Bu gün Müsavat Partiyasının qərargahında
partiyanın Məclisinin növbəti toplantısı keçirilib
Toplantıda parlament seçkilərinin nəticələri və partiyanın qarşısında duran
vəzifələr müzakirə olunub. Sözügedən məsələlərlə bağlı Müsavat Partiyasının
başqanı İsa Qəmbər geniş nitq söyləyib. Sonra Müsavat başqanının müavini Arif
Hacılı çıxış edərək parlament seçkilərində baş verən qanun pozuntuları haqqında
məlumat verib. Daha sonra Məclis üzvləri müzakirələrdə iştirak ediblər. Çıxış
edənlər parlament seçkilərinin total şəkildə saxtalaşdırıldığını, ölkə
Konstitusiyası və seçki qanunvericiliyinin tələblərinə cavab vermədiyini
bildirib bu barədə konkret faktlar söyləyiblər.
Müzakirələrdən sonar seçkilərin nəticələri, “Azadlıq” blokunun fəaliyyətinin
gücləndirilməsi və müxalifətin konsolidasiyası istiqamətində qərarlar qəbul
olunub. Məclis Müsavat partiyasının Divanının qərarını bəyənərək deputat
seçilmiş üzvlərin indiki mərhələdə Milli Məclisin işində iştirak etməməsini
məqsədəuyğun sayıb
Məclis seçkinin nəticələri və parlamentə bağlı digər məsələlərin yekun
müzakirəsini yanvarın sonu–fevralın əvvəllərində keçirmək barədə qərar qəbul
edib.
Məclisin bu günkü toplantısında həmçinin Ermənistan-Azərbaycan konfliktinin
həllinə dair intensivləşmiş danışıqların intensivləşdirilməsi ilə bağlı bəyanat
da qəbul edilib.
Bəyanatda deyilir:
“Son günlər Ermənistan-Azərbaycan konfliktinin həlli ilə bağlı beynəlxalq
səylərin xeyli dərəcədə artması müşahidə edilir. Regiona Minsk qrupu
həmsədrlərinin gəlişi ilə bağlı bu məsələ ətrafında şərhlər və müzakirələr daha
da artıb. Bu şərhlərin içərisində belə bir fikir xüsusi ilə qabardılır ki, guya
2006-cı ildə Ermənistan-Azərbaycan konfliktinin həllində bütün tərəflər üçün
daha konstruktiv addımlar atmaq üçün münasib şərait yetişib. Hətta belə bir
fikir də vurğulanır ki, son vaxtlar əldə edilmiş kompromislər hesabına aralıq
sazişi adlandırıla biləcək bir mətn üzərində razılaşma da əldə edilib.
Müsavat Partiyasının Məclisi belə hesab edir ki, Ermənistan-Azərbaycan
konfliktinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi çərçivəsində həll edilməli və burada Azərbaycan hər hansı təslimçi
sülh sazişinə sürüklənməməlidir.
Bu prosesi hər zaman diqqət mərkəzində saxlayan Müsavat Partiyası bundan sonra
da gəlişmələri diqqətlə müşahidə edəcək. Müsavat Partiyası Azərbaycanın bütün
ictimai-siyasi quruluşlarını, bütövlükdə cəmiyyəti bu ümummilli məsələdə
ayıq-sayıq olmağa çağırır.
Axırda cari məsələlər baxılıb.
![]() |
![]() |
![]() |
Müsavat Partiyasının mətbuat xidməti, 17 dekabr 2005-ci il