MADLEN OLBRAYTDAN MÜXALİFƏTƏ AÇIQ DƏSTƏK
MDİ rəhbəri seçkilərin saxtalaşdırılmasına açıq eyham vurdu
İsa Qəmbər: “Bu, azad dünyanın Azərbaycanda demokratik dəyişikliklərdə maraqlı
olmasının təsdiqidir”
Məlum olduğu kimi, “Azadlıq” blokunun liderləri - İsa Qəmbər, Sərdar Cəlaloğlu,
Əli Kərimli və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva parlament
seçkilərinin total şəkildə saxtalaşdırılmasıyla bağlı dünyanın bir sıra
demokratik təsisatlarına, o cümlədən ABŞ-ın Milli Demokratiya İnstitutuna
məktubla müraciət ediblər. Müraciətdə seçkilərdə baş verən ciddi qanun
pozuntularıyla bağlı sübut və faktlar öz əksini tapıb. Bu günlərdə MDİ-nin İdarə
Heyətinin sədri Madlen Olbrayt sözügedən müraciətə cavab məktubu göndərib.
Xanım Olbrayt seçkilərin keçirilməsilə bağlı beynəlxalq və yerli müşahidə
qruplarının, habelə Azərbaycan vətəndaşlarının məyusluğunu bölüşdüyünü deyib. O,
seçki prosesilə bağlı ciddi qanun pozuntularının olduğunu özündə ehtiva edən
ATƏT, Avropa Şurası və Seçki Monitorinq Mərkəzinin hesabatlarına böyük önəm
verdiyini vurğulayıb. Xanım Olbrayt daha sonra qeyd edib: “Mən müxalifətin
narazılıqlarını dinc yolla ifadə etməyə çalışmasından məmnunam. Sizə ATƏT üçün
toplanılan sübutları sözügedən təşkilata təqdim etməyi tövsiyə edərdim. Eyni
zamanda qarşılaşdığınız bütün çətinliklərə baxmayaraq ölkənin siyasi
proseslərində konstruktiv fəaliyyətinizi davam etdirməyə çağırıram”.
Məktubda seçkilərin MDİ tərəfindən müşahidə edilməməsinin səbəbləri açıqlanıb və
bu üzdən sözügedən qurumun seçkilərin nəticələrilə bağlı rəsmi rəy vermək
imkanında olmadığı bir daha vurğulanıb: “Bütün bunlara baxmayaraq, inanıram ki,
Azərbaycanın səlahiyyətli şəxsləri qeyd olunan qanun pozuntularının tam,
ədalətli və tez bir zamanda araşdırmasını aparmalı və lazımi tədbirlər
görməlidirlər. Yalnız belə araşdırma və tədbirlər seçki prosesində göstərilən
ciddi problemləri həll edə bilər”.
Məktubun sonunda MDİ-nin Azərbaycanda demokratik inkişafı dəstəkləmək
istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyi vurğulanıb.
Faktın özünə və məktubda qeyd olunan məqamlara “Azadlıq” blokunun liderlərindən
biri, Müsavat Partiyasının başqanı İsa Qəmbərin münasibətini öyrəndik. İsa bəy
MDİ rəhbərinin məktubunu çox önəmli sənəd kimi dəyərləndirdi: “Söhbət yalnız
xanım Olbraytın bizim müraciətimizə belə operativ cavab verməsindən deyil, eyni
zamanda məktubun məzmunundan gedir. Məktubda bir çox önəmli məqamlara toxunulur.
Hesab edirik ki, bu, bizim Azərbaycanda demokratiya uğrunda mübarizədə tək
olmadığımızı bir daha təsdiq edir. Son vaxtlar bir neçə dəfə vurğuladığım kimi,
azad dünyanın Azərbaycan xalqıyla birlikdə olduğunu, Azərbaycanda demokratik
dəyişikliklərdə maraqlı olduğunu da bir daha təsdiq edir. Hesab edirəm ki, bu,
davamlı bir proses olacaq və müsbət nəticələrə gətirib çıxaracaq”.
Müsavat başqanının sözlərinə görə, məktubda əksini tapan ən önəmli məqamlardan
biri seçkilərin saxtalaşdırıldığının diplomatik dillə ifadə olunmasıdır: “Bu
hadisədən təkcə Azərbaycan xalqının, Azərbaycanın demokratik qüvvələrinin deyil,
bütün azad dünyanın təəssüfləndiyi qeyd olunur - ən əsas məqam budur. Digər
önəmli məqamsa bundan ibarətdir ki, Azərbaycanda demokratik dəyişikliklər
prosesinin zərurətinə və azad dünyanın bu prosesdə Azərbaycan demokratlarıyla
birgə olacağına açıq işarə edilir”.
İsa Qəmbərin fikrincə, xanım Olbraytın müxalifətin konstruktivliyinə xüsusi
vurğu salması da önəmli məqamdır: “Dəfələrlə qeyd etmişik ki, biz həm bu
seçkilərdə birlik nümayiş etdirməklə, həm də nümayişkəranə şəkildə dinc mübarizə
aparmaqla bir çox məsələlərdə Azərbaycana münasibətin dəyişməsinə nail olduq”.
Təbii ki, xanım Olbraytın müxalifətin müraciətinə həssas yanaşması və məktubda
açıq şəkildə demokratik qüvvələrə dəstək verməsi önəmli siyasi dəstəkdir. Amma
həmin məktubun, mövqenin siyasi proseslərə praktik təsiri olacaqmı, yoxsa, buna
ümumi prosesin tərkib hissəsi kimi baxmaq lazımdı? Müsavat başqanının cavabı
belə oldu: “Həm ümumi prosesin tərkib hissəsi kimi baxmaq lazımdı, eyni zamanda
bu, prosesin sürətlə davam edəcəyinin, müəyyən dəyişikliklərin olacağının
əlamətidir”.
Könül ŞAMİLQIZI, Yeni Müsavat, 23.12.2005