Müxalifət bu gün növbəti mitinqini
keçirəcək
Hamı saat 15:00-da Bakının mərkəzinə!
Aksiyanın əsas tələbi təkrar
parlament seçkilərinin keçirilməsidir
Bu gün birləşmiş müxalifət təkrar parlament seçkilərinin keçirilməsi tələbi ilə
Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirəcək. Seçkiöncəsi
olduğu kimi təşkilatçılar bu günkü mitinqi altı marşrut üzrə - Xalçaçılıq
muzeyi-Azadlıq meydanı, “Qarabağ” mehmanxanası- “Nərimanov” kinoteatrı, Ayna
Sultanovanın heykəli-Gənclik meydanı, Əzizbəyov heykəli-Elmlər Akademiyası
binasının qarşısı, “28 May” metrostansiyası- Cəfər Cabbarlı heykəlinin qarşısı,
Sabir bağı-Füzuli meydanı - keçirməyi nəzərdə tutur. 15:00-da başlayacaq
aksiyanın konkret hansı meydanda keçiriləcəyi mitinqdən bir neçə saat öncə bəlli
olacaq.
Onu da nəzərə çatdıraq ki, bu aksiya birləşmiş müxalifətin parlament
seçkilərindən sonra təşkil etdiyi ilk sanksiyalaşdırılmamış tədbiridir. Dünən
Mitinq Komitəsinin üzvləri Həsən Kərimov və Məmməd Zeynalov Bakı Şəhər Baş Polis
İdarəsinə (BŞBPİ) çağırılıblar.
Görüşdə idarənin rəisi Məhərrəm Əliyev aksiyanın təşkilatçılarına
razılaşdırılmamış mitinq keçirməmək barədə xəbərdarlıq edib. Məmməd Zeynalov
görüşlə bağlı qəzetmizə açıqlamasında BŞBPİ rəhbərliyinin ənənəvi olaraq
xəbərdarlıq etdiyini bildirdi: “Görüşdə prokurorluğun nümayəndələri də iştirak
edirdi. Məhərrəm Əliyev söylədi ki, müxalifət sanksiyalaşdırılmamış aksiyaya
cəhd göstərəcəyi təqdirdə, bunun qarşısının polis qüvvələri tərəfindən
qətiyyətlə alınacağını söylədi. Biz isə öz növbəmizdə aksiyanı keçirməkdə
israrlı olduğumuzu onların diqqətinə çatdırdıq”.
Müsavat Partiyası mitinq komitəsinin rəhbəri Arif Hacılı aksiyanın yerinin
açıqlanmamasının taktiki gediş olduğunu bildirdi. Müxalifət qüvvələrinin bu
tədbirə ciddi şəkildə hazırlaşdığını deyən A.Hacılı məqsədlərə nail olunacağını
söylədi: “Hesab edirəm ki, etiraz aksiyası proseslərin gedişində 21 may
tarixində keçirilən mitinq kimi əhəmiyyətli rol oynayacaq. Müxalifət sərbəst
toplaşmaq hüququnu bərpa edə biləcək”.
O, həmçinin Milli Birlik və AMİP fəallarının aksiyada fəal iştirak edəcəklərini
də vurğuladı.
AXCP sədrinin müavini Fuad Mustafayev təşkilatlarda aksiyaya ciddi hazırlıq
işlərinin aparıldığını, partiya üzvlərinə davranışları ilə bağlı bir sıra
tapşırıqlar verildiyini söylədi: “Nümayişçilərə tapşırılıb ki, mitinqdə polisə
qarşı maksimum sayğılı və dözümlü olsunlar. Hakimiyyətin yarada biləcəyi hər
hansı bir təxribata uymasınlar”.
Bugünkü aksiyanın vətəndaşların sərbəst toplaşmaq hüququnun təsbit edilməsi
uğrunda olduğunu deyən F.Mustafayev bildirdi ki, müxalifət mübarizəsinin davamlı
olduğunu göstərəcək: “Azərbaycan cəmiyyətinin bu vəziyyətlə barışmadığını
nümayiş etdirəcəyik. Ümid edirəm ki, sabahkı aksiya ilə situasiyada dəyişiklik
edə biləcəyik”.
Aksiyanın kütləviliyinin nə dərəcədə təmin olunacağına gəlincə, F.Mustafayev
sanksiyalaşdırılmamış mitinqlərdə say çoxluğunun bir o qədər də önəm kəsb
etmədiyini dedi: “Hər halda cəmiyyətin fəal hissəsi mitinqdə iştirak edəcək”.
Tədbirin əsas məsuliyyətini daşıyan yerli təşkilat rəhbərlərinin mövqeyini
öyrəndik.
Müsavat Partiyası Binəqədi rayon təşkilatının sədri Tofiq Yaqublu ümumi
əhval-ruhiyyənin yüksək olduğunu dedi. Onun sözlərinə görə, partiya
təəssübkeşləri və üzvləri aksiyada fəal iştirak etmək niyyətindədirlər:
“Aparılan təbliğati, təşkilati hazırlıqlar belə deməyə əsas verir ki, aksiya
bizim istədiyimiz kimi alınacaq”.
Səbail rayon təşkilatının sədri Hüseyn Məlikov bildirdi ki, hakimiyyətin son
hərəkətləri cəmiyyətdə ciddi narazılıq doğurub: “İnsanlar öz haqları uğrunda
mübarizədə iştirak etmək niyyətindədirlər. Bu gün keçirəcəyimiz aksiya
hakimiyyətlə apardığımız haqq davasının növbəti mərhələsi olacaq”.
AXCP Nərimanov rayon təşkilatının sədri Cəmaləddin Ələkbərli mitinqin möhtəşəm
alınacağını bildirdi: “Hakimiyyətin təzyiqlərinə baxmayaraq, insanların aksiyada
iştirakını təmin etməyə çalışırıq”. C.Ələkbərli blokun razılaşdırılmamış
aksiyalara başlamaq barədə qərarının yerinə düşdüyünü söylədi: “Müxalifət
hakimiyyətə səhv yolda olduğunu başa salmalıdır. Bu gün nümayiş etdirəcəyimiz
əzmkarlıq aksiyaların sonrakı taleyində əhəmiyyətli rol oynayacaq. Vətəndaşlar
da təkrar seçkilər keçirilənədək tələblərimizdən geri çəkilməməyimizin
tərəfdarıdır”.
LEYLA, Yeni Müsavat, 18.12.2005