Elmarlı və Elmarsız günlər

Bundan da pis ola bilərdimi?

İndiki hakimiyyət zamanında Azərbaycanda yaşayan hər bir müxalif fikirli insan son illər ərzində elə bir il olmayıb ki, deməsin - bundan pisi daha olmaz. Həyatını ötən illə müqayisə edən hər bir kəsin belə ritorik düşüncələrə dalması təbiidir. Bircə adamdan başqa, Elmarı tanıdığım 4-5 il ərzində o, gələn ilin bundan da pis ola biləcəyini heç vaxt istisna etmirdi. Mən o nəzəriyyə ilə tanış deyiləm, amma Elmar deyirdi ki, Merfi nəzəriyyəsi adlanan bir nəzəriyyə var, bu nəzəriyyəyə görə insanların ehtiyac və tələbatlarında az və ya çox (və ya kifayətdir) anlayışı yoxdur. O fikrini belə izah edirdi. Bu gün mən birtəhər jurnalı çıxara bilirəm. İt şəraitində bir-iki qırıq kompüterlərimizlə materialları yığırıq..., zülmlə də olsa üz qabığının rəngayırımını edirik..., jurnalı səhifələyib, nəhayət mətbəəyə aparırıq. Gələn dəfə bu şəbəkədən biri qırılır, məsələn rəngayırımı bizdən imtina edir. Biz yeni yollar axtarırıq... O biri dəfə bizi növbəti dəfə ofisdən çıxarırlar... Gələn dəfə onu növbəti məhkəməyə cəlb edirdilər, o biri dəfə məhkəmə pristavları onun yaşadığı evə gəlib yaşadığı mənzilin "var-yoxunu" opis edirdilər. Sonrakı həftə işçilərdən birinə sui-qəsd olurdu... Sonrakı həftə başqa bir məhkəmə prosesi başlayırdı... Və beləcə aylar-illər dolanır. Gün-gündən pis gəlirdi... Bundan da pis ola bilər deyərək, maraqlı da olsa da, Elmar özünü növbəti pisliyə hazırlayırdı. Bu qədər dəmir iradəli ikinci bir insana rast gəlmədim mən...

"Növbə kimindir" sualının cavabı

Bir sıra jurnalistlərimiz hakimiyyətin terror metodlarına keçdiyini görüb "növbə kimindir" deyə suallar verir. Bu sonuncu qətl olmayacaq deyilir. Müxtəlif variantlar səsləndirilir. Amma nədənsə məndə qəti bir inam hissi yaranıb - bu dəfə növbə hakimiyyətindir... 2005-ci il martın 2-də Azərbaycan hakimiyyəti Merfi nəzəriyyəsini pozdu.

Bu, nə şəklidə olacaq və nə zaman olacaq, deyə bilmərəm, amma növbə tayfa hakimiyyətinindir. Bəs nə üçün əllərindən yazmaqdan başqa iş gəlməyən, başqa təsir imkanları olmayan, silahsız-sursatsız jurnalistlər yox, müxalifət liderləri deyil, məhz əlində milyardlarla dollar vəsaiti və ən qəddar polis rejimi olan bu iqtidara növbə çatıb. Çünki iqtidar ona həmişə sərf eləyən Merfi qanununu pozub... Elmar üçün daha bundan pis gün olmayacaq. Merfi qanunu Elmar üçün bitdi, amma iqtidar üçün təzəcə başladı. Burada konkret gün təyin etmək mümkün deyil, amma tayfa üçün bu gün dünəndən pis keçir artıq...

Mif və reallıq

4-5 illik tanışlığımız məndə Elmar haqqında kifayət qədər fikir formalaşdırıb. Bir yazı ilə çətin bütün ürək sözlərimi çatdıra bilim, həm də ki, hər şeyi yada salmaq olmur... Amma çalışıb cəmiyyətdə Elmar, onun gördüyü işlər haqqında yaranmış bir neçə mifi dağıtmaq istərdim.

Birinci mif ondan ibarət idi ki, "Monitor" da kimə isə işləyir. Elmarın qətlindən sonra bəlkə də əksəriyyət bu stereotipdən əl çəkib. Amma martın 2-nə qədər, Elmar özü demişkən, cəsarətsiz, öz haqqı uğrunda mübarizə aparmayan cəmiyyət öz passiv mövqeyinə haqq qazandırmaq üçün cürbəcür uydurmalar uydururdu. Guya hər şey hakimiyyətin nəzarətindədir, onların icazəsi olmadan belə bir jurnal çıxarmaq olmaz... Əlbəttə Elmar öz ölümü ilə bu mifi artıq dağıdıb. Hamı onun yaşayışını da gördü, "qazandıqlarından" da xəbər tutdu. Amma konkret deyəcəklərim var:

Birinci mif

Elmarın qazandığı yalnız və yalnız "Monitor"un satışından əldə etdiyi, özünün dediyi kimi, qəpik-quruş idi. O istənilən şübhə yaradacaq hadisədən qaçırdı. Bir dəfə mitinqdə ona bir nəfər yaxınlaşaraq "sizin jurnala maddi yardım göstərmək istəyirəm", demişdi. Elmar həmin adamın səmimiliyinə inanmasına baxmayaraq, istənilən anonim yardım qəbul etmədiyini bildirmişdi. Söhbət yalnız rəsmi surətdə jurnalın satışı ilə bağlı yardımdan gedə bilərdi. Təbii ki, ölkədə "Monitor"a rəsmi yardım göstərən bir kişi tapılmamışdı...

İkinci mif

Çoxları inanmaz ki, "Monitor" rəsmən fəaliyyət göstərən, vergiləri və fiziki şəxsə aid hesabat xarakterli başqa öhdəliklərini yerinə yetirən bir təsisat idi. Prezident Aparatının şöbə müdirlərindən tutmuş, müxalifətçilərədək adamlar elə bilirdilər ki, bu nəşr gizli çap olunaraq, gizli satılır və təbii ki, vergi-filan da ödənilmir. Amma bu mümkün idimi, "Monitor" iqtidarın atasını yandırsın, hələ bir vergi də verməsin. Təbii ki, Elmarı vergi məsələsində çox ilişdirmək istəmişdilər. Amma bütün qayda-qanunları vergi inspektorlarından da gözəl bildiyindən, onu bu sahədə dolaşdıra bilmədilər, amma "təşəbbüslər" çox olmuşdu... Elmarın qətlinə çox az qalmışdı. Bir dəfə onu hirsli gördüm. Dedi, Əli Həsənov deyir ki, "Monitor" "levıy" nəşrdir. Sən dedi, bir bunlara bax. Bunlar hakimiyyətə də "levıy" gəlib, "levıy" qurub, "levıy" də saxlayırlar. İndi deyirlər ki, "Monitor" "levıy" nəşrdir.

Doğrudan da, gör kim-kimi nədə ittiham edir. İndi o dünyada olan ümumtayfa liderlərinin tərcümeyi-halına bir baxın, görün orada bir "pravıy" söz varmı. Rəhmətlik Elmar demişkən, doğuldu da yalandan, yaşadı da, öldü də...

Üçüncü mif

Bu mifi də qısaca belə ifadə etmək olar: Elmar kimlərdənsə asılıdır, kimlərəsə tabedir. Əlbəttə qətldən sonra bu mif də dağıldı, buna əvvəl inananlar indi özlərinə çoxlu suallar verirlər... Səmimi deyirəm, bu yaşımadək mən müstəqil, heç kimdən asılı olmayan ikinci bir kəsə rast gəlməmişəm. O hər bir addımında asılılıq amilini istisna edirdi. Çoxlarının yadında olar, bir zamanlar Virtual-monitor adlı internet site`ı yaradılmışdı. Bu site`ın "Monitor"la heç bir əlaqəsi yox idi. Amma bu layihədə açıq şəkildə "Monitor"un adından istifadə edilirdi. Həmçinin keyfiyyətsiz və zövqsüz bir layihə idi. "Monitor"un özünün site`ının yaradılması məsələsi ortalığa çıxanda Virtual-monitor adlı domenin boş olduğunu Elmarın deyəndə (Monitor adı kifayət qədər məşhur olduğundan bütün domenlər tutulmuşdu) o bundan qəti imtina etdi, israr etdiyimizi görüb, hətta bizi acıladı da. O, mənə heç kimin adı lazım deyil dedi, hətta məndən oğurlanmış olsa belə... Elmar site`a yerli monitor.az domeninə də razı olmadı. Bu köpəy uşağına etibar yoxdur dedi... Sonda www.monitorjournal.com-da dayandıq...

Dördüncü mif və ona dair birinci hadisə

Bu mif də onu yaradanlar qədər primitivdir - "Monitor"u kimlərsə saxlayır, yəni Monitorçular da satılıblar. Bu mifə inananlar da yuxarıdakı birinci mifə inananlar qədər sadəlövh insanlar idi. İnanmıram bu gün bu mifə inanan olsun. Amma "satınalmalar" barəsində rəhmətlikdən eşitdiyim bir faktı burada ilk dəfə yazmaq istərdim. Elmar belə şeyləri danışmağı xoşlamırdı. Təbii ki, bu faktları jurnalda yazmağı da özünə sığışdırmazdı. Ona görə də bu hadisənin nə zaman baş verdiyini və təfərrüatını da bilmirəm. O zaman belə şeylər Elmar üçün adi hal idi. Başqalarının qürrələnəcəyi hadisə, Elmar üçün bir lətifə. Beləliklə bir dəfə Elmarı Bakı şəhər Baş Polis İdarəsi rəisi Məhərrəm Əliyevin yanına aparırlar. Bir qədər "tərbiyəvi" əhəmiyyət daşıyan söhbətdən sonra Məhərrəm Elmarın qabağına bir sənəd qoyur ki, buna qol çək. Elmarın konkret yadında qalmamışdı, bu nə sənəd idi (çox güman ki, bu, əmlak alınması və ya bağışlanılması barədə bir sənəd olub), amma orijinallığına heç bir şübhəsi yox idi. O yadında qalmışdı ki, söhbət Dubayda (BƏƏ) azərbaycanlılara məxsus bir restorandan gedirdi. Qısası, restoran Elmara verilir və təbii ki, əvəzində o yazmaqdan imtina edir... Elmar bu hadisəni ona görə danışmamışdı, göstərsin ki, paytaxtın Baş polisi onu necə ələ almaq istəyib. Bunu danışmaqla o, diqqəti ona yönəltmək istəyirdi ki, bu hakimiyyətin "qara kassa"ları da var və bu bir həqiqətdir...

Dördüncü mif və ona dair ikinci hadisə

İndi söhbət açacağım məsələdən də Elmarı tanıyan çoxlarının xəbəri yoxdur və ya qaranlıq məsələ kimi yadda qalıb. Ötən ilin aprel-mart ayları olardı. "Monitor"un çapı yenidən dayanmışdı. Elmardan səbəbini soruşduqda "başımıza yenə iş gəlib" dedi, "qardaşımı tutublar". Elşad Elmardan yaşca böyük idi. Onu polislər təsadüfi bir ölüm hadisəsinə görə tutub döyə-döyə boynuna qoymaq istəyirlərmiş. O, işgəncələrə dözməyib Elmarın qardaşı olduğunu bildirib. Polislər işgəncələri həmin an dayandırmışdılar. Sonradan Elşada 7 il iş verildi. Təbii ki, hakimiyyət Elmardan bu dəfə də "Monitor"dan əl çəkməsini istəmişdi. Həmin gündən qardaşını azad eləyəcəklərini söz vermişdilər. Aydındır, Elmar onlara nə cavab vermişdi. Elmarı yaxşı tanımayan çox adam fikirləşər ki, Elmar həmin vaxt bu hadisəni açıb-ağartmamışdırsa, hay-küy salmamışdırsa, deməli "od olmayan yerdə tüstü olmaz" məsəlidir, deyə fikirləşərdilər. Amma paradoks bunda idi ki, həmin iş də hakimiyyətin növbəti farsı idi. Elşadı sadəcə olaraq ilişdirmişdilər. Elmardan nə üçün hay-küy qaldırmadığını soruşduqda, demişdi ki, 10-ca faiz ədaləti olan hər-hansı bir məhkəmədə qardaşım bəraət alardı, amma indi durduğu yerdə 7 il iş verdilər, hay-küy etsəm yalnız illərin sayını artırmış olardım...

Elmarın atası Sabir kişinin yas zamanı özünü oğlunun adına layiq aparmamasının bir səbəbi də məhz Elşadın türmədə olması idi. Kişiyə onların dediklərinə əməl edəcəkləri halda böyük oğlunu azad edəcəkləri sözü verilmişdi. Hər iki tərəf verdiyi sözə əməl etdi. İndi Elşad azadlıqdadır, amma nəyin bahasına. Burada haşiyə çıxaraq bir şeyi də qeyd etməyə bilmərəm. Seçki məhbuslarının da birdən-birə "vaxtından qabaq" azad olunması Elmarın qanı bahasına başa gəldi.

Sifarişçi kimdir?

Bəs, kim Elmarın ölümünü sifariş verib? Bu haqda nə deyə bilərəm? Bir səhifəlik yazıda bu barədə susmaqmı olar? Qətlin sifarişçisinin ünvanı hamıya bəllidir. Bu bir aksiomadır ki, Elmarı onun personajları öldürtdürdü. Əsas sual indi bu personajın tayfa iyerarxiyasının hansı pilləsində oturmasıdır. Bir nömrəli, 2 nömrəli, yoxsa bir az aşağı!? Səmimi sözümdür ki, Elmarın qatilinin konkret kim olduğunu biz də bilmirik. Onun yaxınları da bunu bilmir. Bu, o qədər düşüncəsiz, mənasız və qəddar bir qətl hadisəsi idi ki, Elmarın özü də bunu hiss etməmişdi. İllah da ki, Ukraynada Qonqadze məsələsinin açılmasından sonra ola. Amma zənnimiz biz aldatmırsa (qətldən sonrakı günlər hakimiyyət dairələrinin özlərini aparmasından çox şey görmək olardı) Azərbaycanın Kuçma və Kravçenkolarının qətldən qabaqcadan xəbərləri olub...

Rekviyem

"Monitora rekviyem"də Elmarın xatirəsinə dair çoxlu güclü yazılar var. Elmar haqqında bundan artıq deyə bilməyəcəyəm, onsuz da. Elmarın qətlindən iyirmi gündən artıqdır vaxt keçib. Elmarın ən yaxın silahdaşı Şahbaz Xuduoğlunun dediyi kimi, 40 gün də, 1 il də keçəcək, onu qaytara bilməyəcəyik, amma onun mübariz əhval-ruhiyyəsi artıq bizlərə keçib. Mən isə deyirəm, Elmar ölməklə insanların bilmədikləri başqa bir mövcudluq formasına keçib. O, orada da vuruşur, çarpışır və bu dünyada nail olmadıqlarına nail olur. Və bu da son aksioma - biz birlikdə bu tayfa rejiminin axırına çıxacağıq!


Sizin və bizim Azadlığımız uğrunda, Rafiq Məmmədli, mammadli@mail.com

Azadlıq qəzeti, 23 mart 2005-ci il