Misir Mərdanov ali məktəblərdən qovulan tələbələrlə görüşüb

M. Mərdanov tələbənin birinə imtahanda daha bir şans verilməsi tapşırıq verib. Qalan 3 tələbənin ali məktəbə bərpa olunma məsələsi gələn həftənin əvvəlinə qaldı

Təhsil naziri Misir Mərdanov ali məktəblərdən siyasi əqidəsinə görə xaric edildiyi iddia olunan tələbələrin problemini araşdırıb.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə APA-ya bildirib ki, görüşdə ali məktəblərdən qovulan 3 tələbə - Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) keçmiş 4-cü kurs tələbəsi Namiq Feyziyev, Bakı Dövlət Universitetinin (BDU) keçmiş 4-cü kurs tələbəsi Turan Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) keçmiş 4-cü kurs tələbəsi Emin Hüseynov, hazırda qovulma təhlükəsi ilə üzləşən ADPU-nun keçmiş 2-ci kurs tələbəsi Sənan Ağacanov, onların valideynləri və oxuduqları ali məktəblərin prorektorları, dekanları, tədris şöbələrinin müdirləri, tələbə gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər. Nazir tələbələri və digər tərəfləri həm birlikdə, həm də ayrı-ayrılıqda dinləyib. Məlum olub ki, ADPU-nun türk işlətmə kurumu fakültəsinin tələbəsi E. Hüseynov dekana fiziki zor tətbiq etdiyinə görə məktəbdən xaric edilib. BDU-nun tələbəsi T. Əliyevin isə tədris göstəriciləri çox aşağı olub. Buna görə Turan Əliyevə bir necə dəfə universitet rəhbərliyi tərəfindən xəbərdarlıq edilib. Noyabrın 25-də BDU tələbə təşkilatı Turan Əliyevin binanın divarlarına tələbələri mitinqlərə qanunsuz çağırışa səsləyən vərəqələr yapışdırması ilə bağlı akt tərtib edib. T. Əliyev oxuduğu beynəlxalq hüquq fakültəsinin dekanının təqdimatı əsasında qovulub. ADPU-nun tələbəsi S. Ağacanov isə akademik borcu olduğuna görə məktəbdən xaric edilib. İndiyədək 6 akademik borcunu verə bilməyən N. Feyziyevin isə ali məktəbdən xaric edilməsi gözlənilir. O, 6 yazılı imtahanın heç birində bircə sualı da cavablandırmayıb. Görüşün sonunda M. Mərdanov N. Feyziyevə daha bir şans verilməsi barədə məktəb rəhbərliyinə tapşırıq verib. Qalan 3 tələbənin ali məktəbə bərpa olunma məsələsi gələn həftənin əvvəlində universitetlərin rektorlarının iştirakı ilə müzakirə ediləcək.

APA, 24.12.2005