XALQIN BU CİNAYƏTKAR REIİMİ DƏYİŞMƏK
HAQQI VAR
MÜTƏŞƏKKİL MÜBARİZƏMİZ HAKİMİYYƏTİ NARAHAT EDİR
MÜSAVAT BAŞQANINDAN MÖHTƏŞƏM TƏKLİF: "BU GÜN HAKİMİYYƏTƏ QARŞI BİRLİKDƏ MÜBARİZƏ
APARAN DEMOKRATİK QÜVVƏLƏR BİR PARTİYADA BİRLƏŞMƏLİDİRLƏR"
Seçki saxtakarlığına etiraz edən müxalifət qüvvələrinin dünənki aksiyasında
Müsavat Partiyasının başqanı İsa Qəmbər etdi. Çıxışın tam mətnini təqdim edirik:
Əziz bacı və qardaşlarım!
Bir daha sizi salamlayıram. Eşq olsun sizin mübarizənizə, dəyanətinizə,
əzminizə!
Biri deyir ki, havalar soyuduqca insanlar mitinqə gəlməyəcəklər. O biri söyləyir
ki, adamlar mitinqlərdən yorulacaqlar, bezəcəklər və deyəcəklər ki, biz daha
gəlmirik. Bu hakimiyyət düşünür ki, mitinqlərin gününü dəyişməklə, insanlara
maneçilik yaratmaqla aksiyaya gələnlərin sayını azalda biləcək. Bu gün Siz - on
minlərlə Azərbaycan vətəndaşı, demokratiya aşiqi, azadlıq yolunda hər cür
fədakarlığa hazır olan insanlar bu meydanı yenidən doldurmaqla, möhtəşəm yürüş
və mitinq keçirməklə bütün bu deyilənlərin yanlış olduğunu, böyük bir xalqı
təmsil etdiyinizi sübut etdiniz, eşq olsun sizlərə!
Əzizlərim, biz bütövlükdə Azərbaycan tarixinin indiki mərhələsinin çox mühüm
günlərini yaşayırıq. On iki ildir ki, cinayətkar bir rejim, Azərbaycanı işğal
edərək xalqımızın, bizlərin, başına olmazın oyunlar açır. Bu hakimiyyətin,
Əliyev rejiminin günahı üzündən torpaqlarımızın böyük bir qismi işğal
altındadır, yüz minlərlə insanımız öz vətənində qaçqına-köçkünə çevrilib, onlar
qul-kölə vəziyyətində yaşamağa məcbur edilirlər. Milyonlarla insanımız işsizlik,
imkansızlıq ucbatından bu gözəl vətənimizi, məmləkətimizi tərk etməyə, xaricə
getməyə məcbur olublar. Azərbaycanda həyat səviyyəsini biabırçı bir vəziyyətə
salıblar. Özləri isə dünyanın ən varlı, ən zəngin insanları səviyyəsində
yaşayırlar, hətta özləri üçün dünyanın ən zəngin insanlarının özlərinə rəva
bilmədikləri həyat şəraitini təmin edirlər. Öz villaları ilə, təyyarələri ilə,
dənizlərin-okeanların ortasında aldıqları adalarla xalqa meydan oxuyurlar,
insanlara gözdağı verirlər. Göstərirlər ki, biz bu cür yaşayacağıq, siz isə qul
kimi, kölə kimi. Belə bir hakimiyyətə nə demək olar!? (Meydan böyük coşğu ilə
"İstefa!" qışqırdı - D.S.)
Uzun illər ərzində bu cinayətkar tayfa öz xalqına qarşı bu genosidi davam
etdirib. Hər şeyini oğurlayıb, üstəlik də hər seçkidə xalqın səsini oğurlamağa
davam edir. eçənci seçkilərdir ki, demokratik qüvvələr, əslində xalq qalib
gəlir, çünki xalqın iradəsi ortalıqda olur. Ancaq cinayətkar rejim həmin səsləri
oğurlayır, xalqın iradəsini əlindən alır və özünün cinayətkar hakimiyyətini
davam etdirir. Biz hər dəfə bu rejimə qarşı müxtəlif formalarda mübarizə
aparmışıq. Hesab edirəm ki, 2005-ci ilin parlament seçkilərindən sonra aparılan
mübarizə öz möhtəşəmliyi, sistemliliyi, düşünülmüş xarakteri ilə təkcə
Azərbaycan xalqının deyil, dünya tarixinə düşəcək. Çünki bu mübarizə qələbə ilə
bitəcək! ("Azadılq!" hayqırtıları meydanı bürüyür - D.S.)
Qələbəyə aparan yollar barədə müxtəlif fikirlər səslənir, müxtəlif təkliflər
var. Meydanda qalmaq fikri kifayət qədər populyar bir şəklə gəlib çıxıb,
rəhbərlikdə də bu ideya müzakirə olunub. Təbii ki, bu ideyanın yaşamaq haqqı
var. Çünki bu xalqın mübarizə haqqı, cinayətkar rejimi dəyişmək haqqı var. Ona
görə də bu təklif, təbii ki, məntiqli bir təklifdir. Mən xüsusən gənclərin bu
fikirdə olduğunu bilirəm. Bilirəm ki, meydanın əksəriyyəti də mübarizənin
davamlı olması, radikallaşması, nəhayət, bu rejimlə vidalaşılması üçün mümkün
olan hər şeyi etməyin tərəfindədir. Biz bunları gözəl başa düşürük. Amma eyni
zamanda biz onu da bilirik ki, Azərbaycan xalqı, Azərbaycanın demokratik
qüvvələri bir çox sahələrdə hakimiyyətdən üstündür. Biz əqidəmizlə,
mütəşəkkilliyimizlə, mübarizliyimizlə, təmizliyimizlə, mənəvi saflığımızla
hakimiyyətdən üstünük. Biz gücümüzlə, birliyimizlə mövcud iqtidardan güclüyük.
Amma hakimiyyətin bizdən güclü olduğu iki sahə var. Bunlardan biri puldur. Pul
məsələsində biz onlarla yarışa girə bilmərik. Bu hakimiyyətin xalqdan üstün
olduğu ikinci bir sahə zorakılıq məsələsidir. Zor məsələsində, etiraf etmək
lazımdır ki, hakimiyyət xalqdan üstündür. Onların yalnız pula və zora ümidi
qalıb, gücü çatır.
Bizim mütəşəkkil, düşünülmüş mübarizəmiz hakimiyyəti ciddi şəkildə narahat edir.
Hökumət mübarizəni yekunlaşdırmaq, zorakılığa bəhanə tapmaq, mitinqləri
dayandırmaq, ölkədə artan ictimai-siyasi fəallığı azaltmaq üçün yollar axtarır.
Buna görə də hər bir hərəkətimiz, addımımız on dəfə ölçülüb, bir dəfə
biçilməlidir. Atacağımız addımlar bu hərəkatın dayanmasına yox, mitinqlərin,
yürüşlərin, aktivliyin davam etməsinə, nəhayətdə xalqın qəlbəsinə gətirib
çıxarmalıdır. Bunun üçün kifayət qədər imkanlarımız var. Bu gün seçkilərdən
sonra Azərbaycanın bütün milli - demokratik qüvvələri bir araya gəlib. Hesab
edirəm ki, bu qüvvələrin bir təşkilatda, bir hərəkatda birləşməsi barədə
düşünmək lazımdır. AXCP, ADP, Müsavat Partiyası, Liberal Partiyası, digər siyasi
qüvvələr - bütün bu qüvvələr ya bir partiyada, ya da bir hərəkatda, təşkilatda
birləşməlidir, biz mübarizənin yeni bir mərhələsinə başlamalıyıq. Seçkilərdə
iştirak etmiş namizədlərin böyük bir hissəsi - artıq 600-ə qədəri bir araya
gəlib. Onlar seçkilərin nəticələrinin ləğv olunmasını, yeni seçkilərin
keçirilməsini tələb edirlər. Hesab edirəm ki, bu namizədlərin iştirakı ilə
forumumuzu davam etdirməliyik. Eyni zamanda 125 dairənin hamısında həqiqətən
kimin qalib gəldiyini araşdırıb, rəsmiləşdirib o adamların Xalq Məclisi şəklində
fəaliyyət göstərməsini təmin etməliyik. Çünki siz onlara səs vermisiniz, onların
xalqı təmsil etməyə haqqları var, indi parlamentdə oturmaq istəyən quldur
çoxluğun yox. Ona görə hesab edirəm ki, bu 125 adamı müəyyənləşdirib Xalq
Məclisi yaratmalıyıq və xalqın adından danışmağa həm hüquqi, həm siyasi, həm
mənəvi haqqı olan bir təşkilat qurmalıyıq. Biz bunu da edə bilərik. Bizim hələ
istifadə edə biləcəyimiz imkanlar çoxdur. Cəmiyyət yeni-yeni hərəkətə gəlir.
Artıq şirkətlərdə tətillər başlayıb. Sonuncu dəfə nə vaxt eşitmişdiniz ki,
Azərbaycanda fəhlələr, mühəndislər tətil etsinlər. Artıq bu tətillərə də start
verilib. Bu tətil Azərbaycan xalqının artan fəallığından, mübarizə
potensialından xəbər verir. Hesab edirəm ki, biz ictimai-siyasi fəallığı daha da
artırmalıyıq. Hesab edirəm ki, Qərbi, dünyanı utandırmağın zamanı bitməyib. Azad
dünya azadlığı, haqqı uğrunda mübarizə aparan xalqların yanında olacağını bəyan
edib və bizim tamamilə mənəvi haqqımız var ki, onlardan öz sözlərinə əməl
etmələrini tələb edək. Biz bunu da etməliyik.
Hakimiyyətin özünün də içərisində ciddi çaşqınlıq var. Onlar da ciddi tərəddüd
içərisindədirlər. Biz hakimiyyəti xalqla hesablaşmağa vadar etməliyik. Xalqla,
xalqın seçilmiş nümayəndələri ilə, liderlərlə danışmağa məcbur etməliyik. Belə
yollarla biz bu mərhələni uğurla, qələbə ilə başa vura bilərik və nəticədə
xalqımızın uzun illərdən bəri istədiyi azad seçkiyə nail ola, xalqın seçdiyi
parlamentin millətimizin problemlərinin həllinə başlamasını təmin edə bilərik.
Çadırları meydana gətirməyə isə bizim hər zaman imkanımız var. Biz bunu gələn
həftənin şənbə günü də edə bilərik, bütün dünyada insan hüquqlarının qeyd
olunduğu 10 dekabrda da. Bu, bizdən, sizdən asılıdır. Hakimiyyətə xalqa qarşı
zorakılıq həyata keçirmək üçün bəhanə, əsas verməməliyik. Mübarizəmizi necə
mütəşəkkil, dinc şəkildə başlamışıqsa, o şəkildə də davam etdirib qələbəyə qədər
aparmalıyıq. Xalqımız buna hazırdır. Bunun yolu bizim birliyimizdən, əzmimizdən
keçir. Bu birlik də ortadadır, sizin əzminiz də. Gündən-günə bu birliyi və əzmi
gücləndirərək xalqımızı bütün hədəflərinə çatdırmağa qadirik! İnşallah, buna
çatacağıq! Mən sizi bu yolla mübarizəyə səsləyirəm! Mən sizi qələbəyə
səsləyirəm! Tanrı sizlərə yar olsun, Azərbaycanımızı qorusun!
Hazırladı: Dünya SAKİT
"AZADLIQ BLOKU"NUN 26 NOYABR 2005-Cİ İL
TARİXLİ YÜRÜŞ-MİTİNQİNİN QƏTNAMƏSİ
Yürüş-mitinq iştirakçıları 1993-cü ildən başlayaraq mövcud rejimin hakimiyyətdə
olduğu dövrdə keçirilən bütün seçkilər kimi 6 noyabr 2005-ci il üçüncü çağırış
Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərin də qeyri-azad,
qeyri-demokratik şəkildə keçirilməsini, seçkilərin bütün ölkə miqyasında total
və mütəşəkkil cinayətkarlıqla saxtalaşdırılmasını, mövcud rejimin öz
opponentlərinə qarşı aqressiv və repressiv metodlarla mübarizə aparmasını,
hakimiyyətin siyasi müstəvidə itirilmiş nüfuzunu zorakı yolla bərpa etmək
istəyini, Azərbaycan dövlətinin beynəlxalq təşkilatlar qarşısında azad və
ədalətli seçkilər keçirməklə əlaqədar götürdüyü öhdəliyi yerinə yetirməməsini,
siyasi əqidəsinə və peşə fəaliyyətinə görə insanların qətlə yetirilməsini və
qeyri-qanuni olaraq həbs olunmasını, vətəndaşların sərbəst toplaşmaq azadlığına
süni maneələrin yaradılmasını, Konstitusiya və qanunların kobud surətdə
pozulmasını, ən başlıcası keçirilən seçkilərin Azərbaycan xalqının həqiqi
iradəsini müəyyən etmədiyini, Mərkəzi Seçki Komissiyasının seçki pozuntuları ilə
bağlı daxil olan şikayətləri obyektiv araşdırmamasını nəzərə alaraq tələb
edirlər:
1. 6 noyabr 2005-ci ildə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə
keçirilən seçkilərin nəticələri total şəkildə saxtalaşdırıldığına, DSK-ların
protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun olmadığına görə
seçkilərin yekunlarını təsdiq etməsin və yeni seçkilər təyin etsin;
2. Xalqın həqiqi siyasi iradəsini əks etdirən parlament hakimiyyətini
formalaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisinə yeni
seçkilər keçirilsin.
3. 6 noyabr seçkilərinin nəticələrinin saxtalaşdırılmasını həyata keçirən
vəzifəli şəxslər qanuna müvafiq olaraq cəzalandırılsın;
4. MSK-nın seçkilərin saxta nəticələrini təsdiq etməklə bağlı qərarı
qeyri-qanuni hesab edilsin;
5. Elmar Hüseynovun qətlinin sifarişçiləri və icraçıları tapılaraq
cəzalandırılsın;
6. Siyasi əqidəsinə görə qeyri-qanuni olaraq həbs olunan insanlar dərhal
azadlığa buraxılsın.
26 noyabr 2005-ci il, Bakı şəhəri