“MƏNİ HƏYAT SİYASƏTÇİ OLMAĞA VADAR EDİB”
Müsavat başqanı İsa Qəmbər Ukraynanın nüfuzlu “Политик Hall” jurnalına müsahibə
verib
Ukraynanın nüfuzlu “Политик HALL” jurnalı Müsavat başqanı İsa Qəmbərlə geniş
müsahibə dərc edib. Jurnalın baş redaktoru Nataliya Volkovanın götürdüyü
müsahibədə Müsavat Partiyasının bərpası tarixindən, platformasından tutmuş,
indiki dövrdəki fəaliyyətinə və Azərbaycanda demokratiya uğrunda apardığı
mübarizəyə qədər bir çox mətləblərə toxunulub.
Müsavat kimi bir təşkilata rəhbərlik etməsini çox məsuliyyətli missiya kimi
dəyərləndirən İsa Qəmbər partiyasının Azərbaycan xalqı tərəfindən sevildiyini
bildirib. 1918-20-ci illərdə məhz Müsavat Partiyasının təşəbbüsüylə ilk dəfə
qadınlara səsvermə hüququnun verildiyini söyləyən İsa Qəmbər hazırda təşkilat
fəallarının 13 faizinin qadınlardan ibarət olduğunu deyib. O, qadınların daha
fəal olmasını arzuladıqlarını, bunun üçün partiyanın Məclisində 25 faizlik kvota
ayrıldığını söyləyib. İsa Qəmbər qeyd edib ki, partiyanın Divanında da analoji
addım atılacaq, yəni qadınlara 25 faizlik kvota ayrılacaq. Müxalifətin
konsolidasiyasından söz açan Müsavat lideri “Azadlıq” bloku və onun fəaliyyəti
haqqında ətraflı məlumat verib. Özünün siyasi fəaliyyətilə bağlı sualın
cavabında İsa Qəmbər “Məni həyat siyasətçi olmağa vadar edib” söyləyib.
Azərbaycan üçün faydalı iş gördüyünə inandığını deyən Müsavat başqanı qeyd edib
ki, uğur qazanıb-qazanmayacağından asılı olmayaraq, fəaliyyətini davam
etdirəcək: “Mən siyasi fəaliyyətə hakimiyyət uğrunda mübarizə kimi yox, missiya
kimi baxıram. Əlbəttə, hakimiyyət uğrunda mübarizə siyasətin ayrılmaz
hissəsidir, amma mənim üçün bu, əsas məqsəd deyil. 12 il ərzində Azərbaycanda
situasiyanı dəyişməyə nail ola, hakimiyyətə gələ bilməsək də, mən hesab edirəm
ki, bizim varlığımız, bizim demokratiya uğrunda mübarizəmizin özü cəmiyyət üçün
şansdır”.
Müsahibədə İsa Qəmbər Qərbin və Rusiyanın Azərbaycandakı seçkilərdə oynadığı rol
haqda sualları da cavablandırıb. Müsahibənin sonuncu iki sualı və İsa Qəmbərin
cavabları isə fikrimizcə, xüsusilə maraqlıdır. “Политик HALL”ın baş redaktoru
Müsavat başqanının siyasətçilərin mühacirət etməsinə və uzun müddət ölkədən
kənarda yaşamasına münasibətini soruşub. İsa Qəmbər bu sualın çox maraqlı və
çətin olduğunu deyib: “Heydər Əliyev silahlı çevriliş nəticəsində hakimiyyətə
gəldiyi zaman məni parlamentin binasında həbs etdilər. Həbsdə çox saxlaya
bilmədilər - ABŞ Dövlət Departamenti bəyanat verərək, senatorlar, konqresmenlər
məktub yazaraq parlamentin keçmiş spikerinin azadlığa buraxılmasını tələb
edirdilər. Mən azadlığa buraxıldım, amma istintaq davam etdi və sonra da məhkəmə
oldu. Məhkəmə bir ilə yaxın davam etdi və bu müddətdə biz azadlıqda olduq.
Təsəvvür edin, 1994-cü ilin dekabrında məhkəmənin sonuncu iclası gedir, prokuror
bizə 7 il həbs cəzası tələb edir və hakim elan edir ki, hökm yanvarın 9-da
oxunacaq. Və biz - yeddi nəfər təqsirləndirilən Yeni ili hökm gözləyərək
keçirməliyik. Onda hiss etdim ki, hakimiyyət mənim ölkədən getməyimi istəyir.
Siyasətçi bu dörd vəziyyətdən birində ola bilər - hakimiyyətdə, müxalifətdə,
həbsxanada və mühacirətdə. Mən müxalifətdə olmağa da, hakimiyyətdə olmağa da,
həbsxanaya düşməyə də razıyam, amma mühacirətə heç vaxt razılaşmaram. Bununla
belə, mən heç kimi mühakimə etmək də istəmirəm - çünki hər kəsin öz taleyi, öz
həyat yolu, həyat təcrübəsi var. Tarixçi kimi mən mühacirət etmək məcburiyyəti
qarşısında qalan Müsavat liderlərinin taleyini bilirəm. Onlar kommunizmə, Sovet
hakimiyyətinə qarşı mübarizə aparıblar, Azərbaycan üçün çox işlər görüblər,
lakin demək olar ki, bütün həyatlarını xaricdə yaşayıblar. Mən onların taleyini
təkrarlamaq istəmirəm. Bu baxımdan mövqeyim birmənalıdır. 2003-cü ildə hətta
belə bir təhlükə də olub - müxalifətə qarşı kütləvi repressiyalar başlayanda
mənim müavinlərim və müttəfiqlərim həbs olunmuşdular. Mən faktiki olaraq ev
dustağıydım. Evim gecə-gündüz nəzarətdəydi. O zaman ukraynalılar, polşalılar,
çexlər, slovaklar - əsasən Şərqi Avropa ölkələrindən olan insanlar mənə
deyirdilər ki, sizin bu ölkədə qalmağınız mümkün olmayacaq. Lakin mən qaldım.
Prezident kreslosunda seçkidə qalib gəlməyən birinin oturmasıyla barışmalı olsam
da...”
Müsavat başqanına verilən digər maraqlı sual onun övladlarıyla bağlıdır:
“Oğullarınızın həyatına görə qorxursunuz?” İsa Qəmbərin cavabı: “Əlbəttə, hər
ata kimi narahatlıq keçirirəm. Əvvəllər mənə daha rahat idi, çünki onlar
kiçikdilər. Mənim iki oğlum var - biri 18, biri 16 yaşında - onlar Bakı Dövlət
Universitetinin tələbələridirlər və ictimai-siyasi aktivlik göstərirlər,
mitinqlərdə iştirak edirlər. Xüsusilə də sanksiyalaşdırılmamış mitinqlərə maraq
göstərirlər. Bizim bəzi qohumlarımız həyat yoldaşımı tənqid edirlər ki, uşaqları
riskə atırsınız. Mən nə edə bilərəm? Son mitinqlərdən birində onlar bir neçə
saatlığa həbs olunmuşdular, sonra azad edildilər. Öz oğullarımıı mübarizədən
çəkindirməyim müraciət etdiyim, aktiv olmağa, özlərinin və Azərbaycan xalqının
hüquqları uğrunda mübarizəyə səslədiyim milyonlarla insana münasibətdə düzgün
olmazdı”.
Hazırladı: Ülkər ƏLİYEVA, Yeni Müsavat, 24.12.2005