
Avropa Şurası Azərbaycan haqqında hələlik
qərar vermədi
Bakıya növbəti missiya göndəriləcək
Dekabrın 15-də Parisdə Avropa Şurasının Monitorinq Komitəsində (MK) Azərbaycanda
parlament seçkisinin nəticələri və seckidən sonra yaranmış vəziyyət müzakirə
olunub.
Azərbaycan üzrə həmməruzəçilər Andreas Qross və Andres Herkel, Avropa Şurasının
Azərbaycandakı Seçkini Müşahidə Missiyasının rəhbəri Leo Platvoet Bakıya son
səfərlərinin yekunları barədə məlumat veriblər.
Bu barədə «Azadlıq» radiosuna hollandiyalı deputat Leo Platvoet məlumat verdi.
Onun sözlərinə görə, iclasda heç bir yazılı sənəd və ya hesabat qəbul olunmayıb,
sadəcə, fikir mübadiləsi aparılıb: «Gələn ilin əvvəllərində Avropa Şurası
hökumət, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarıyla müzakirələr aparmaq
üçün Azərbaycana daha bir nümayəndə heyəti göndərəcək. O vaxta kimi ATƏT-in
yekun hesabatı da hazır olacaq. Bizim əlimizdə hökumətlə müzakirələr aparmaq
üçün əlavə faktlar olacaq. Bir sözlə, növbəti missiyanın nəticələrini
gözləməliyik».
Leo Platvoet bildirdi ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına
göndərəcəyi yeni nümayəndə heyətinin mandatının təsdiq olunub-olunmaması
məsələsi hələ də açıq qalır. Onun sözlərinə görə, bu barədə son qərar yanvarda
Strasburqda Assambleyanın plenar sessiyasında veriləcək.
Leo Platvoetin verdiyi digər məlumata görə isə, Parlament Assambleyasının yanvar
sessiyasında Azərbaycanın siyasi qurumları, o cümlədən müxalifət partiyalarının
iştirakı ilə dinləmələr təşkil olunacaq.Onun sözlərinə görə, Assambleyanın
işində yüzlərlə parlament üzvü iştirak edir. Belə dinləmələr onlara
Azərbaycandakı proseslər barədə əlavə məlumat almaq imkanı verə bilər.
Cənab Platvoet deyir ki, Azərbaycanın Avropa Şurası ilə münasibətlərinin
gələcəyi Azərbaycanın öz əlindədir. «Azərbaycan Avropa Şurasının üzvü kimi
üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Hər şey Azərbaycanın öz
əlindədir. Əlbəttə ki, biz Azərbaycana bü öhdəliklərin icra olunmasında yardım
etməyə hazırıq» - deyə, o, bildirir.
Kənan Kazımoğlu, Azadlıq radiosu, 16.12.2005