İSA QƏMBƏRİN KİYEV SƏFƏRİ BAŞLADI
Müsavat başqanı “Pora” və “Reformı i Poryadok” partiyalarının birgə qurultayında
çıxış edib
Xəbər verdiyimiz kimi, dünən Müsavat Partiyasının başqanı İsa Qəmbər Ukraynaya
gedib. Kiyev hava limanında Müsavat başqanını Azərbaycan diasporasının
nümayəndələri qarşılayıblar. Müsavat Partiyasının Ukraynadakı təmsilçisi Əvəz
Kazımlıdan aldığımız məlumata görə, İsa bəy hava limanından birbaşa “Pora” və
“Reformı i Poryadok” partiyalarının seçkiqabağı birgə qurultayına yola düşüb.
“Pora” Vətəndaş Partiyasının rəhbəri Vladislav Kaskivin təqdimatından sonra
Müsavat başqanı qurultayda çıxış edib. O, Azərbaycanda keçirilən parlament
seçkilərilə bağlı qısa məlumat verib. Daha sonra isə İsa Qəmbər Azərbaycanda
demokratiyanın inkişafına verdikləri dəstəyə görə, Ukraynanın demokratik
qüvvələrinə Müsavat Partiyası və “Azadlıq” bloku adından təşəkkür edib.
Qurultay işini başa çatdırdıqdan sonra Müsavat başqanı Ukraynanın siyasi
qüvvələrilə görüşlərə başlayıb. Dünən o, “Narodnıy Rux Ukrainı” təşkilatının
rəhbərliyilə bir araya gəlib, həmçinin başqa siyasi qüvvələrin təmsilçilərilə
görüşüb. Bu günsə İsa Qəmbər “Xalq Birliyi Bizim Ukrayna” Partiyasının sədri və
“Bizim Ukrayna” birləşmiş seçki blokunun rəhbəri Roman Bessmertnı ilə görüşəcək.
O, Müsavat Partiyasıyla əməkdaşlıq sazişi imzalamış digər siyasi qüvvələrin
rəhbərlərilə də bir araya gələcək.
KÖNÜL, Yeni Müsavat, 20.12.2005