Jurnalistlər peşə bayramını qeyd etdilər

Ən prestijli "Media açarı"nı kimlər aldı?


Milli Mətbuat Günü ənənəyə uyğun olaraq bu dəfə də təmtəraqla qeyd olundu. "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Konfederasiyası və "RUH" Jurnalistləri Müdafiə Komitəsinin təşəbbüsü ilə dünən "Hayatt Regency" otelində geniş bayram mərasimi keçirildi. Dövlət himnin səsləndirilməsi ilə başlayan tədbirin əvvəlində mərhum jurnalistlər - "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov və "Yeni Müsavat" qəzetinin fotojurnalisti Alim Kazımlının xatirəsi bir dəqiqəlik sükutlə yad edildi.

Sonra Azərbaycan Jurnalistlər Birliyinin sədri Hacı Hacıyev çıxış edərək mətbuatın 130 ildə əldə etdiyi nailiyyətlərdən danışdı. Onun sözlərinə görə, müstəqillik qazanandan sonra ölkə mətbuatı daha sürətlə inkişaf edib. Lakin bu illər ərzində mənfi tendensiya müşahidə olunub ki, bu da mətbuatın siyasiləşməsidir. Problemlərdən biri də əksər qəzetlərin lazımi standartlara cavab verməməsidir. Bununla belə qocaman jurnalist həmkarlarını təbrik edib onlara obyektiv, qərəzsiz və demokratik olmağı arzuladı.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə "Media açarı" müsabiqəsi barədə məlumat verdi. Bildirdi ki, müsabiqəyə 24 mətbu orqandan 37 iş daxil olub. Yazıları qiymətləndirən münsiflər jurnalistika sahəsində tanınmış simalar - Şirməmməd Hüseynov, Rafiq Hüseynov, Cahangir Məmmədli, Zeynal Məmmədli və Akif Rüstəmov olub: "Bu il nominasiyaları artırmaq istəyirdik, amma olmadı. Nominasiyaların sayı yenə də beş oldu. Tam əminliklə deyə bilərəm ki, bu il müsabiqə çox obyektiv keçirilib. Tədbirin sponsorluğunu "Azərsell" Birgə Müəssisəsi, Azərbaycan Qadınlarının Birlik Konfederasiyası və "Parfüms de Frans" üzərinə götürüb".

Y.Məmmədlinin sözlərinə görə, əvvəl birinci yerin sahibləri üçün 1 milyon manat nəzərdə tutulmuşdusa, son anda sponsorların yardımı ilə məbləğ artırılaraq 1 milyon 400 min manat olub. İkinci yeri qazanan jurnalistlərə 900 min manat, üçüncü yeri tutanlara isə 450 min manat pul mükafatı nəzərdə tutulub. İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli müsabiqəyə təqdim edilən yazılar barədə fikirlərini bölüşdü. Onun fikrincə, yazılardan Azərbaycan mətbuatının son 10 ildə böyük sürətlə inkişaf etdiyini açıq aşkar görmək olar. Çıxışlardan sonra, "Media açarı-2005" müsabiqəsinin nominasiyalar üzrə qalibləri açıqlandı:Rafiq Məmmədli

"Reportaj"
1.
İmran Bədirxanlı ("GÜN səhər")
2. Elşad Paşasoy ("Yeni Müsavat")
3. Elxan Şahinoğlu ("GÜN səhər")

"Jurnalist təhqiqatı"
1.
Əyyub Kərimov ("Femida")
2. Səbinə Əvəzqızı ("GÜN səhər")
3 (1). Asəf Quliyev ("GÜN səhər")
3 (2). Səriyyə Müslümqızı ("Qarabağ")

"Publisistika"
1.
Rafiq Məmmədli ("Azadlıq")
("Elmarlı və Elmarsız günlər" yazısına görə)
2. Seymur Elsevər ("Ekspress")
3 (1). Vüsal Məmmədov ("Mərkəz")
3 (2).
Əmrah Fəqanoğlu, ("İki sahil")

"Fotoillüstrasiya"
1.
Alim Kazımlı ("Yeni Müsavat")
2. Ceyhun Abdulla ("Azərfoto")

"Jurnalistika sahəsində araşdırma"
1.
Qulu Məhərrəmli (Dövlət Televiziyası)

Gültəkin Knyazqızı, AZADLIQ, 22.07.2005