“BİZ BÜTÜN VƏDLƏRİMİZİ YERİNƏ YETİRMƏK İQTİDARINDAYIQ” İsa Qəmbərin İTV ilə çıxışının videosu -19.10.2005

İSA QƏMBƏR: “Artıq bəzi məmurlar haqqın, ədalətin harada olduğunu dərk edərək, mövqelərini müəyyənləşdirmək barədə düşünməyə başlayıblar”

Dünən Müsavat Partiyasının başqanı, “Azadlıq” blokunun 20 saylı Nərimanov ikinci seçki dairəsindən vahid namizədi İsa Qəmbər İctimai Televiziyada namizədlər üçün ayrılmış pulsuz efir vaxtında çıxış etdi. Çıxışın mətnini təqdim edirik.

Hörmətli televiziya tamaşaçıları, mənim əziz bacılarım və qardaşlarım!

Bir daha sizi “Azadlıq” bloku və Müsavat Partiyası adından salamlayıram. Son günlər ölkədə baş verən hadisələri görürsünüz, bunun şahidisiniz. 17 oktyabrda hakimiyyət Rəsul Quliyevin Azərbaycana gəlməsinə yol vermədi. Neçə vaxtdır ona hədə-qorxu gələn, onu həbs edəcəyilə hədələyən hakimiyyət imkan vermədi ki, Rəsul Quliyevi gətirən təyyarə Bakıda yerə ensin. Həmin təyyarənin sahibi olan şirkətin prezidenti dünən rəsmi açıqlama verdi ki, onlar 14 oktyabrdan başlayaraq bir neçə dəfə rəsmən Azərbaycan hakimiyyətinə müraciət ediblər, ancaq icazə ala bilməyiblər. Hətta təyyarə havada olarkən də bu icazə verilməyib. Yalnız təyyarə Simferopolda yerə enəndən və orada polis Azərbaycan hakimiyyətinin müraciətinə əsasən Rəsul Quliyevi saxlayandan sonra onun dönməsinə icazə verilib. Ancaq hakimiyyətin bu cəhdləri əbəsdir. Mən bugünlərdə Ukraynadakı dostlarımızla, həmkarlarımızla bir sıra söhbətlər aparmışam. Onlar məni əmin ediblər ki, yaxın günlərdə, bəlkə də sabah (bu gün - red.) Rəsul Quliyev azadlıqda olacaq və sərbəst hərəkət etmək imkanlarını bərpa edəcək. Yeri gəlmişkən, həmkarlarım, dostlarım təklif etdilər ki, mən Kiyevə gəlim və onlarla yaranmış vəziyyəti müzakirə edək, əməkdaşlıq haqqında söhbətlərimizi davam etdirək. Sabah (bu gün - red.) qısamüddətli Ukrayna səfərinə gedəcəyəm - həm Rəsul Quliyevin məsələsiylə, həm də əməkdaşlıq məsələləriylə bağlı söhbətlər aparacağıq.

18 oktyabrda - Azərbaycan dövlətinin Müstəqillik günündə isə müstəqilliyin qazanılmasında xidməti olan insanlar Azərbaycan Dövlət Televiziyasına buraxılmadılar. Bizə canlı efir verilmədi. Başqalarına bu imkanın yaradılması o deməkdir ki, ölkədə həm siyasi senzura, həm də siyasi ayrı-seçkilik var. Bizi dövlət televiziyasında çıxış etməyə buraxmırlar, ancaq başqalarına hər cür şərait yaradırlar. Ancaq bu cəhdlər əbəsdir. Bu cəhdlərin heç bir mənası yoxdur. Əslində hakimiyyətin bu narahatlığı - istər bizim televiziyaya buraxılmamağımız, istər 17 oktyabrda Rəsul Quliyevin gəlməsinə qarşı əsl hərbi əməliyyat keçirmələri, elan olunmamış hərbi vəziyyət tətbiq etmələri hakimiyyətin qorxusundan xəbər verir. Hakimiyyət qorxur və bizi, cəmiyyəti qorxutmağa çalışır. Çünki hakimiyyət gözəl bilir ki, bizim apardığımız seçki təbliğatı kampaniyası nəticəsində, bölgədəki çıxışlarımız nəticəsində cəmiyyət xeyli fəallaşıb, cəmiyyət 6 noyabrda “Azadlıq” blokunun namizədlərinə və digər müxalifət namizədlərinə səs vermək fikrindədir. Bunu biz dünənki səfərimizdə də açıq-aydın gördük. Dünən (srağagün - red.) Balakəndə Qabaqçöl kəndində bizim avar camaatımızla çox gözəl bir görüşümüz oldu - 1000-ə qədər adam gəlmişdi. Balakəndəki görüşdə 2000-dən, Şəkidə 5000-dən çox, Zaqatalada 4-5 min adam iştirak edirdi. Bütün bunlar hakimiyyəti ciddi şəkildə narahat edir. Hakimiyyət dərk edir ki, seçkini uduzacaq. Buna görə də bu tədbirləri həyata keçirir, bizi yolumuzdan döndərməyə çalışır. Bunlar mənasız işlərdir. Biz “Azadlıq” bloku olaraq müttəfiqlərimizlə bir yerdə mübarizəmizi davam etdirəcəyik. Mən əminəm ki, dinc, demokratik mübarizə nəticəsində parlament çoxluğunu əldə edəcəyik, parlament yoluyla hakimiyyətə gələcəyik və sizə verdiyimiz bütün vədləri yerinə yetirəcəyik. İstər neft gəlirlərindən ildə hər bir ailəyə bir milyon manat verilməsi olsun, istər maaşların 400-500 dollara qaldırılması olsun, istər digər vədlərimiz olsun - biz bu vədlərin hamısını yerinə yetirmək iqtidarındayıq və bunu edəcəyik.

Hakimiyyət artıq narahatdır ki, ölkədə milli birlik prosesi başlayır. Artıq hakimiyyətin də bir çox məmurları haqqın, ədalətin harada olduğunu dərk etməyə və mövqelərini müəyyənləşdirmək barədə düşünməyə başlayıblar. Deyəsən, hakimiyyət Heydər Əliyev stilində yeni bir dövlət çevrilişi şousu yaratmağa hazırlaşır. Bunun üçün bəzi nazirləri vəzifədən azad edir, bəzilərini həbs edib saxlayır - bu gün baş verən hadisələrdən yəqin ki, xəbərdarsınız. Bunlar da mənasız, əbəs cəhdlərdir. Mən əminəm ki, Azərbaycanda xalq bütövlükdə dəyişiklik tərəfdarıdır. Azərbaycan xalqı dinc, demokratik dəyişikliklər istəyir. “Azadlıq” bloku öz dinc, demokratik mübarizəsilə bu dəyişikliklərin həyata keçirilməsinə nail olacaq. Sizin sayənizdə, sizinlə birlikdə və sizin naminizə.

Hamınıza Allah yar olsun.
Tanrı Azərbaycanımızı qorusun.

Hazırladı: Ülkər ƏLİYEVA, Yeni Müsavat, 20.10.2005