| “ƏLİYEV REJİMİNƏ YOX, XALQA SƏDAQƏTLİ OLMAQ LAZIMDIR” |
![]() |
İsa Qəmbər: “Bu hakimiyyətin mahiyyəti işfa olundu”
Müsavat Partiyasının başqanı, “Azadlıq” blokunun həmtəsisçisi və 20 saylı
Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədi İsa Qəmbər dünən
Az.TV-də ödənişsiz efir vaxtında çıxış etdi. Çıxışın tam mətnini təqdim edirik.
Axşamınız xeyir, hörmətli televiziya tamaşaçıları, mənim əziz bacılarım və
qardaşlarım!
Son günlər ölkədə baş verən hadisələr hamımızın gözü qarşısındadır. Bütün
bunları diqqətlə izləyirik, müşahidə edirik. Mən bunların təfərrüatına varmaq
istəmirəm - hər şey göz qabağındadır. Ancaq təbii ki, baş verən hadisələri
təhlil etməli, onların nəticələrini deməliyik və yenə də kimin doğru, kimin
yalan söylədiyini yada salmalıyıq. Çünki bu hadisələr davam edəcək. Hələ
nazirlər, komitə sədrləri - bu hakimiyyətin nümayəndələri dəymiş armudlar kimi
tökülməkdə davam edəcəklər. Bu proses Ramiz Mehdiyevədək gedəcək. Hələ bilmək
olmaz ki, bu oyunların arxasında duran adamların ssenarisində başqa nə oyunlar
var və başqa kimlər gedəcək. Bunun hamısını bir yerdə görəcəyik.
Biz bunları deyirdik. Biz deyirdik ki, bu hakimiyyət monolit deyil, dava etməyə,
bir-birini qırmağa hazır olan qruplardan ibarətdir. Biz deyən oldu, olmadı? Biz
deyirdik ki, bu hakimiyyət korrupsiyalaşmış, rüşvətxor bir hakimiyyətdir.
Evlərini-eşiklərini gördünüz. Özü də o gördüyünüz evlər sizi çaşdırmasın. Hələ
tutulmayan, işdən çıxarılmayan nazirlərin evləri, villaları tutulanlarınkından
qat-qat dəbdəbəlidir, orada qat-qat çox sərvətlər görə bilərsiniz. Özü də
oradakı sərvətlər bizim kimi sadə adamların gözünə böyük görünür. Bizim evimizdə
şkafda, vazanın içərisində birimiz iki “şirvan”, birimiz üç-beş min manat pul
qoyuruq ki, çörək, qənd almağa pulumuz olsun. Həmin indi gördüyünüz pullar da bu
adamların cibxərcliyidir, gündəlik xərcləridir. Bu adamların dolanışığı,
rüşvətxorluğu bu şəkildədir. Dediyim kimi, hələ tutulmayanların, işdən
çıxarılmayanların da sərvətləri, villaları bundan qat-qat çoxdur, böyükdür,
dəbdəbəlidir, genişdir. Bunu da görəcəksiniz, şahidi və iştirakçısı olacaqsınız.
Biz deyirdik ki, Əliyevlər rejiminə sədaqət göstərməyin mənası yoxdur, xalqa
sadiq olmaq lazımdır. Gördünüzmü, 10 il, 12 il, 15 il Əliyevlərə xidmət edən
adamları bir günün içərisində Bayıla, MTN-ə atdılar. Onları məhv etməyə
hazırdırlar. Bu gün onlara işgəncə verirlər. Bu gün işgəncə verərək onlardan
yalan ifadələr almağa çalışırlar. Bu adamlar rüşvətxorluq ediblər, çox qanunları
pozublar. Ancaq bu adamların dövlət çevrilişi etmək istəməsi haqda uydurmaya bu
ölkədə heç kim inanmaz. Çünki bu adamların xasiyyəti, fəaliyyət tərzləri
başqadır. Eyni zamanda gördünüz ki, bu var-dövlət, sərvət toplamağın axırı
yoxdur. Yadınızdadırsa, Türkiyənin baş naziri Azərbaycan parlamentinin
tribunasında çıxış edəndə bu adamlara üzünü tutdu. Dedi, bu qədər sərvət,
mal-mülk toplamağın mənası yoxdur, heç nəyi özünüzlə apara bilməyəcəksiniz. İndi
o biri dünyaya yox, hətta vəzifədən vəzifəsizliyə o mal-mülkü apara bilmirlər.
Hamısı bir qrup hakimiyyətdə olan adam tərəfindən mənimsənilir. Bir qrup o
birisinin əlindən almaqla məşğuldur. Bütün bunlar hamısı göz qabağındadır. Bu
hakimiyyətin mahiyyəti ifşa olundu. Bu hakimiyyətin rüşvətxorluğu, monolit
olmaması ifşa olundu. Hakimiyyət özü-özünü ifşa edir. Bu məsələ davam edəcək.
Bu, ciddi bir hakimiyyət böhranıdır və böhran getdikcə dərinləşəcək. Bunun da
nəticəsində əvvəl-axır xalq öz sözünü deyəcək və öz hakimiyyətini, öz
parlamentini seçəcək.
Biz isə “Azadlıq” bloku olaraq monolit bir şəkildə, birgə fəaliyyətimizi davam
etdiririk. Mən keçən dəfə sizə demişdim: son günlərdə Ukraynaya səfər etməli
oldum. Həm oradakı dostlarımız, həmkarlarımızla görüşdük, söhbətləşdik, bir sıra
müqavilələr, sənədlər imzaladıq, həm də gücümüz çatan qədər oradakı dostlarımız,
həmkarlarımız vasitəsilə Rəsul Quliyevin azadlığa çıxması məsələsini
sürətləndirdik. Orada Ukraynanın hakimiyyət partiyasıyla - Yuşşenkonun
partiyasıyla əməkdaşlıq haqda saziş imzaladıq. Bu da bir daha dünyanın bizimlə
bir yerdə olduğunu göstərir. Son günlərdə ABŞ Senatının Azərbaycandakı
seçkilərlə bağlı qətnamə qəbul etdiyini də bilirsiniz.
Mən sizin hamınıza müraciət edirəm. Ürəkli olun. Qanun çərçivəsində, dinc
şəkildə mübarizə aparacağıq və qalib gələcəyik.
Tanrı Azərbaycanı qorusun.
Hazırladı: Ülkər ƏLİYEVA, Yeni Müsavat, 25.10.2005