ETİRAZ AKSİYALARI BƏRPA OLUNUR

«Azadlıq» bloku yenidən seçki saxtakarlıqlarına etiraz olaraq aksiyalara başlamaq qərarı verib. Dünən blokun mitinq komitəsi Bakı İH-nə məktub göndərərək «28 may», «Füzuli» və Nəriman Nərimanov metro stansiyasının qarşısındakı meydanlardan birində müxalifətin aksiya keçirməsinə razılıq verilməsini istəyib. Yada salaq ki, 26 noyabrdan sonra bu, müxalifətin təyin etdiyi artıq üçüncü mitinqdir. Öncəki mitinqlərin keçirilməsi üçün «Qələbə» meydanını tələb edən müxalifətə meriya Motodromu təklif etmişdi. AXCP-nin mitinq komitəsinin başçısı Həsən Kərimovun sözlərinə görə, meriyanın «Azadlıq» blokuna Motodromu təklif etməsi əslində hakimiyyətin müxalifətə rədd cavab verməsidir:«Qəti şübhə etmirəm ki, hakimiyyət müxalifəti qarşıdurma yaratmaqda suçlayacaq. Biz dəfələrlə sübut etmişik ki, dinc aksiyaların tərəfdarıyıq. İndiyə qədər «Qələbə» meydanında müxalifətin onlarla aksiyası keçirilib. Nəyə görə indi bizi «Qələbəyə» buraxmırlar? İqtidar bəhanə gətirir ki, 26 noyabrda müxalifət qarşıdurma yaradıb. Məgər 26 noyabrda itləri, hərbi qüvvələri çoxsaylı polis müxalifətin əmri ilə dinc insanların üzərinə getməyə biz məcbur etmişdik? Azərbaycan konstitusiyasına görə vətəndaşların istədikləri yerdə aksiya keçirmək haqqı var. Biz bu haqqı gerçəkləşdirəcəyik. Baş verə biləcək hər hansı qarşıdurmaya görə isə məsuliyyət iqtidarın üzərinə düşəcək».

Göründüyü kimi, müxalifət görünməmiş seçki saxtakarlığına yol verən, buna etiraz edən vətəndaşlara divan tutuan hakimiyyətin qarşısından geri çəkilmək niyyətində deyil.

Yada salaq ki, Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında Azərbaycandakı parlament seçkiləri ciddi müzakirə ediləcək və Azərbaycanın qurumdakı mandatının tanınması məsələsi gündəmə gələcək. Eyni zamanda ATƏT-in yekun hesabatının səslənməsinə də olduqca az vaxt qalıb bu səbəbdən ölkədə vətəndaşların saxta seçkilərlə barışdığı göstərmək yetərincə vacibdir. Bu arada iqtidar daxilindən sızdırılan xəbərlərə görə iqtidar Azərbaycanın AŞPA-dakı mandatının təsdiqlənməsi üçün bir sıra ölkələrin, o sıradan. Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Yuqoslaviya deputatlarını pulla ələ almaq fikrindədir. Bu «bazarlıq» üçün vəsait toplanması birbaşa Vergilər Nazirliyinə tapşırılıb. İlham Əliyevin yanında keçirilən qapalı müşavirədə ARDNŞ-in, Nəqliyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və başqa iri komitələrin bu işə vəsait qoyması göstərişi verilib. İlham Əliyev bildirib ki, Azərbaycanın mandatının təsdiqlənməsi üçün bütün mümkün vasitə və üsullardan istifadə edilməlidir. Artıq Strasburqda olan Səməd Seyidov və Asim Mollazadənin Azərbaycanın xeyrinə səs verəcək «potensial» namizədlərə danışıqlara başladığı xəbər verilir.

Həm 26 noyabr aksiyasının gedişində, həm də aksiyadan sonra müxalifət düşərgəsində yaranan mübahisəli məqamlar isə artıq aradan qalxmaqdadır. Müxalifətdən seçilən deputatların parlamentə getməsilə bağlı məsələ artıq müzakirə mövzusu deyil. AXCP və ADP öncədən iştirakdan qəti imtina edəcəklərini bildirsələr də Müsavat Partiyasından fərqli fikirlər səslənməkdə idi. Ancaq indi Müsavat funksionerləri də parlamentə getməyin əleyhinə çıxış edirlər. Demək indi yalnız təkrar seçkilərə gedilməsilə bağlı məsələ çözümünü gözləyir.

Tarix dəfələrlə sübut edib ki, xalqlar yalnız istədikləri, arzu etdikləri qədər azad olurlar. Azərbaycan xalqı 6 noyabr seçkilərində azadlığa hazır və layiq olduğunu sübut edib. Biz qarşımıza çıxan heç bir çətinliyə baxmayaraq dinj demokratik mübarizə yolundan çəkinməməliyik. Uğurun açarı isə passiv olmamaqda, haqqını tələb etməkdədir. Bizim və sizin azadlığınız uğrunda

Aygün Muradxanlı, "Bakinskiye Vedomosti", No 36, 17.12.2005
www.monitorjournal.com