MÜXALİFƏT İNAD GÖSTƏRDİ

ANS-in 18 dekabr 21:00 verilişindən kadr
ANS-in kadrlarıANS 18.12.2005 21:00 verilişi

FƏDAKAR İNSANLAR DÜNƏN YENİDƏN KÜÇƏLƏRƏ AXIŞARAQ "AZAD SEÇKİ!" TƏLƏBİ SƏSLƏNDİRDİLƏR
MÜXALİFƏT DİNC MÜBARİZƏSİNİ İSRARLA DAVAM ETDİRİR

Dünən "Azadlıq" blokuna daxil olan partiyalar saxta parlament seçkilərinin nəticələrinin ləğvi və təkrar seçki tələbilə etiraz aksiyası keçirdi. 26 noyabr mitinqindən sonra hakimiyyətin kütləvi tədbirlərə qeyri-qanuni qadağa qoyması səbəbindən müxalifət razılaşdırılmamış aksiya keçirməyə vadar olmuşdu. Ona görə də mitinqin konkret hansı ünvanda keçiriləcəyi son dəqiqələrədək bəlli deyildi.

AXCP-nin şəhərin mərkəzində toplaşacağı barədə məlumat aldıqdan sonra partiyanın mərkəzi qərargahına yollandıq. Hakimiyyəti müxalifətin aksiyasından narahat olduğunu şəhərin ən müxtəlif yerlərində saxlanılan avtobusların içərisindəki polislərin "döyüşə hazır" vəziyyətdə saxlanılması sübut edirdi. Nəsimi rayon Polis İdarəsindən bir tin aşağıda isə marşrutların Cəfər Cabbarlının abidəsi istiqamətində hərəkəti bağlanmışdı.

AXCP-nin mərkəzi qərargahına çatanda isə məlum oldu ki, cəbhəçilər son anda mitinqi metronun "Nərimanov" stansiyasının qarşısında keçirməyə qərar veriblər. Görünür, hakimiyyət də bundan vaxtında xəbər tutmuşdu. Çünki AXCP-nin qərargahı yaxınlığında tək-tük polis gözə dəydiyi halda, Nərimanov parkının yaxınlığına böyük bir qüvvə gətirilmişdi. Çevik Polis Alayının əməkdaşları, onların yaxınlığında mülki geyimli dəstələr də mitinqçiləri gözləyirdilər.

SÜKUT POZULDU

Saat 15.00-da "Nərimanov" kinoteatrının qarşısında səslənən "azad seçki" şüarı müxalifətin bir aydan çox davam edən sükutu pozdu. Park tərəfdə dayanan polislər həmin istiqamətə qaçmağa başladı. Dərhal da AXCP Rəyasət Heyətinin üzvü Xalid Bahaduru polis maşınına minməyə vadar etdilər. Lakin polisin dərhal həbslərə başlaması mitinqçiləri heç də narahat etmədi və bu dəfə "İlhama istefa!" şüarı ucaldı. Polisin dəyənəkli, dəbilqəli böyük bir dəstəsi insanları metronun girişinə doğru sıxışdırmağa başladı. Bu dəfə "asayiş keşikçiləri" xüsusi fəallıq edən və "azad seçki" qışqıran AXCP Rəyasət Heyətinin digər üzvü Fuad Qəhrəmanlının üstünə şığıdılar. Bir neçə polis əvvəlcə Fuad bəylə kobud davransalar da, sonradan onun "buraxın, özüm gedirəm" sözlərindən sonra zorakılıqları dayandırdılar. Bundan sonra daha bir neçə nəfər saxlanılaraq parkın tinindəki polis avtobuslarına doğru aparıldı. Amma saxlanılanlar avtobusun içində də rejimə lənətlər oxuyur və saxta hakimiyyəti müdafiə edən polisi qınayırdılar. Bu zaman yüksək çinli polis zabiti seçkinin antidemokratikliyindən danışan müxalifətçiyə "a kişi, o nə mənlikdir, nə də sənlik" cavabını verdi.

"SEYİDOV, SƏN NƏ EDİRSƏN, VURMA!"

Dünənki aksiyanın özəlliklərindən biri də polisin insanlarla zorakı davranması idi. Xüsusilə də zabit heyəti insanlara "qadan alım, qurban olum"la danışır, onları dilə tutub ərazidən uzaqlaşdırmağa çalışırdı. Lakin aksiya iştirakçıları "bura bizim vətənimizdir, hara gedək" deyə etirazlarını bildirirdilər. Növbəti "Azad seçki!", "İstefa!" şüarları da bu mübahisələrin qızışmasından sonra qopdu. Mitinq iştirakçıları uca səslə şüarlar səsləndirərək bu dəfə Ağa Nemətulla küçəsi ilə yürüş etməyə başladılar. Kənardan insanların onlara qoşulması və ətrafda yaşayan sakinlərin aksiyaya diqqət kəsilməsi bu dəfə polisi sərt addım atmağa vadar etdi. Bir neçə nəfər tutulsa da, gənclər şüar səsləndirməkdə davam edirdi. Belə olan təqdirdə polislər gəncləri qovmağa başladılar. Aksiya iştirakçılarından biri pilləkənə ilişib yıxıldı. Yıxılmış gəncə zərbələr endirən polis çavuşu isə rəisinin sərt reaksiyasına tuş gəldi: "Seyidov, sən nə edirsən, vurma!" Seyidov əsəbi şəkildə kənara çəkiləndə rəisi onu bir az da töhmətləndirdi və gənci sərbəst buraxdılar. Cəbhəçi qadınlar şüarlar səsləndirərək küçə boyu irəlilədikcə polis dəstəsi də onların arxasıyca gəlirdi. Bu zaman qadınlardan biri yanındakı polisə "ay bala, axı sizin də qeyrətiniz var, Qarabağ orda işğaldadır, özümüz burda əsarətdəyik" deyəndə polis ona fikrini tamamlamağa imkan vermədi. "Çıx get burdan". Cavid adlı polis isə aqressivliyi ilə daha çox seçilirdi. O gah qadınları itələyir, onlara kobudluq edir, gah da mitinqçilərdən kiminsə üstünə tutub polis maşınına basırdı.

HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ QADAĞA

Zorakılığa yol verməmək tapşırığı alan polis gah bu, gah da digər tərəfə yürüş edən, şüarlar qışqıran mitinqçilərin əlində aciz qalmışdı. DİN-in Xanlar adlı yüksək rütbəli zabiti isə əsəbləşərək hüquq müdafiəçiləri Səidə Qocamanlı və Novella Cəfəroğlunu ərazidən uzaqlaşdırmağa çalışdı. O, sübut etməyə çalışırdı ki, hüquq müdafiəçiləri getsə, mitinqçilər də da dağılışacaq: "Camaat sizin başınıza yığışır". Lakin onların israrına baxmayaraq, bu hüquq müdafiəçiləri monitorinq apardıqlarını və hesabat hazırlayacaqlarını deyərək ərazini tərk etmədilər. Lakin onlar metronun girişinə doğru hərəkət edərkən də maneə ilə üzləşdilər. "Olmaz, orda tədbir gedir" deyən zabit də nəhayət daşı ətəyindən tökəsi oldu. İştirakçı gənclərin sırasında çoxlu tələbələr, o cümlədən Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər də var idi.

"BİR AZ GÖZLƏYİN, SONRA GƏLƏRSİNİZ"

Saat 15.45-də ərazidəki insanlar bir yerə toplaşaraq yenidən şüarlar səsləndirməyə başladılar. Bu isə bayaqdan aksiya iştirakçılarının içərisində vurnuxan mülki geyimliləri hərəkətə gətirdi. Onlar dərhal fəal mitinqçiləri saxlayıb naməlum istiqamətə aparmağa başladılar. Hətta bu qoçular yaxınlıqdakı taksi sürücülərinə və şəxsi minik avtomobillərinin sahiblərinə də təzyiq göstərib müxalifətçiləri aparmaq üçün maşınlarının qapısını açmağı tələb edirdilər. Bir "Tofaş" markalı taksinin sürücüsünə "aç qapını" deyə bağırsa da, sürücü ona məhəl qoymadı. Mülki geyimli isə polisə, "rəis, bununla məşğul ol" deyib müxalifətçini başqa bir maşınla apardılar. Zorakılıqlara məruz qalanlardan biri isə "Bakı xəbər" qəzetinin əməkdaşı Nəbi Alışov oldu. Həmkarımız polis və mülki geyimli qoçu tərəfindən təhqir olundu. İnsanları ərazidən uzaqlaşdırmağa çalışan polislər buna nail olmadıqda şirin dillərini işə salırdılar. Bir qadın yanındakı kişini göstərib "bunu 50 dəfə tutubsunuz, görün sizdən qorxur?" deyə soruşdu. Polis nəfəri isə yavaşca mitinqçiyə "bir az gözləyin, sonra gələrsiz" deyib geri qayıtdı. Növbəti cəhddən sonra da fədakar mitinqçilər bir neçə dəqiqə ərzində müxtəlif şüarlar səsləndirdilər. Ancaq bu dəfə polis insanlarla rəftarında heç bir kobud hərəkətə yol vermədi və aksiya başa çatdı. Qeyd edək ki, bu tədbir demokratik qüvvələrin hakimiyyətin hər hansı qadağalarına boyun əymək fikrində olmadığını, iqtidarın isə xalq etirazlarından kifayət qədər çəkindiyini sübut etməsi baxımından önəmli oldu.

Elşad PAŞASOY, Yeni Müsavat, 19.12.2005


AKSİYA "ELMLƏR AKADEMİYASI" QARŞISINDA DA DAVAM ETDİ

MÜSAVAT BAŞQANININ MÜAVİNİ ARİF HACILI SAXLANDI

Dünən müxalifətin etiraz aksiyalarından biri Milli Elmlər Akademiyasının (MEA) binası qarşısında nəzərdə tutulduğdan, sözügedən əraziyə yollandıq. Mitinqin başlanmasına hələ yarım saat qalmış MEA-nın önü, ərazinin yaxınlığında yerləşən Hüseyn Cavid bağı və metronun "Elmlər Akademiyası" stansiyasının ətrafı polislər tərəfindən tam nəzarətə götürülmüşdü. Polis metrostansiyanın giriş və çıxışında insanların toplaşmasına imkan vermirdi. Hüseyn Cavid bağı və Akademiyanın qarşısını isə polis mühasirəyə almışdı.

Bu azmış kimi xüsusi vasitələrlə təchiz edilmiş yüzə yaxın çevik polis alayının əməkdaşları hazır vəziyyətdə Akademiya binasının arxa tərəfindəki ərazidə yerləşdirilmişdi. Buna baxmayaraq, ətrafda mitinqə gəlmiş xeyli sayda insan səbirsizliklə aksiyanın başlaması anını gözləyirdi. Çox keçmədi ki, saat 15.00 radələrində Müsavat Partiyası yerli təşkilatlarının sədrləri Nizaməddin Quliyev, Məzahir Heydərli və Vasif Musayev MEA binasının qarşısındakı meydanda göründü. Elə bu vaxt meydana axışmaq istəyən müsavatçılar əvvəlcədən hazır vəziyyətdə dayanmış polislərin müqaviməti ilə üzləşdilər.

Çox keçmədi ki, yüksək rütbəli iki polis əməkdaşının göstərişi ilə N.Quliyev məcburi qaydada ərazidən uzaqlaşdırdı. Bunun ardınca polislər həmin vaxt peşə borcunu yerinə yetirən "Yeni Müsavat"ın redaktoru Mustafa Hacıbəyliyə hücum etdilər. Bir neçə polis əməkdaşı jurnalistə təzyiq edərək, onun meydandan çıxıb getməsini təkidlə tələb edirdilər. Ancaq hadisə yerində olan mətbuat nümayəndələrinin işə qarışması nəticəsində jurnalistə edilən təzyiqlərə son qoyuldu. Lakin bununla belə, aksiyaya gəlmiş müsavatçılar öz niyyətlərini MEA-nın önündəki Hüseyn Cavid bağında reallaşdıra bildilər.

"Azadlıq" blokunun namizədi kimi seçkilərdən qalib çıxmış İkram İsrafilin da qatıldığı bu aksiyada "Azad seçki!" şüarını səsləndirən mitinqçilər hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham etdilər. Amma Yasamal rayon polis İdarəsinin əməkdaşları burada da mitinqçilərə aksiyanı davam etdirməyə imkan vermədilər. Hadisə yerində görünən Yasamal rayon polis İdarəsinin rəis müavini Çingiz Məmmədov əməkdaşlarından nümayişçilərin təcili dağıdılmasını tələb etdi. Bu hadisədən sonra bir qədər aqressivləşmiş polis insanları məcburi qaydada avtobuslara və yaxınlıqdakı metroya mindirərək müxtəlif istiqamətlərə yola saldılar.

Qeyd edək ki, polisin bu hərəkətləri dayanacaqlarda avtobus gözləyən insanların ciddi etirazlarına səbəb olsa da, onlar yenə heç nəyə məhəl qoymadan mitinqçilərin bir yerdə toplaşmasına imkan vermirdilər. Doğrudur, əvvəlki mitinqlərdən fərqli olaraq, asayiş keşikçiləri bu dəfə aksiya iştirakçılarını dəyənəyə qonaq etmədilər, amma onlarla kobud rəftarı da unutmadılar. Sonda onu qeyd edək ki, müxalifətin təxminən 2 saat davam edən icazəsiz aksiyası zamanı Müsavat Partiyasının başqan müavini Arif Hacılı istisna olmaqla, heç bir müxalifətçi həbs olunmadı. Polislər insanların bir yerdə toplaşmasına imkan verməsələr də, aksiya müddətində hər hansı zorakılıq halı müşahidə edilmədi.

MƏHƏBBƏT, Yeni Müsavat, 19.12.2005,
Şəkillər Azadlıq qəzetininin və Rafiq Məmmədlinindir