
Andreas Qross: "Mandatla bağlı qərar təkrar
seçkiyəcən təxirə salına bilər"
Həmmuruzəçi məsələnin ciddi müzakirəyə səbəb olacağını bildirir
«Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında Azərbaycan
nümayəndə heyətinin mandatının taleyi müzakirəyə çıxarılacaq, ancaq məsələ ləğv
edilmiş dairələrə təkrar seçkiyəcən təxirə salına da bilər».
Bunu «Azadlıq» radiosuna AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə
həmməruzəçisi Andreas Qross dedi: «Biz nümayəndə heyətinin mandatıyla bağlı
qərar verəcəyik. Qərar verəcəyik ki, bu məsələyə yanvarda baxaq, ya da boş
yerlərə təkrar seçkidən sonraya saxlayaq. Azərbaycanla bağlı qətnamə qəbul
etməyə ehtiyac yoxdur».
Cənab Qrossa görə, Azərbaycanın nümayəndə heyətinin mandatını təzələmək
məsələsinə sessiyanın birinci günü- yanvarın 23-də baxılacaq, əgər rəy mənfi
olsa, yaxud mandat şübhə altına alınsa, onlar sessiyanın keçirildiyi həftə
ərzində məruzə hazırlayacaqlar. O, mandat məsələsinin ciddi müzakirəyə səbəb
olacağını bildirir.
Həmməruzəçi Seçki Məcəlləsinə, seçki komissiyalarının tərkibinə hansısa
dəyişiklik edilməsinin mümkünlüyü barədə belə düşünür: «Biz səfeh deyilik, bu,
mümkün olan iş deyil ki, siz 10 seçki keçirəsiz və deyəsiz ki, 11-ci seçkidə
qanunu dəyişəcəksiz. Fakt budur ki, son iki seçkidə Azərbaycan hökuməti
tövsiyələrə hörmət etmədi, böyük saxtakarlıqlar ona görə baş verib ki, Mərkəzi
Seçki Komissiyası, seçki komissiyaları ədalətli, qərəzsiz, müstəqil şəkildə
təşkil olunmayıb. Ona görə də biz daha vədlər barədə düşünmürük, faktlarla
işləyirik».
Andreas Qross bildirir ki, AŞPA prezidenti Rene van der Linden gələn ilin
yanvarında əvvəlcədən nəzərdə tutulan səfərlə Bakıya gələ bilməyəcək. Onun
sözlərinə görə, yanvarın ortalarında Bakıya monitorinqə gələcək missiyaya
həmməruzəçilər, hollandiyalı deputat Leo Platvoet və bir neçə başqa deputat
daxil olacaq.
Azadlıq radiosu, Arifə Kazımova, 21.12.2005