İsa Qəmbər: Problemlərinizi biz həll edəcəyikİsa bəy İTV ekranında

"Sizi "Azadlıq" blokunun namizədlərinə səs verməyə və səsinizi müdafiə etməyə çağırıram"

Axşamınız xeyir, hörmətli televiziya tamaşaçıları, hörmətli bacılarım və qardaşlarım!

Sizi bir daha Müsavat Partiyası və "Azadlıq" bloku adından salamlayıram. Bir neçə gün əvvəl televiziyada çıxış edərkən maaşları artıracağımızı vəd etdim və aydın olsun deyə, rəqəmləri dollarla ifadə etdim. Deyəsən, hakimiyyət bundan narahat olub dolların qiymətini aşağı salmağa başlayıb. Əslində, yəqin ki, bu, hakimiyyətin səriştəsizliyi, bacarıqsızlığı ilə bağlı olan məsələdir. Bu hakimiyyətdən bundan artıq nə gözləmək olar? Bir hakimiyyətdə ki, baş nazir bilinmir nə işlə, Fərhad Əliyevlə Kəmaləddin Heydərov da bir-birlərini qırmaqla məşğuldur, İlham Əliyevinsə başı atasına heykəllər qurdurmağa qarışıb, təbii ki, bu hakimiyyətdən ölkənin idarə olunmasını gözləməyin mənası yoxdur.

Bu gün (dünən red.) çox yaxşı bir beynəlxalq konfrans keçirdik. Konfransda Ukraynadan, Belarusdan, Estoniyadan qonaqlarımız var idi. Çox maraqlı bir müşahidə apardım. Belarusdan olanlar çox narahatlıqla problemlərindən danışdılar. Onlar da bizim kimi kifayət qədər problemlərlə üzləşirlər. Ukraynalılar problemlərin içində olsalar da, çox inamlı görünürdülər. Çünki, onlar artıq bir problemlərini həll ediblər. Kuçma-Yanukoviç rejimindən yaxa qurtarıblar. Artıq seçim belədir ki, xalq kimə səs verəcək prezident Yuşşenkoya, yoxsa yenicə baş nazirlikdən getmiş Timoşenkoya. Ən inamlı isə estonlar görünürdülər. Çünki, estonlar artıq NATO-nun, Avropa Birliyinin üzvüdürlər. Estoniya artıq çox sakit şəkildə öz yoluna davam edir. Təsəvvür edin ki, Azərbaycan kimi zəngin sərvətləri, bu qədər zəhmətkeş xalqı olan məmləkət azad, Avropa Birliyinin, NATO-nun üzvü olsaydı, nə qədər yüksək bir inkişaf olardı. Bir neçə gün öncə Estoniya və Azərbaycanın dövlət büdcəsində olan fərqdən danışmışdım. Azərbaycan kimi zəngin bir ölkənin büdcəsi 2 milyard, Estoniya kimi o qədər də zənginlikləri olmayan ölkənin büdcəsi 4 milyard dollardır. Bunun səbəbi barədə suala cavab vermişdim ki, Azərbaycanda rüşvət, korrupsiya, yoxsulluq var. İndi isə başqa bir müqayisə etmək istəyirəm.

Bir neçə həftə bundan əvvəl Estoniyanın polis departamentinin rəhbəri istefa verdi. Bilirsiz', nəyə görə? Ona görə ki, valideynlərini bir şəhərdən başqa şəhərə öz xidməti maşınında göndərmişdi. Bunu qəzetlər yazdılar, parlamentdə bu, danışıldı və ölkə polisinin rəhbəri istefaya getməyə məcbur oldu. Azərbaycanda isə bu qədər qanunsuzluqlar, cinayətlər baş verir, hüquq-mühafizə orqanları cinayətkarlığa qarşı yox, siyasi müxalifətə qarşı mübarizə aparırlar. Hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslər adam öldürmək, adam oğurluğu kimi ağır cinayətlərdə ifşa olunurlar, amma heç kimin tükü tərpənmir. Elə bil bu məmləkətdə heç kim heç nəyə görə məsuliyyət daşımır. Arxayın şəkildə xalqı soymaqda davam edirlər. Bütün bunlara son qoymaq üçün sizi noyabrın 6-da keçiriləcək seçkilərdə fəal iştirak etməyə, "Azadlıq" blokunun namizədlərinə səs verməyə və səsinizi müdafiə etməyə çağırıram. Hər birinizdən xahiş edirəm ki, oktyabrın 1-nə qədər seçki məntəqələrinə gedib, adınızı seçici siyahılarında axtararsınız. Çünki seçkini saxtalaşdırmaq üçün çoxunuzun adını qəsdən siyahıya salmırlar. Əmin olun ki, biz hakimiyyətə gələcəyimiz təqdirdə maaşlarınızı 400-500 dollara, pensiyaları 100 dollara qədər qaldıracağıq. Biz bunu edəcəyik!

Tanrı Azərbaycanımızı qorusun!

İsa Qəmbər, Bakı, 17 sentyabr, İTV