İsa Qəmbər Ukrayna səfəri ilə bağlı mətbuat konfransı keçirdi
İsa Qəmbər: “Seçkilərin saxtalaşdırılması ölkəmizdə demokratiyanın inkişafına təkan verdi
İsa Qəmbər: “Ukrayna bölgənin mühüm və böyük potensiala malik dövlətidir”

“Ukraynada ictimai-siyasi proseslər xeyli fəallaşıb. Bu da onunla bağlıdır ki, gələn ilin martında parlament seçkiləri keçiriləcək. Siyasi qüvvələr həmin seçkilərə çox ciddi hazırlaşırlar: qurultaylar keçirilir, bloklar yaranır, birgə siyahılar tərtib olunur. Müttəfiqlərimiz də həmin tədbirlərdə iştirak etmək üçün bizi Ukraynaya dəvət etmişdilər. Bir neçə partiyadan dəvət almışdıq, bu həftənin əvvəlində onların bəzilərini reallaşdırmağa imkan oldu”.

Bu sözləri Ukraynaya üç günlük səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında Müsavat Partiyasının başqanı İsa Qəmbər söylədi. O, Kiyevdə ilk olaraq “Pora” və “İslahatlar və Qayda” partiyalarının birgə qurultayına qatıldığını və çıxış etdiyini dedi: “Qurultay iştirakçılarına Azərbaycanın demokratik qüvvələri, Müsavat Partiyası və ”Azadlıq" bloku adından təbriklərimizi çatdırdıq. Eyni zamanda bilirsiniz ki, Ukrayna siyasi qüvvələri seçkilər zamanı Azərbaycandakı demokratik proseslərə ciddi dəstək verdilər. Buna görə bir daha onlara təşəkkürlərimi çatdırdım".

İsa Qəmbər həm bu çıxışında, həm qurultay zamanı keçirdiyi görüşlərdə, eləcə də hakim “Xalq Birliyi-Bizim Ukrayna” Partiyasının və Müsavatın yeni müttəfiqləri sırasına daxil olan Xristian Demokrat İttifaqı Birliyi Partiyasının rəhbərlərilə təmaslarda Azərbaycanda parlament seçkilərinin gedişi, nəticələrilə bağlı məlumat verib. O, parlament seçkilərinə münasibətdə beynəlxalq birliyin mövqeyinin önəmli olduğunu vurğulayıb: “Çünki Ukraynanın bir çox siyasətçiləri çox güclü beynəlxalq əlaqələrə malikdirlər. Məsələn, biz AŞ PA-nın vitse-prezidentlərindən biri, ukraynalı deputat İqor Ostaşla görüşdük. Onunla və başqa siyasətçilərlə söhbətlərdə AŞ PA-nın, digər beynəlxalq təşkilatlarının Azərbaycandakı seçkilərlə bağlı mövqeyinin nə dərəcədə önəmli olduğunu bir daha xatırlatdıq”.

Səfər çərçivəsində İsa Qəmbər yalnız ukraynalı siyasətçilərlə görüşməyib. O, bəzi başqa ölkələrin təmsilçiləri, o cümlədən Rusiyanın tanınmış demokratlarından olan Starikovla görüşüb, Azərbaycan və Rusiya demokratları arasında əlaqələrin inkişafı haqda fikir mübadiləsi aparıb. Bundan əlavə, Azərbaycan diasporasının nümayəndələrilə də çoxsaylı təmaslar olub.

Bütün bunlar barədə jurnalistlərə açıqlama verdikdən sonra Müsavat başqanı sualları cavablandırdı.

- Ukraynanın hazırkı parlamenti Kuçma dövründə formalaşıb və bu ölkənin AŞ PA-dakı nümayəndə heyətinin tərkibində keçmiş hakimiyyətdən qalanlar var. Bu, Azərbaycan məsələsinin müzakirəsi zamanı Ukrayna nümayəndə heyətinin mövqeyinə necə təsir edəcək?

- Doğrudan da Ukraynanın AŞ PA-dakı nümayəndə heyətinin tərkibində həm demokratik düşüncəli, həm də köhnə təfəkkürlü insanlar var. Onların hamısından eyni mövqe tələb etmək də gerçək deyil. Çünki Ukraynada Azərbaycandan fərqli olaraq demokratiya var və AŞ PA-da da Ali Radadakı qüvvələr nisbəti əsasən əksini tapıb. Ona görə də Ukrayna nümayəndə heyətindən yekdil mövqe gözləmək düzgün olmazdı. Ancaq demokratik düşüncəli insanlar təbii ki, prinsipial mövqedən çıxış edəcəklər. Oradakı söhbətlərdən də hiss etdik ki, biz bu dəstəyi görəcəyik.

- Azərbaycan müxalifətinin Qərb ölkələriylə, postsovet məkanında Ukraynayla çox yaxşı əlaqələri var. Rusiyanın siyasi qüvvələrilə münasibətlərsə çox zəifdi. Bunun səbəbi nədi? Rusiyada “Azadlıq” blokunun müttəfiq saya biləcəyi siyasi qüvvə yoxdumu?

- Rusiyanın demokratik qüvvələrilə münasibətlərə hər zaman açıq olmuşuq və bu ölkənin bir sıra demokratik qüvvələri, siyasi partiyalarıyla müəyyən münasibətlərimiz olub. Ancaq təəssüf ki, həmin münasibətlər Ukrayna demokratik qüvvələrilə münasibətlər səviyyəsinə heç zaman çatmayıb - bizim hətta Kuçma dövründə də Ukrayna siyasi quvvələrilə çox yaxşı münasibətlərimiz vardı. Mən düşünmürəm ki, bu, daha çox bizim təşəbbüsümüzün az olmasıyla bağlıdır. Biz təşəbbüslərə hər zaman hazırıq. Sadəcə, Rusiyanın demokratik dairələri qonşu ölkələrdəki demokratik qüvvələrlə əlaqələrin zərurətinə o qədər də böyük diqqət göstərmirlər.

- İlham Əliyevin İranla açıq şəkildə yaxınlaşması Amerikaya meydan oxumaqdı, yoxsa Amerikanın da daxil olduğu hansısa prosesin içərisində yer almaq?

- Hazırda - xüsusən İranın yeni dövlət başçısının dünyanı şoka salan bəyanatlar verdiyi bir mərhələdə, BMT də daxil olmaqla dünyanın bir çox beynəlxalq təşkilatlarının bu məsələyə birmənalı münasibət bildirdiyi zamanda Azərbaycanın hakim rejiminin İranın hakim rejimiylə münasibətləri bu qədər intensivliklə inkişaf etdirməsi doğrudan da bir qədər qəribə təsir bağışlayır. Hesab etmirəm ki, bu, hansısa ümumi prosesin tərkib hissəsidir. Bu, Azərbaycanın hakim rejiminin yanlış siyasətidir. Bunların beynində əvvəlki dövrün stereotipləri qalıb. Heydər Əliyev uzun müddət Qərblə Rusiya, Qərblə İran arasında manevr etdi və indi də bunlar həmin siyasəti davam etdirmək istəyirlər. Ancaq iki ciddi fərqin olduğunu anlamırlar. Əvvəla, Heydər Əliyevi nə qədər tənqid etsək də, hər halda onun manevr etmək bacarığını ondan sonra gələn dövlət rəhbərlərilə müqayisə etmək qəribə olardı. İkinci və daha mühüm amil budur: Heydər Əliyev ona görə manevr edə bilirdi ki, zaman manevr üçün imkan tanıyırdı. Ancaq indi zaman dəyişib. İndiki mərhələni 90-cı illərlə, hətta 21-ci əsrin ilk illəriylə müqayisə etmək olmaz. Tamam fərqli bir mərhələ yetişib və bu mərhələdə Azərbaycan kimi inkişaf etmək istəyən dövlətlər prinsipial mövqe ortaya qoymalıdırlar, kiminlə birgə olduqlarını müəyyənləşdirməlidirlər və verilən qərarlar da Azərbaycanın, çağdaş dünyanın inkişaf tendensiyalarına uyğun olmalıdır. Biz azad dünyayla bir yerdə olmalıyıq. Biz bunu səmimi surətdə deyirik, Azərbaycan hakimiyyəti isə konyuktura xatirinə bildirir ki, Avroatlantik məkana inteqrasiya olunmaq istəyirik. Əgər istəyiriksə, buna uyğun da siyasətimizi aparmalıyıq. Müasir dünyada ciddi gərginliklər yaşandığı mərhələdə, superqüvvəylə regional güclər arasında münasibətlər kəskinləşdiyi dövrdə Azərbaycanın mövqe seçməyə hazır olmaması ciddi problemlər yarada bilər. Azərbaycan hakimiyyət dairələri də bunu nəzərə almalıdırlar və Azərbaycanın maraqlarına uyğun mövqe tutmalıdırlar. Təəssüf ki, hakim rejim Azərbaycanın maraqlarına yox, öz rejimlərini qorumaq marağına nə cavab verirsə, onu edir. Ancaq bunun limiti bitib. Əliyev rejimi öz limitindən maksimum istifadə edib. Artıq Azərbaycan strateji mövqeyini birmənalı şəkildə ortaya qoymalıdır.

- AŞ PA-da Azərbaycandakı seçkilərlə bağlı hansısa qətnamə qəbul edilməsə, Müsavat Partiyası təkrar seçkilər və parlamentin işində iştiraka dair müsbət qərar verəcəkmi?

- AŞ PA-da Azərbaycandakı seçkilərlə bağlı qətnamə qəbul edilməyəcəksə, bu, Azərbaycan parlamentinin nümayəndə heyətinin statusunun tanınmaması anlamına gələcək. Azərbaycan hakimiyyət dairələri bunu dərk etməlidirlər. Onlar cəmiyyətə təlqin etməyə çalışırlar ki, görürsünüzmü, AŞ PA-da Azərbaycandakı seçkilər apreldə, iyunda müzakirə olunacaq. Ancaq deyəsən bu adamlar başa düşmürlər ki, müzakirə olmayacaqsa, bu, Azərbaycan nümayəndə heyətinin, əslində parlamentin tanınmaması anlamına gəlir. Hakimiyyət dairələrinin ekspertləri bu nüanslara diqqət yetirsələr, daha yaxşı olar. Hakimiyyət seçkiləri total şəkildə saxtalaşdırıb, sonra bu vəziyyətdən nə cür sivişib çıxmaq barədə düşünür. Bu oyunlara son qoyulmalıdır. Ölkənin nüfuzu, gələcəyi düşünülməlidir. Biz demokratiyanı kiminsə xoşuna gəlmək üçün yox, Azərbaycan xalqı üçün istəyirik. Bu baxımdan AŞ PA-nın sessiyasının işini diqqətlə izləyəcəyik. Bu beynəlxalq qurumla əlaqələrimiz intensivliyini saxlayır və getdikcə artacaq. Eyni zamanda Müsavat Partiyası qərarlarını bir təşkilatın, hətta nüfuzlu bir qurumun qərarlarına əsasən qəbul etmir. Müsavat Partiyası qərarlarını öz təhlillərinə, müttəfiqlərilə müzakirələrinə əsasən müəyyənləşdirir və müəyyənləşdirəcək.

- ADP-də baş verənlərə münasibətiniz necədir?

- Mən ADP-nin daxili məsələlərinə münasibət bildirməyə ehtiyac duymuram.

- “Azadlıq” blokunun gələcək fəaliyyəti necə olacaq? 2006-cı ilə hansı planlarınız var?

- 2005-ci ilin sonuna cəmi bir həftə vaxt qalsa da, hələ bizim bu illə bağlı planlarımız yekunlaşmayıb. İşimizi davam etdiririk. 2006-cı ildə də işimiz davam edəcək. Hesab edirəm ki, 2006-cı il 2005-ci ildən də çox maraqlı il olacaq. Yadınızdadırsa, mən 2004-cü ilin sonunda demişdim ki, 2005-ci il çox maraqlı olacaq. Doğrudan da maraqlı il oldu. Arxayın olun ki, 2006 ondan da maraqlı il olacaq. Çox maraqlı proseslər gedəcək, çox gərgin siyasi mübarizə olacaq. Hesab edirəm ki, bu seçkilərin saxtalaşdırılması rejimə özünü gücləndirməyə imkan vermədi. Əksinə, zəiflətdi. Seçkilərin total şəkildə, xalqa və dünyaya meydan oxuyacaq tərzdə saxtalaşdırılması nə qədər paradoksal olsa da, Azərbaycanda demokratik proseslərin sürətlənməsinə təkan verdi. Gələn il biz bunu açıq-aydın hiss edəcəyik. 2006-cı ildə də “Azadlıq” blokunun mövcudluğunu və birliyini davam etdirmək fikrindəyik. Hazırda blokun gələcək fəaliyyəti, iş planı haqqında müzakirələr gedir. Müzakirələr yekunlaşdıqca davamlı məlumatlar ictimaiyyətə sizin vasitənizlə çatdırılacaq.

- “Azadlıq” bloku İran-Azərbaycan münasibətlərinin əleyhinədir?

- Azərbaycan İranla da, digər ölkələrlə də münasibətləri iki amili nəzərə alaraq qurmalıdır - Azərbaycanın maraqlarını və müasir dünyanın əsas tendensiyalarını. Təəssüf ki, Azərbaycanın hakimiyyət dairələri İranla münasibətləri quranda bircə amili nəzərə alırlar - öz rejimlərini qorumaq. Başqa amil nəzərə alınmır.

- Ukrayna prezidenti niyə Azərbaycana gəlmir?

- Azərbaycana İran prezidenti gəlir. Ukrayna prezidenti gəlmir. Bu, Azərbaycanın indiki hakimiyyətinin, Əliyev rejiminin apardığı siyasətin nəticələridir. Azərbaycan Ukraynayla münasibətlərini müstəqil şəkildə, ölkəmizin maraqlarına uyğun şəkildə qurmur. Azərbaycanın hakimiyyəti Ukraynayla münasibətləri başqa dövlətlərin marağına uyğun şəkildə qurur. Bu gün bizim regionda da, dünyada da azad dunyayla avtoritar liderlər toplumunun mübarizəsi gedir. Təəssüf ki, Azərbaycan hakimiyyəti də həmin avtoritar liderlər toplumunun bir üzvü kimi fəaliyyət göstərməkdədir. Halbuki Ukraynayla əlaqələrin inkişafı Azərbaycana bütün sahələrdə inanılmaz üstünlüklər yarada bilər. Ukrayna bölgənin həddən artıq mühüm və böyük potensiala malik dövlətidir. İndi Rusiya onları energetik problemlərlə bağlı imtahana çəkir və bu mərhələdə Azərbaycan GUAM-ın üzvü kimi, Ukraynayla münasibətlərdə prinsipial marağı olan dövlət kimi hərəkət etmək əvəzinə, həmin siyasətin bir əlavəsinə çevrilir. Təbii ki, belə bir şəraitdə Ukrayna dövlət başçısının Azərbaycana səfərinin müddətilə bağlı rəqəmlər tez-tez dəyişməli olur.

Könül ŞAMİLQIZI, Yeni Müsavat, 24.12.2005