Birləşmiş müxalifət razılaşdırılmamış aksiya keçirib

Bu gün birləşmiş müxalifət parlament seçkilərinin nəticələrinin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi tələbi ilə Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirib. Xatırladaq ki, aksiyanın keçirilməsi ilə bağlı müxlifətin Bakı şəhər İH-nə ünvanladığı müraciətə cavab məktubunda mitinqin “Motodrom”da keçirilməsi təklif olunsa da, müxalifət rəhbərləri bununla razılaşmamış, aksiyanın paytaxtın mərkəzi meydanlarında keçiriləcəyi ilə bağlı açıqlama vermişdi.
Əvvəlki razılaşdırılmamış mitinqlərdən fərqli olaraq bu dəfəki aksiya eyni vaxtda şəhərin müxtəlif yerlərində keçirilib. Müsavat Partiyası aksiyanı saat 15.00-da Elmlər Akademiyasının qarşısındakı meydanda keçirmək qərarı vermişdi.
 
Bu günkü aksiyada da polislər mitinqçilərin bir yerə toplaşmasına imkan verməmək üçün xüsusi əməliyyat keçiriblər. Belə ki, onlar əvvəlcədən tanıdıqları fəalları mitinq keçiriləcək əraziyə yaxın buraxmır, müxtəlif bəhanələrlə insanları MEA-nın qarşısındakı meydana daxil olmasına mane olurdular. Lakin bununla belə Ədliyyə Nazirliyinin qarşısındakı küçəyə yığışmağa müvəffəq olan müsavatçılar yürüş edərək “Azad seçki”, “İstefa” və “Təkrar seçki” şüarlarını səsləndiriblər və H.Cavid bağına doğru irəliləyiblər. Partiyanın Nizami rayon təşkilatının sədri Nizaməddin Quliyev, Füzuli rayon təşkilatının sədri Məzahir Heydərli, Cəbrayıl r/t-nın Vasif Musayev, Sumqayıt şəhər təşkilatının sədri, millət vəkili İkram İsrafilov, Ağdam r/t-nın sədri Pərviz Əliyev, Kürdəmir r/t-nın sədri Baha Mikayılov H. Cavid bağına daxil olan mitinqçilərin önündə olub. Yalnız bundan sonra polislər aksiya iştirakçılarına hücum edərək onları buradan uzaqlaşdırmağa və Elmlər Akademiyası metrosuna tərəf sıxışdırmağa nail olublar. Bu təzyiqlərdən geri çəkilməyən musavatçılar dəstə şəklində əraziyə səpələnərək şüarlar səsləndirməkdə davam ediblər. Təxminən bir saat ərzində aksiya iştitrakçıları həmin ərazidə etirazlarını bu şəkildə davam etdiriblər.

Bu gün saat 14.30 radələrində Müsavat başqanının müavini Arif Hacılı mitinqə getmək istəyərkən naməlum şəxslər tərəfindən saxlanılaraq Sumqayıt istiqamətində aparılıb. Təqribən 1 saat sonra o, Sumqayıt şəhərində sərbəst buraxılıb.

Müsavat Partiyasının mətbuat xidməti, 18 dekabr 2005-ci il