təhqiqat aparılır. Belə olan halda şəhər
prokuroru və paytaxtın baş polisinin hadisələrə birtərəfli mövqedən yanaşması və
İcra hakimiyyətinin də bu yanlış mövqeyə istinad edərək mitinqin
təşkilatçılarına cavab verməsi anlaşılan deyil. Eləcə də, cavab məktubundan
görünür ki, daxili işlər naziri R. Usubovun cidd-cəhdlə həmin mitinqin
dağıdılmasında daxili qoşunların qüvvəsindən istifadə edilmədiyini israr etməsi
həqiqətə uyğun deyil.
Bakı şəhər İcra hakimiyyətinin məktubunda hədələyici tonlar da mövcuddur.
Məktubda birbaşa göstərilir ki, sərbəst toplaşmaq azadlığı haqqında AR qanununun
müddəalarının pozulması kimi qiymətləndiriləcək hallar mövcud olarsa, yarana
biləcək mənfi nəticələrə görə mitinqin təşkilatçıları və hətta iştirakçıları da
məsuliyyət daşıyacaqlar. S. Nəhmətlinin fikrincə, məktubun bu formada tərtib
olunması Azərbaycan qanunvericiliyini bilməməkdən və siyasi naşılıqdan irəli
gəlir. Belə ki, hər hansı bir hadisəyə görə, cavabdehlik məsuliyyətini məhkəmə
müəyyən edə bilər. Olmayan hadisəyə görə, qarşı tərəfin günahlandırılması isə
siyasi riyakarlıqdan başqa bir şey deyil.
Müsavat Partiyasının mətbuat xidməti, 16 dekabr 2005-ci il