XUNTA XALQIN QANINI TÖKDÜ
Müxalifətin birliyindən, etirazların artmasından qorxuya düşən rejim vətəndaşlara divan tutdu
Hakimiyyət dinc mitinqçilərə qarşı silahdan və xüsusi təlim keçmiş itlərdən istifadə etdi

Azərbaycanın birləşmiş müxalifəti dünən saxta seçkilərin nəticələrinin ləğvi, təkrar seçkilərin keçirilməsi tələbilə “20 Yanvar” - “Qələbə” marşrutları üzrə növbəti dinc yürüş - mitinqini keçirdi. Amma Azərbaycan xalqına düşmən gözü ilə baxan xunta rejimi aksiyanı zorakılıqla dağıtdı.

Hakimiyyət qüvvələri Azərbaycan vətəndaşlarına sözün əsl mənasında divan tutdu. Qeyd edək ki, budəfəki aksiyada ötən mitinqlərlə müqayisədə iştirakçıların sayı xeyli çox idi. Demokratiya mübarizəsinin artan xətlə inkişaf etməsi tədbirə qatılan on minlərlə insanı ruhlandırmışdı. Narıncı bayraqlarla, demokratiya və azadlıq şüarları ilə “silahlanan” fədakar insanların yürüşdə səsləndirdiyi ilk şüar “İstefa!” oldu. İnsanlar mövcud rejimin zamanında təkrar seçki keçirilməsini də əhəmiyyətsiz məsələ saydıqları üçün birmənalı şəkildə tayfanın hakimiyyətdən getməsini tələb edirdi. Gənc xanımlar “Azadlıq meydana, MSK zindana!” hayqıranda bütün yürüşçülər onların səsinə səs verdi. Hakimiyyətin təqiblərinə baxmayaraq, budəfəki aksiyada tələbələrin sayı həmişəkindən çox idi. İzdiham liderləri - İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlu, Lalə Şövkət və Əli Əliyevi coşqu ilə qarşıladı. “İstefa!” şüarının sədaları altında hərəkətə gələn yürüşün önündə qol-qola girən liderlər irəliləyirdi. Qələbə meydanı ətrafındakı polis qüvvələrinin sayı həmişəkindən dəfələrlə çox idi. Bir qədər kənardakı binaların arxasında yerləşdirilən ehtiyat qüvvələrin isə sayı-hesabı bilinmirdi. Aydın görünürdü ki, rejim seçki saxtakarlıqlarına qarşı mübarizəyə qalxan insanların sayının artmasından ciddi əndişə keçirir. “İlham-saxtakar!”, “İstefa!” şüarları ilə meydana daxil olan nümayişçilər rejimin top-tüfəngli qüvvələrindən qorxmadıqlarını nümayiş etdirirdilər. Ön sırada qaldırılan plakatın bir tərəfində İlham Əliyev və neft çirkabına bulaşmış dollarlar, digər tərəfində isə müxalifət liderlərinin şəkilləri var idi.

Dövlət Himninin oxunmasından sonra tribunaya qalxan mitinqin aparıcısı Arif Hacılı bildirdi ki, hakimiyyət mitinqin vaxtını dəyişsə də, meydana toplaşan on minlərlə insan azadlıq və demokratiya uğrunda mübarizəyə sadiqliyini ortaya qoydu: “Azərbaycan müxalifəti, Azərbaycan xalqı ölkədə demokratik cəmiyyət qurulanadək öz mübarizəsini davam etdirəcək”. Arif bəy elan etdi ki, hakimiyyət dinc aksiyanın qarşısını almaq üçün meydana gələn bütün yolları bağlayıb və insanların həbsinə başlayıb. O, Sumqayıt, Göyçay və digər yerlərdə də həbslərin həyata keçirildiyini bildirdi.

İrticaya demokratiya dərsi

Mitinqdə ilk söz Cümə məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğluna verildi. “Uca və mehriban Allahın adı ilə” deyib çıxışına başlayan bu nüfuzlu din adamı çox emossional bir nitq söyləməklə meydanı coşdurdu: “Artıq 21 gündür ki, bütün dünyanın gözü Azərbaycandadır. Xalqımız bir həqiqəti ortaya qoyub ki, o, küll halında azad yaşamağa hazırdır. Biz 70 il sovet rejimi ilə ona görə mübarizə aparmadıq ki, şahənşah rejimi altında yaşayaq. 2003-cü ildə ona görə zindana düşmədik ki, 21 əsrdə bir tayfa məmləkət əhlinə zülm edə”. Natiq bildirdi ki, bu gün millətimiz dinc mübarizəsilə irticaya dönməzlik və demokratiya dərsi keçir. Hacı İlqar danışdıqca meydanın ön sırasında qərar tutmuş gənclər yerə oturaraq “Çadırlar meydana!” hayqırmağa başladı.

“Azərbaycan işğaldan azad olmalıdır”

“Bu hərəkatın qələbə ilə bitəcəyinə inanıram” deyən AMİP sədri Əli Əliyev ABŞ və digər dövlətlərin başçılarını onları Gürcüstan və Ukraynada olduğu kimi Azərbaycanda da xalqın haqq mübarizəsinə dəstək verməyə çağırdı. O üzünü meydana tutub “qərar sizlərindir, biz sizə tabe olmağa hazırıq” deyəndə “Çadırlar meydana!” hayqırtıları ucaldı.

AXCP (klassiklər) sədri Mirmahmud Mirəlioğlu hansısa dövlətin başçısına müraciətə ehtiyac olmadığını bildirdi: “Bu gün Azərbaycan xalqının iki ümid yeri var. Birincisi başımızın üstündəki Allah, ikincisi millətimizin özüdür. Bu millət, bu zillətlə barışmamalı, özünə layiq həyat qurmalı, saxtakarlıqlarla barışmamalıdır. Bu gün Azərbaycan işğaldan azad olmalıdır”. Hamının bir yerdə olmasını qiymətləndirən Mirmahmud ağa müxalifətin strukturlaşmasına ehtiyac olduğunu bildirdi: “Bu millətin haqq-ədalət zəfəri çox yaxındadır. Bu millət çox söz dedi. İndi iş görmək məqamıdır”.

Meydandan “Çadırlar meydana!” tələbi

Meydan əhli müxalifətin builki aksiyalarına ilk dəfə qatılan Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədovu çox böyük hörmətlə qarşıladı. Etimad bəy öz çıxışında rejimə qarşı mübarizədə hər zaman xalqla bərabər olacağını bəyan etdi. Eyni zamanda təşkilat sədri keçmiş döyüşçüləri bu mübarizədə xalqın mübarizəsinin önündə olmağa səslədi.

Professor Mürşüd Məmmədli rejimin 6 noyabrda növbəti dəfə Azərbaycan xalqına qəsd etdiyini söylədi: “Bu rejimlə qurtarmağın yeganə yolu Azərbaycanda milli azadlıq hərəkatının yeni mərhələsinə başlamaqdır”. Mürşüd bəy Qərbdən gələn missionerlərin Azərbaycan xalqına demokratiya dərsi keçmək cəhdinə cavab verdi: “Bu gün hamımız tayfa imperiyasına qarşı mübarizə aparmalıyıq. Hər bir azərbaycanlı bilməlidir ki, bu mübarizə onun şərəf işi, tale məsələsidir”.

Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan izdihama müraciətlə “mən bu gün sizə general millət deyirəm” deməklə çıxışa başladı. Sonra isə “siz öz əsgərlərinizə, yəni liderlərə hansı əmri vermək istəyirsiniz” sualını verdi. Cavabında “Çadırlar meydana!”, ardınca da “Biz ölərik meydanı tərk etmərik!” hayqırtıları qopdu. Əvəz bəyin təklifindən sonra “Millətə azadlıq!” şüarı səsləndi və sonra natiq “bu yırtıcı rejimə istefa yaraşır” söylədi. Ə.Temirxan danışdığı zaman üzərində “Azadlıq” yazılan ağ rəngli nəhəng şar izdihamın başı üzərinə qaldırıldı.

Müsavat Partiyasının başqanı İsa Qəmbər geniş nitq söylədi. (Başqanın çıxışı ayrıca dərc olunur-E.P.)

Oturaq aksiya qərarı

AXCP sədri Əli Kərimli isə oturaq aksiya qərarının elə bu gün (dünən-red.) verilməsinin zəruriliyini qeyd etdi: “Bu gün biz müəyyənləşdirməliyik, Azərbaycan xalqına qarşı olan təhqiramiz münasibətlə barışmalıyıqmı?” Meydan “Yox!” cavabı verəndə növbəti sual ünvanlandı: “Əgər barışmayacağıqsa, o zaman daha hansı addımları atmalıyıq?” Meydandan ənənəvi tələb eşidildi: “Çadırlar meydana!”. Bundan sonra yerə oturan gənclərə müraciət edib “qalxın, oturmaq qərarını hamımız birlikdə verəcəyik” dedi. AXCP sədri şəxsən meydanda qalmaq qərarına gəldiyini elan edəndə böyük bir coşqu yarandı. Bundan sonra Ə.Kərimli də izdihama müraciətlə “Qərarları siz verməlisiniz” deyəndə izdihamın bir hissəsi “Çadırlar meydana!” qışqırmağa başladı. Az öncə oturaq aksiya qərarının birgə veriləcəyini desə də, AXCP sədri çıxışının növbəti hissəsində artıq kütlənin aksiyanı reallaşdırmaq istəyini görüb qəti mövqeyini açıqladı. Ə.Kərimli “Əgər siz doğrudan da bu gün oturaq aksiyalara getmək barədə qərar verməyə hazırsınızsa, mən bəyan edirəm ki, biz də sizə qoşulacağıq, gəlib sizin aranızda əyləşəcəyik. Amma siz buna hazırsınızsa, buyurun uca millətim, qorxmayın, əyləşin, qoy bütün dünya görsün ki, biz doğrudan da oturaq aksiyalara hazırıq” söyləyəndən sonra meydanın böyük bir hissəsi şüarlar hayqıraraq yerə oturdu. Ə.Kərimli davam etdi: “Oturaq aksiyası o demək deyil ki, biz bütün günü oturacağıq. Yox, biz bütün günü meydanda qalacağıq, danışacağıq”. Uzun müddət “İstefa!” şüarı səsləndi. Ə.Kərimli “Uca millətim, bu meydan sənindir, mən qərarımı verdim, biz də səninlə bərabər bu meydanda qalırıq. Bu qərar artıq qəbul olunub” dedi. Bundan sonra izdihamın coşqusu daha da artdı. Meydan “Azadlıq!” hayqıranda Ə.Kərimli emosionallıqla “Bax, dünya, gör başqa bir xalq bu qaydada “Azadlıq!” deyə bilərmi” söylədi və beynəlxalq aləmi vicdanının səsinə qulaq asıb Azərbaycan xalqının haqq mübarizəsinə dəstək verməyə çağırdı. Ə.Kərimli dedi ki, hökumət onların üzərinə polis göndərsə də, oturaq aksiya iştirakçıları yerini tərk etməyəcək. AXCP sədri mitinq iştirakçılarını təxribatlardan yayınmağa səslədi.

Meydandan İlham Əliyevə dəvət

ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu öncə partiyanın mühacirətdə olan lideri Rəsul Quliyevin salamlarını çatdırdı. Bu zaman polisin əlində bayraq tutan dinc mitinq iştirakçılarından kimisə həbs edib apardığını görən Sərdar bəy izdihamı təxribatlara uymamağa və sakitliyə çağırdı. ADP funksioneri sanki az sonra qopacaq “tufan”dan xəbərdar imiş kimi, insanlardan polis zorakılığına reaksiya verməməyi xahiş etdi: “Heç bir müqavimət göstərmək olmaz. Zorakılığa zorakılıqla cavab vermək olmaz”. Sərdar bəy də aksiyanın davamlı xarakter almasını vacib saydı: “Gəlin bu meydanda gözləyək, özünü prezident elan etmiş İlham Əliyev cənabları bu meydana gəlsin. Bizə seçkilərin nə üçün saxtalaşdırıldığına, nə üçün şikayətlərə baxılmadığına cavab versin”.

Milli Birlik Hərəkatının lideri Lalə Şövkət də oturaq aksiya keçirmək qərarına dəstək verdi: “Uca millətim, artıq siz çox düzgün qərarınızı verdiniz. Mənim mövqeyim Əli bəyin mövqeyi ilə tam üst-üstə düşür”. Lalə xanım bildirdi ki, meydan əhli bu gün dünya və tarix qarşısında mədəniyyət və kamillik imtahanı verməlidir: “Biz dünyaya sübut etməliyik ki, mədəni bir millətik, bizim ləyaqətimiz var. Ona görə də biz dinc aksiyalara keçirik. Dünyada qəbul olunmuş ən dinc, ən yumşaq aksiya oturaq aksiyadır”.

Daha sonra “biz hakimiyyət yox, ədalət istəyirik” deyən Lalə Şövkət polislərə müraciət etdi: “Əziz övladlarım, əziz qardaşlarım, bizim hərəmizin polisdə qohum qardaşı var. Mən inanmıram ki, siz öz ata-ananıza, bacılarınıza oturan yerdə əl qaldıracaqsınız. Ona görə ki, siz də bu millətin övladısınız”. Lalə xanımın dedikləri polisdə əks effekt doğurdu. “Döyüşə hazır ol!” əmri alan polis heç bir əsas və ehtiyac olmadan, mitinqin başa çatmasından cəmi 5 dəqiqə keçdiyi halda izdihamın üzərinə hücuma keçdi. Polisin hərəkətə keçdiyini görən Lalə xanım izdihama “oturun, biz düşürük sizin yanınıza” söylədi.

Müharibə başladı

On minlərlə insan yerə oturub həyəcanlı səslə “A-zad-lıq!” hayqırmağa başladı. Çevik Polis Alayının böyük bir bölüyü qəfildən insanları yarıb tribunaya hücum etdi. Lakin bu zaman artıq liderlər oturaq aksiya qərarını verən insanların əhatəsində idi. Çevik polislər və mülki geyimli qoçu dəstələri tribuna yaxınlığında olan insanları qəddarlıqla döyməyə, yerə yıxılanları təpikləməyə başladılar. Bu zaman arxadakı polis qüvvələri də hərəkətə keçdi. Minlərlə azadlıq mücahidi hələ də polisin onlara qarşı qəddarlıq edəcəyinə inanmayıb oturaq vəziyyətdə “Azadlıq!”, “İstefa!” hayqırırdı. Başdan - ayağa döyüş geyimində olan polis isə yerə oturanların qadın, uşaq, qoca olmasına əhəmiyyət verməyib hamısına eyni rəftar nümayiş etdirirdi. Onlar yerə yıxılıb aman diləyənləri də azğınlıqla döyür, qadınları küçə söyüşləri ilə təhqir edirdilər.

Polisin qəddarlığının qarşılığında meydanı tərk etməməkdə israrlı olan fədakar insanlar yenə də “Azadlıq” şüarı hayqırırdılar. Lakin get-gedə sıralar seyrəlirdi və mülki geyimli quldur dəstələrinin ağlagəlməz dərəcədə vəhşi münasibəti insanları tədricən meydandan uzaqlaşmağa, ətrafdakı binaların arasına dağılışmağa vadar edirdi. Bu zaman özləri ölüm təhlükəsi qarşısında qalan insanlar liderlərini təhlükəli nöqtədən uzaqlaşdırmaq üçün əllərindən gələni etdilər. Meydanın ortasında müxtəlif nahiyələrindən dəyənək və təpik zərbələri alan, sifəti qan içində olan mitinqçilərə tibbi yardım göstərilməsi barədə düşünən belə yox idi. Əksinə, polis və quldur dəstələri onları sürüyərək meydandan kənara aparırdılar. “Qələbə”də sonadək qalanlardan biri də Əvəz Temirxan idi. Onun sifəti dəyənək zərbələrindən tanınmaz hala düşsə də, Əvəz bəy heç yerə getməyəcəyini deyib aparılmasına etiraz edirdi. Lakin az sonra mülki geyimlilər onu zorakılıqla sürüyüb aparmağa çalışdı. Ə.Temirxan israrla “məni polis aparsın” deyə tələb etsə də, buna əhəmiyyət verilmədi. Tərəfdarları Lalə Şövkəti və İsa Qəmbəri polis hücumundan qoruyaraq meydandan kənara aparmağa müvəffəq oldular. Ancaq azğınlaşmış polislər Əli Kərimliyə dəyənək zərbələri endirməyə imkan tapdılar.

Hakimiyyət qoçusu polisi də döydü

Meydandakı insanlar kənara dağılışsa da, onlar müxtəlif şüarlar səsləndirməklə yenidən “Qələbə”yə doğru can atırdılar. Bu zaman polis əməkdaşları və qoçu dəstələri mitinqçilərdən alınan bayraqların saplarını götürüb dinc aksiya iştirakçılarını vəhşicəsinə döyürdülər. Polis dəstələrinin komandirlərinin əlində isə avtomat silah vardı. Onlardan biri avtomat silahı qadın mitinqçinin üstünə tuşlayıb ağır söyüşlərlə onu təhqir etdi. Hətta insanların toplaşdığı əraziyə daş atan polis və mülki geyimlilər də var idi. Mülki geyimlilər əldə etdikləri bayraq bağlamaq üçün istifadə edilən taxta parçası ilə aksiya iştirakçılarnın başına vururdular. Bir qoçu isə polis çavuşuna zərbə endirdi. Bu zaman polislərlə qoçular arasında insident baş verdi. Yüksək rütbəli polis əməkdaşı olaya müdaxilə edib mülki geyimliyə əsəbiləşdi və yanındakılara “götürün aparın bunu” komandasını verdi. Mədəsindən ağır zərbə alan polis çavuşu isə bildirdi ki, həmin qoçunu tanıyır: ““Qorotdel”də işləyir”.

İnsanların geri çəkilmək niyyətində olmadığını görən hakimiyyət nümayəndələri bu dəfə Daxili Qoşunların hərbi bölmələrinə döyüş əmri verdilər. Bu zaman aksiya iştirakçıları “Qarabağa gedirlər e, ar olsun” deyə tənə ilə qışqırdılar. Hərbçilər isə hətta binaların bloklarına girib aksiya iştirakçılarını döyməyə başladılar. Onların ardınca Hərbi Dəniz Qüvvələrinin xüsusi bölüyü də hərəkətə keçdi. Polis və hərbçilərin ölümcül zərbələrinə belə, fədakar insanlar “Azadlıq!” hayqırmaqla reaksiya verirdilər. Meydanda və yaxınlıqdakı yolda, asfalt üstündə bir neçə yaşlı qadın, kişi sərilmişdi. Bir qoca onu vurmaq istəyən polisə üz tutub “sən mənə ayda 10 ”şirvan” pensiya verirsən, bununla necə dolanım?” deyə qışqırdı. Polis ondan kobudluqla meydanı tərk etməyi tələb etdi. Bu vaxt Flora Kərimova, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Əsabəli Mustafayev və digərləri yerə səpilmiş narıncı bayraqları yığmağa, huşunu itirənlərə yardım göstərməyə çalışırdılar. Ancaq daxili qoşun əsgərlərinin əlavə qüvvələrinin döyüş hazırlığına gətirilməsindən sonra onlar da ərazidən uzaqlaşdırıldı. Aksiya iştirakçıları isə ayrı-ayrı məhəllələrdə şüarlar səsləndirməkdə davam edirdilər.

Döyüşdən sonrakı acı mənzərə

Hakimiyyət nümayəndələri qisas alırmış kimi, “20 Yanvar” metrostansiyası istiqamətində dağılışmaqda olan kütlənin üzərinə suvuran maşınları göndərdi. Maşınlar qadın, qoca, uşaq bilmədən insanların üstünə su vurmağa başladı. Az sonra həmin istiqamətdə hərəkət edən insanların üstünə qaz “şaşki”ləri buraxıldı. Bu zaman çoxlu aksiya iştirakçısı, hətta ətraf binalardan birinin gözətçisi olan kişi də qazın təsirindən gözlərini tutub yerə yıxıldı. “Qələbə” və yürüşün marşrutu boyu yol döyüş meydanını xatırladırdı. Meydanın ətrafına tikanlı məftillərin çəkilməsi, itlərin hazır vəziyyətə gətirilməsi, snayper, avtomat silahlarla silahlanan əsgərlərin döyüşə hazır saxlanılması, asfalt üstündəki yaralılar, dağıdılmış tribuna, yerə çəpilmiş qadın ayaqqabıları, bayraqlar, aldıqları zərbələrdən yerə yıxılmış uşaqlar... Bütün bunlar döyüşdən sonrakı mənzərənin acı nəticəsi idi. Hətta qoçular jurnalistlər üçün qurulan tribunaları da viran qoydular. Yerə düşən Azərbaycan bayrağını götürən jurnalist isə Çingiz Məmmədovun qəzəbinə tuş gəldi. O, bayrağı hirslə alıb apardı. Polislər mitinqçiləri dağıdandan sonra jurnalistlərin üstünə hücuma keçməyə başladı. Dinc mitinq iştirakçılarından təmizlənən meydanda “qələbə paradı”nı qəbul edən isə BŞBPİ-nin rəis müavini Yaşar Əliyev oldu. Elə onun gözü qarşısında “Ekspress” qəzetinin əməkdaşı Elman Malıyev polis tərəfindən təhqir edildi.

15-16 oktyabrdan da dəhşətli gün

Qeyd edək ki, adətən müxalifətin mitinqləri ayrılan vaxtdan gec başa çatırdı. Elə bundan əvvəlki mitinq 28 dəqiqə sonra yekunlaşmış və hətta aksiyalar metro stansiyaları qarşısında davam etdirilmişdi. Lakin dünən Əliyev rejimi müxalifətin aksiyalarının gündən-günə güclənməsini sinirə bilmədi. Elə ona görədir ki, heç bir xəbərdarlıq edilmədən çoxsaylı qocaların, qadınların və uşaqların iştirak etdiyi dinc mitinqi qəddarlıqla dağıtdılar. Hətta 2003-cü ilin 15-16 oktyabr hadisələrində rejim insanlara qarşı zor tətbiq etməzdən əvvəl meqafonla ən müxtəlif xəbərdarlıq növündən istifadə etmişdi. Dünən aksiya zorakılıqla dağıdılandan sonra su maşınlarının işə salınması isə rejimin ona səs verməyən Azərbaycan xalqından əməlli-başlı qisas almasının göstəricisi idi. Bütün bunlara baxmayaraq, birləşmiş müxalifətin etiraz aksiyası baş tutdu və dünənki tədbir bir daha bütün dünyanın diqqətini Azərbaycanda baş verənlərə cəlb etmək baxımından tarixi bir hadisə oldu.

Elşad PAŞASOY


REJİMİN POLİSİ XALQI QANINA QƏLTAN ETDİ

Hakimiyyət növbəti dəfə təxribata əl atdı

Dünən hərbi-polis rejimi Qələbə meydanında seçki saxtakarlıqlarına etiraz edən 10 minlərlə insana növbəti dəfə öz dişlərini qıcadı. Əvvəlcədən əmrə müntəzir dayanmış Çevik Polis Alayı bir göz qırpımında oturaq aksiya keçirmək istəyən insanların üzərinə şığıdı.

Çox keçmədi ki, meydanın arxa hissəsindən hücuma keçən polislər liderlərin dayandığı tribunanı darmadağın etdilər. Mətbuat nümayəndələri üçün quraşdırılmış tribunadan qopan taxta parçaları isə havada uçaraq insanların başına tökülürdü. Polis dəstələri aksiyaya gəlmiş qadına, uşağa və qocalara belə aman vermirdi. Suvuran maşınlardan insanların üzərinə çəhrayı rəngli (çox güman ki, çirkli) su şırnaqlarının və xüsusi təlim görmüş itlərin buraxılması isə camaatı çaş-baş salırdı. Eyni zamanda dəyənək zərbələrindən canını qurtarmaq istəyən insanlar metronun “20 yanvar” və “İnşaatçılar” stansiyalarına getmək istəsələr də, bir qədər kənarda dayanmış Daxili Qoşunların əsgərləri onlara mane olurdular. Meydandan metronun adıçəkilən stansiyalarına uzanan yol, demək olar, Daxili Qoşunların nəzarəti altında idi. Onlar mitinqə gələn gəncləri həbs edərək avtobuslara doldurur, müxtəlif istiqamətlərə aparırdılar.

Qeyd edək ki, insanlara qarşı həmişə olduğu kimi, bu dəfə də mülki geyimlilər xüsusi qəddarlıqları ilə seçilirdilər. Maraqladır ki, onların bəziləri səhvən öz “paqon yoldaşları”nın zərbələrinə məruz qalırdılar...

MƏHƏBBƏT


“MİTİNQDƏ İKİ NƏFƏR ÖLÜB”
Bu barədə “Azad və ədalətli seçkilər uğrunda” Əlaqələndirici Məşvərət Şurası məlumat yayıb

“Azad və ədalətli seçkilər uğrunda” Əlaqələndirici Məşvərət Şurası müxalifətin dünənki mitinqinin vəhşicəsinə dağıdılması ilə bağlı bəyanat verib. Qurum sənədi Məşvərət Şurasının bu aksiyanın monitorinqini aparan nümayəndələrinin məlumatı əsasında tərtib edib.

Bəyanatda deyilir ki, hələ mitinqin başa çatma vaxtı bitməmiş, bir qrup mülki geyimli şəxs aksiya iştirakçılarına basqın edib: “Mitinqin vaxtı bitər-bitməz heç bir xəbərdarlıq etmədən polis dəstələri dörd tərəfdən dinc və icazəli aksiya iştirakçılarına hücum edərək, onlara qarşı fiziki güc tətbiq etməklə, mitinqi dağıtmağa başlayıblar. Polislər meydanı tərk etmək istəyənləri, yerə yıxılanları, uşaqlar, qadın və qocalar da daxil olmaqla, dinc aksiyanın bütün iştirakçılarını dəyənəkdən keçiriblər. Aksiyanın dağıdılmasında suvuran maşınlardan, qazdan və psixoloji vasitələrdən istifadə edilib. İlkin məlumatlara görə, yüzlərlə yaralananlar və ağır bədən xəsarəti alanlar var. Məşhur teoloq Nəriman Qasımoğlunun və ”Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin ailə üzvləri də ağır bədən xəsarəti alıblar”. Bəyanatda deyilir ki, döyülən və xəsarət alanlar arasında öz vəzifə borcunu yerinə yetirən 20 nəfərə yaxın KİV nümayəndəsi də var: “Verilən məlumatlara görə, ağır xəsarət alanlardan bir nəfər kişi elə yerindəcə dünyasını dəyişib. Saat 23:00 radələrində bizə daxil olan məlumata görə isə bir qadın aldığı xəsarətdən Respublika Xəstəxanasında keçinib”.

“Azad və ədalətli seçkilər uğrunda” Əlaqələndirici Məşvərət Şurası polis qüvvələrinin həyata keçirdiyi bu zorakılığı konstitusiyaya uyğun olaraq dinc aksiya vasitəsi ilə Milli Məclisə seçkilər zamanı baş vermiş qanun pozuntularına və seçki saxtakarlıqlarına etiraz edən xalq kütlələrinə qarşı iqtidar tərəfindən cəza aksiyası kimi qiymətləndirərək, qəddarlığa rəvac verən məmurların cəzalandırılmasını tələb edir".

TUNCAY


POLİS DİNC MİTİNQÇİLƏRƏ DİVAN TUTDU
Dünən onlarla aksiya iştirakçısı vəhşicəsinə döyüldü

“Azadlıq” bloku və Milli Birlik Hərəkatının təşkilatçılığı ilə keçirilən dünənki mitinqdə polis analoqu olmayan zorakılıq nümayiş etdirib. Mitinqçilərin qərar verməsindən dərhal sonra aksiyaçılara hücum edən polis qadınları, qocaları, uşaqları döyərək meydandan çıxarıb.

17:10-da meydanda olan əməkdaşlarımızdan aldığımız məlumata görə, mülki geyimlilər meydana daxil olaraq, tribunanı dağıdıblar. Polis oturaq aksiya iştirakçılarına hücuma keçib.

17:10-da Zorakılıq Əleyhinə Hüquq Müdafiə Mərkəzinin direktoru Fuad Həsənovdan aldığımız məlumata görə, meydanda qarışıqlıqdır. Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları dəyənəklərini şitlərinə vuraraq vahimə yaradır. F.Həsənovun bildirdiyinə görə, “İnşaatçılar” metrostansiyası ətrafında da vəziyyət gərgindir. Mitinqin keçirildiyi ərazi polis tərəfindən tamamilə əhatəyə alınıb.

17:15-də qəzetimizin redaktoru Mustafa Hacıbəylinin verdiyi məlumata görə, polis vandalizmlə məşğuldur. ALP-nin sədr əvəzi Əvəz Temirxanı polis döyərək yerə yıxıb. M.Hacıbəylinin sözlərinə görə, polisin vurduğu dəyənək zədəsindən Ə.Temirxanın başı yarılıb. Polis hətta xüsusi geyimdə olan jurnalistlərə qarşı da zor işlədir.

17:20-də əməkdaşımız Kənan Rövşənoğludan aldığımız məlumata görə, meydana 3000 min nəfərə qədər polis və mülki geyimli daxil olub. Əməkdaşımızın dediyinə görə, polis heç bir xəbərdarlıq etmədən aksiyaçılara hücuma keçib. Meydanda olan qadınlara, uşaqlara qarşı zor işlədilib.

17:26-da aldığımız məlumata görə, artıq meydana xüsusi itləri buraxaraq, insanları vəhşicəsinə döyə-döyə kənara sıxışdırırlar.

17:30-da verilən xəbərlərə görə, meydan tikanlı məftillərə əhatəyə alınıb. Daxili qoşun hissələri meydana daxil olub.

Qeyd edək ki, hücum zamanı çoxlu sayda mitinq iştirakçısı yaralanıb. Altı nəfər azyaşlı uşaq xəsarət alıb. Məlumatlara görə, polis zorakılığı nəticəsində xəsarət alan onlarla insan şəhər xəstəxanasına yerləşdirilib. Adları dəqiqləşdirilən xəsarət alanlar aşağıdakılardır:

AXCP sədri Əli Kərimli baş nahiyəsindən ağır zərbə alıb;
Zöhrə Rzayeva - bitərəf, Çevik Polis Alayının əməkdaşları tərəfindən döyülüb, ayaq, bel nahiyələrindən zədə alıb;
Xanlar Dadaşov - Müsavat Partiyası Nərimanov rayon təşkilatının üzvü baş, çiyin nahiyəsindən zədə alıb;
Zərifə adlı vətəndaş qəzetimizə telefon açaraq 12 yaşlı qızının ayağının sındığını, hazırda xəstəxanaya yerləşdirildiyini bildirdi;
Seyid Raqib Nəsirov - bel, ayaq nahiyəsindən zədə alıb;
Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü Misir Mahmudlunun oğlu 16 yaşlı Saqif Mahmudlunun yeri bilinmir;
Səmayə Tahirova - Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Oqtay Tahirovun həyat yoldaşı, polisin vurduğu zədələr nəticəsində ağır xəsarət alaraq, reanimasiyaya yerləşdirilib.
Əliyev Seyfəddin - (Müsavat Partiyası) ayağı sınıb;
AXCP sədrinin müşaviri Nəriman Qasımoğlunun həyat yoldaşı zorakılıqlara məruz qaldığından ağır vəziyyətdə Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

YÜZLƏRLƏ MÜXALİFƏTÇİ HƏBS OLUNDU

Birləşmiş müxalifətin dünənki mitinqinə icazə verilməsinə baxmayaraq, polis aksiyadan öncə bir sıra həbslər həyata keçirib. Bundan əlavə, mitinqdən sonra meydanda qalmaq istəyən iştirakçılar həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi açıqlamasında 29 nəfərin həbs edildiyi göstərilsə də, qeyri-rəsmi rəqəmlər tutulanların bundan bir neçə dəfə çox olduğunu göstərir. Qeyd edək ki, blokun vəkilləri polis bölməsində olan müxalifətçilərin siyahısını dəqiqləşdirmədiyindən tam siyahını əldə edə bilmədik.

Əlövsət Bayramlı - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü;
Mətanət İsmayılova - müsavatçı, Sumqayıtdan gələrkən saxlanılıb;
ALP rəhbəri Əvəz Temirxanın da saxlanıldığı bildirilir.
Sabir Hacıyev - Nizami rayon təşkilatının üzvü, mitinqdən öncə saxlanılıb;
Polis sənətçi Flora Kərimovanı da həbs etməyə cəhd göstərib. Lakin digər polis əməkdaşları araya girərək həmkarlarına bunu həyata keçirməyə imkan verməyiblər.

Leyla


CƏZA ƏMƏLİYYATI
Dünən rejimin vampirləri qan üçün yenə millətin üstünə yeridilər
Vəhşiliyi seyr edən Britaniya səfiri nümayəndəliyin xanım əməkdaşını polisin əlindən şəxsən alıb

“Bakıda yenə qan töküldü”. Heydərizmin qudurğan tör-töküntüləri demokratiya və azadlıq istəyən insanlarımızı qanına qəltan etdikcə bizlər yazılarımızı hər dəfə bu sayaq başlamışıq. 12 sentyabr 1998-ci il, 15-16 oktyabr 2003-cü il tarixlərində də belə olub, dünən də bu təkrarlandı. İnsanlar dinc və sakit mitinq keçirdiyi yerdə polis qəfil hücuma keçərək uşaqlara, qadınlara və qocalara belə aman vermədi, vətəndaşları sözün əsl mənasında ayaqladılar...

Hələ mitinq başlamamışdan xeyli əvvəl Qələbə meydanına yollandıq. Ərazidə polisin çoxluğu, Yasamal rayon Polis İdarəsinin qarşısında və ətrafında Daxili Qoşunların (DQ) xeyli qüvvəsinin cəmləşməsi diqqətimizi çəkdi. DQ əsgərləri itlərlə dayanmışdılar. Ətrafda isə bir neçə yanğınsöndürən və suvuran maşın gözə dəyirdi. Nə baş verdiyini dəqiqləşdirmək üçün yaxınlıqdakı DQ-nin zabitləri ilə söhbət etdik. Söhbət zamanı onlar bizə “Daxili Qoşunlar Yasamal polisi ilə birgə təlim keçir” dedilər. Bununla belə, əsgərlərə müxtəlif əmr verərkən zabitlərin çox gərgin olmaları hiss olunurdu.

DQ-nin belə tərkibdə cəlb olunmasına münasibət bildirən Çevik Polis Alayının (ÇPA) komandiri Rza Hacıyev burada qeyri-adi heç nə olmadığını söylədi. Lakin heç bir qarşıdurma olmadan davam edən mitinqin başa çatmasına 10-15 dəqiqə qalmış DQ komandirləri “Əsgərlər, döyüşə hazırlaşın!” əmrini verdilər. Və onlar bir neçə belə komandadan sonra Yasamal rayon Polis İdarəsi istiqamətindən Qələbə meydanına yaxınlaşaraq hazır vəziyyətdə gözləməyə başladılar. Bu zaman mülki geyimli 15-20 nəfər polis işçisi nümayişçilərin arasına qatılmaq istədi. Amma mitinqçilər onları aksiya iştirakçılarının sırasına qatılmağa qoymadılar.

İşin bu vəziyyətdə olduğunu görən polislər geri qayıtdı. Artıq mitinq başa çatmaq üzrə idi. Saat 17:05-də Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin rəhbərliyi ilə ÇPA-nın qüvvələri şitlərlə qutuvari forma yaradaraq, yanlarında da 150-200 mülki geyimli şəxslərlə Qələbə meydanınıdan “İnşaatçılar” metrostansiyasına gedən yol istiqamətində hücuma keçdilər. Bu zaman onlar uşağa, qocaya, qadınlara belə məhəl qoymur, qarşılarına çıxanı vəhşicəsinə döyərək ayaq altına salırdılar.

İnsanları binaların arasına sıxışdıran polisin ardınca gələn ikinci polis dəstəsi mitinqin tribunası qurulan səmtə çatıb oradan, habelə arxadan, liderlərin dayandığı yerə hücum etdilər. Onlar tribunaya çataraq liderlərin çıxış etdiyi və jurnalistlər üçün nəzərdə tutulan tribunaları dağıtdılar. İnsanların qanını axıtmaqdan doymayan polislər, ələlxüsus mülki geyimlilər, tribunanı darmadağın edib, onun taxtaları ilə insanları döyməyə başladılar.

Bu zaman onlar AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovu vəhşicəsinə döyməyə başladılar. Kürək nahiyəsindən ağır xəsarət alan İ.Kərimov xeyli müddət yerdə qaldı. Onun ayağa qalxıb yeriməsinə bir neçə dəfə kömək edilsə də, hərəkət edə bilmədi. Jurnalistlər təcili yardım çağırıb onu ərazidən uzaqlaşdırdılar. Bu vaxt mülki geyimlilər Azərbaycan Liberal Partiyasının sədr müavini Əvəz Temirxana da hücum etdilər. Polislər onu vəhşicəsinə döysələr də, Əvəz bəy meydanı tərk etmədi. Üz-başı al-qan içində olan Ə.Temirxanın bu inadı polisləri özündən çıxardı və onlar yenidən hücum etdilər. Budəfəki hücuma Yasamal rayon Polis İdarəsinin keçmiş rəisi, hazırda DİN-də çalışan Şahmar Paşayev rəhbərlik edirdi. O, Əvəz bəyi sürüyərək meydandan çıxarmağı tapşırdı. Ancaq başqa bir istiqamətdə polisə ehtiyac olduğundan, onlar oraya yollandılar. Meydanın düz ortasında Ə.Temirxan oturaq halda bəyanat da verdi: “Bizim aksiya hələ də davam edir. Biz bu iyrənc rejimdən qorxmuruq. Mən bu meydanı tərk etməyəcəyəm. Kişi tüpürdüyünü yalamaz!..”

Doğrudan da, Əvəz bəy sona qədər öz dediyinin üstündə durdu. Amma az keçmiş Ş.Paşayev öz dəstəsi ilə yenidən ona hücum etdi. Və bu dəfə polislər Ə.Temirxanı zorla maşına oturdaraq naməlum istiqamətə apardılar. Bundan sonra meydana Daxili Qoşun hissələri girdi. İnsanları müxtəlif istiqamətlərə sıxışdıran əsgərlər itlərdən və silahlardan istifadə edirdilər. Onların əllərində “Vinçester” silahına bənzəyən, gözyaşardan xüsusi silah, “Snayper” və Kalaşnikov avtomatları var idi. Meydanı dövrəyə alan qoşun dərhal ətrafa xüsusi təkərli qurğu vasitəsi ilə tikanlı məftil çəkdilər. Buna baxmayaraq, insanlar meydanın ətrafında “Azadlıq!” və “Azad seçki!” hayqırırdı. Hətta polisin bir neçə həmləsi onları susdura bilmədi. Bu zaman əsgərlərin bir neçə dəstəsi əllərindəki silahdan atəş açaraq insanları qovmağa başladı.

Xatırladaq ki, bütün bunlar beynəlxalq qurumların yerli nümayəndələrinin gözü qarşısında baş verirdi. Böyük Britaniyanın ölkəmizdəki səfiri Lori Bristou və əməkdaşları da mitinqi seyr edirdilər. Heydərizmin qulları mitinqi dağıdandan sonra onlara qarşı da zor işlətdilər. Səfirliyin xanım əməkdaşının üstünə sözün əsl mənasında cuman polisin qarşısını səfir özü aldı.

Hadisələrdən sonra Yaşar Əliyev mətbuata verdiyi açıqlamada bildirib ki, guya, hücumdan əvvəl aksiya iştirakçılarına xəbərdarlıq edilib. Amma bütün aksiya boyu polisləri yaxından izləyən bizlər belə bir xəbərdarlığın şahidi olmadıq...

Arif Hacılının Yaşar Əliyevə etdiyi zənglərdən sonra onun bir hissəsi qaytarılıb

Dünən “Azadlıq” bloku və müttəfiqlərinin mitinqinə polis müdaxiləsindən sonra müxalifətə məxsus aksiyada istifadə olunan avadanlıqlar da dağıdılıb.

Qurğuların aqibəti ilə bağlı Müsavat Partiyasının başqan müavini Arif Hacılıyla əlaqə saxladıq. O, bizimlə söhbətində baş verənlərdən sonra özünün şəxsən 4 dəfə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevlə əlaqə saxladığını dedi: “Onunla bir neçə dəfə telefonla danışandan sonra ”Azadlıq" blokuna məxsus avadanlıqların bir qismi qaytarılıb. Qalanları barədə isə sabah (bu gün - red.) söhbət edəcəyik."

Qeyd edək ki, polis işçiləri dünən hamının gözü qarşısında müxalifətə məxsus səsgücləndiriciləri və tribunaları vurub sındırıblar.

Rey KƏRİMOĞLU


ZORAKILIĞIN PİK NÖQTƏSİ
Hakimiyyət növbəti dəfə dinc aksiya iştirakçılarına qarşı vəhşilik törətdi

Hakimiyyət növbəti dəfə xalqa qarşı zorakılıq etdi. Yenə dağıdılmış meydan, yerdə tökülüb qalan bayraqlar, döyülməkdən tərpənməyə halı olmayan köməksiz insanlar... Bu mənzərələr 2003-cü ilin 16 oktyabrında “Azadlıq” meydanında baş verənləri xatırladırdı. Həmin qəddarlıqdan əyilmiş, vəhşiləşmiş sifətlər, dinc adamları vurmaqdan ötrü fürsət axtaran daxili qoşun əsgərləri, polislər, xüsusi təlim keçmiş itlər və silahlılar. Yaşar Əliyev də dəyişməmişdi. General paqonu daşıyan bu adam yaşı altmışı ötmüş bir qadını təhqir edir, vururdu. Yaxınlıqdakı jurnalistləri gördüyü üçün bir polis zabiti araya girərək rəisinin bu biabırçı hərəkətinə son verməyə çalışırdı. Bütün bunlar baş verəndə saat 17:00 idi. Mitinq üçün razılaşdırılmış vaxt yenicə başa çatırdı.

Saat 15:00-da isə hamı kimi biz də Qələbə meydanında keçiriləcək dinc, razılaşdırılmış etiraz aksiyasını müşahidə etməyə getmişdik. Mənim gördüyüm minlərlə Azərbaycan vətəndaşı da dünənki aksiyaya dinc, heç bir provokasiya niyyəti olmadan qatılmışdı. Hacı İlqarın, Əvəz Temirxanın mübarizəyə çağıran çıxışları, Müsavat başqanının gələcək mübarizə yollarını və metodunu nişan verən çağırışları mitinqin dinc məcrada davam edəcəyini göstərirdi. Gələcək mübarizənin konturlarını cızan İsa bəy bu hakimiyyətin güvəndiyi iki məqamı - zor və pul amilinin hələ də güclü olduğunu meydana çatdıraraq insanları dinc, davamlı mübarizəyə çağırdı. Amma sonrakı çıxışlar meydanın tempini dəyişdi. AXCP sədri Əli Kərimlinin oturaq aksiyalara çağırışı, ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlunun onu dəstəkləyən çıxışı və nəhayət Lalə Şövkətin meydanı oturmağa səsləməsi gərginliyi artırdı. Bu zaman bir neçə yüksək rütəbli polis zabiti AXCP sədrinin müavini, mitinq komitəsinin üzvü Həsən Kərimovu yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin yanına aparanda artıq meydana hücum ediləcəyi gözlənilirdi. Və bu özünü çox gözlətmədi.

Saat 16:55-də polis mitinqçilərin üzərinə hücuma keçdi. Qeyd edək ki, Çevik Polis Alayının nizami dəstələrinin önündə xeyli sayda mülki geyimlilər də vardı. Heç nədən şübhələnməyən mitinqçilərin üzərinə gələn bu adamlar qarşılarına çıxan insanları vəhşicəsinə döyürdülər. Polislər isə heç kəsə aman vermirdilər. Buna baxmayaraq, mitinqçilər binaların arasına çəkilərək “Azadlıq!” şüarı səsləndirməyə başladılar. Meydanın əsas hissəsi isə tez bir zamanda dağıdıldı. Polisin vəhşiliyi nəticəsində onlarla insan hətta meydanı tərk etmək iqtidarında olmadığı üçün yerdə qalmışdı. Bir neçə qadın isə tamamilə hərəkətsiz şəkildə yerdə uzanmışdı. Yerə sərilənlər arasında Liberal Partiyasının sədri Əvəz Temirxan da vardı. Bir neçə qadın isə xüsusilə pis vəziyyətdə, hərəkətsiz halda idi. Yaxınlıqda saxlanılan azyaşlı uşağın ayağı sınmışdı. Meydanda gördüyüm ən dəhşətli mənzərə isə vəhşicəsinə döyülən qadın oldu. Birtəhər yol kənarına çəkdiyimiz qadın özünə gələn kimi “qızımı tapın, qırmızı paltarda idi, onu tapın” deyə haray çəkdi. Yaşar Əliyev isə bir başqa yaşlı qadını vurmaqdan belə çəkinmədi. Yaxınlıqdakı qadınların yerə tökülüb qalmış narıncı bayraqları bir yerə yığıb çıxarmaq istəmələri polisləri xüsusilə hiddətləndirdi. Qadını təhqir etməkdən çəkinməyən polis zabitləri bayraqları onların əlindən aldı. Tezliklə Y.Əliyevin göstərişilə meydana tökülüb qalan ayaqqabılar, paltarlar və narıncı bayraqlar yığışdırıldı. Bu zaman meydana Daxili Qoşunların xeyli sayda əsgəri, iki əlavə suvuran maşın və xüsusi təlim keçmiş itlər gətirildi. Meydan əhatəyə alındıqdan sonra əsgərlər meydanın ətrafına xüsusi məftillər çəkməyə başladılar. Əvvəldən meydanda olan suvuran maşınlar isə “20 yanvar” metrosu istiqamətilə mitinqçilərin üzərinə su vururdular. Bəzi polislər və Daxili Qoşun əsgərləri isə avtomatlarla silahlanmışdılar.

Vandallıq aksiyası isə ümumilikdə 15 dəqiqə davam etsə də, kənar ərazilərdə “təmizlənmə əməliyyatı” xeyli çəkdi.

KƏNAN


JURNALİSTLƏR DƏ DÖYÜLDÜ
10-dan çox KİV nümayəndəsi polis vəhşiliyilə üzləşdi

Dünən “Azadlıq” blokunun keçirdiyi yürüş-mitinq polis tərəfindən dağıdılarkən 10-dan çox xarici və yerli jurnalist fiziki zorakılığa məruz qalıb.

Polis tərəfindən xəsərət alan jurnalistlər:

- Elbrus Seyfullayev - “Azərpress”in müxbiri;
- Şahin Aydın - “Bizim yol” qəzetinin müxbiri;
- Şaida Tulaqayeva - BBC-nin müxbiri;
- Şirin Səfərov - “Bakı xəbər” qəzetinin əməkdaşı;
- Zaur Rəsulov - “Novoe vremya” qəzetinin müxbiri;
- Anar Bayramoğlu - “Şərq” qəzetinin müxbiri;
- Samir Nemanoğlu - Turan İA-nın müxbiri;
- Mustafa Hacılı - “Yeni Musavat” qəzetinin redaktoru;
- Sarvan Rizvanov - “Turan” İA-nın müxbiri, Mətbuat Şurasının monitorinq qrupunun üzvü;
- Elman Mayılov - “Ekspress” qəzetinin müxbiri, Mətbuat Şurasının monitorinq qrupunun üzvü;
- Ağa Səfərov - “Hürriyyət” qəzetinin müxbiri;
- Zöhrab İsmayıl - “Azadlıq” qəzeti, Mətbuat Şurasının üzvü.

Qeyd edək ki, təzyiqlərə məruz qalan jurnalistlərin çoxunun vəsiqəsi yaxasında olub və Mətbuat Şurasının xüsusi geyimində öz peşə borclarını yerinə yetiriblər.

“TURAN”


DÖYÜLƏN MİTİNQÇİLƏRDƏN İKİSİ REANİMASİYADADIR

Dünən müxalifətin Qələbə meydanında keçirdiyi mitinqdə baş vermiş qarşıdurma nəticəsində xəsarət almış aksiya iştirakçılarından 6 nəfəri Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Bu barədə APA-ya xəstəxananın qəbul şöbəsindən məlumat verilib. Xəstəxanadan bildirilib ki, onlardan 4-ü tibbi yardım göstərilərək evə buraxılıb. Səmayə Hacıyeva və Sürəyya Tahirova adlı pasiyentlər isə reanimasiya şöbəsinə yerləşdiriliblər. Gətirilənlər arasında polis nəfərləri olmayıb.


“HAKİMİYYƏT BU HƏRƏKƏTLƏ ÖZÜNÜ DÜNYAYA QARŞI QOYDU”

“Azadlıq” blokunun liderləri hakimiyyətin növbəti zorakılıqlarına baxmayaraq, etirazların davam etdiriləcəyini bəyan etdilər

Dünən müxalifətin dinc etiraz aksiyası vəhşicəsinə dağıdıldı. Polis və daxili qoşunların hərbçilərindən istifadə edən hakimiyyət dinc insanları vəhşicəsinə döydürdü. Aksiyadan bir qədər sonra müxalifət liderləri baş verənlərlə əlaqədar AXCP qərargahında mətbuat konfransı keçirdilər.

AXCP sədri Əli Kərimli aksiyada iştirak edən uşaq, qadın və qocaların heç bir xəbərdarlıq edilmədən vəhşicəsinə döyüldüyünü, minlərlə insanın xəsarət aldığını, ayaq altında qalan insanların ağır vəziyyətdə olduğunu bildirdi: “Baş vermiş vəhşiliklər nəticəsində həyatı təhlükədə olan insanlar var. Bu hadisəni Azərbaycan hökumətinin iç üzünün açılması kimi qiymətləndiririk. Əgər bu günə qədər Azərbaycan hökuməti demokratiya imitasiyası edirdisə, bu gün maskasını çıxararaq, nəyə qadir olduğunu göstərdi. Fikrimcə, hakimiyyət bu hərəkətlə özünü dünyaya qarşı qoydu və şübhəsiz ki, dünya ictimaiyyəti bu hadisəyə biganə olmayacaq. Azərbaycan xalqı bu gün mənəvi-siyasi qələbə qazandı. Dünya birliyi gördü ki, Azərbaycan xalqı səslərinin oğurlanmasına biganə deyil”. Ə.Kərimli on minlərlə Azərbaycan insanının dinc mübarizəyə hazır olduğunu vurğuladı: “On minlərlə Azərbaycan insanı demokratiya uğrunda mübarizədə Gürcüstan və Ukrayna xalqından əskik olmadıqlarını ortaya qoydular, ancaq məlum oldu ki, Azərbaycanın dövlət başçısı Şevardnadze və Kuçmadan da qeyri-demokratik adamdır”.

Ə.Kərimli oturaq aksiyalara çağırışlarla bağlı partiyalar arasında heç bir fikir ayrılığının olmadığını, qərarın mitinqçilərlə liderlər tərəfindən qəbul olunduğunu bildirdi.

Müxalifətin sonrakı addımları barədə məlumat verən AXCP sədri qeyd etdi ki, “Azadlıq” bloku dekabrın 3-də aksiya keçirməklə bağlı BŞİH-ə müraciət göndərib. Eyni zamanda o, baş vermiş hadisəyə görə hökuməti məhkəməyə verəcəklərini və bununla bağlı beynəlxalq təşkilatlara müraciət ediləcəyini bildirdi.

“Azadlıq” blokunun Mərkəzi Seçki Qərargahının rəhbəri Pənah Hüseyn isə hakimiyyətin görünməmiş vəhşilik etdiyini qeyd etdi. O, dinc aksiya iştirakçılarının polisin və daxili qoşunların xüsusi vasitələrdən istifadə etməklə dağıdılmasının qanunazidd olduğunu xatırlatdı: “Mən hətta 2003-cü ilin oktyabrında belə qanunsuz, namussuz, şərəfsiz aksiya görməmişdim. Aksiya hələ başa çatmamış, heç bir xəbərdarlıq etmədən, evə getməyə hazırlaşan dinc etirazçılara, qadın, uşaq və qocalara basqın etməyin başqa adı yoxdur”.

ADP sədrinin müavini Sərdar Cəlaloğlu isə bildirdi ki, hakimiyyət növbəti dəfə dövləti cinayət edərək, xalqa qarşı zor tətbiq edib: “Polis heç bir xəbərdarlıq etmədən, hətta oturaq aksiyanı dəstəkləməyən vətəndaşların oradan çıxıb getməsinə imkan vermədən qocalara, qadınlara və uşaqlara ağır xəsarətlər yetirib. Hətta məndə olan məlumata görə, orada ölən də var. Bütün bunlar Azərbaycan iqtidarının cinayətkar təbiətindən xəbər verir. Artıq söz dünya ictimaiyyətinindir. Söhbət seçki saxtakarlıqlarından yox, hakim rejimin qəddar mahiyyətindən gedir”.

“Bakı Şəhər İcra Hakimiyyəti aksiyalara icazə verməsə, müxalifət icazəsiz aksiyalar keçirə bilərmi” - sualına cavab olaraq Ə.Kərimli razılaşdırılmış aksiyaların keçirilməsinə üstünlük veriləcəyini bildirdi: “Biz həmişə icazəli aksiyalara üstünlük vermişik. Etiraz aksiyası keçirmək bizim hüququmuzdur və biz çalışacağıq ki, bundan sonra bu hüququmuzu bərpa edək”.

Müsavat başqanı İsa Qəmbərin konfransda iştirak etməməsinin səbəbi ilə bağlı suala cavab olaraq AXCP sədri İsa bəyin kənarda olduğu üçün tədbirə qatıla bilmədiyini söylədi: “İsa bəy sadəcə olaraq, uzaqdadır. Ancaq onun bu hadisəyə münasibəti fərqli deyil”. Əli Kərimli bildirdi ki, liderlərin hamısı xəsarət alıb. AXCP sədri bildirdi ki, yaxın günlərdə beynəlxalq ictimaiyyət bu hadisəyə öz münasibətini bildirəcək: “Azərbaycan hakimiyyəti üzündən maskanı çıxarıb ataraq, özünə böyük bir pislik etdi. Bunun müqabilində ona qarşı müəyyən sanksiyalar olacaq”.

KƏNAN

Yeni Müsavat, 27.11.2005 sayı

Yaralı qadın İngilis səfiri hər şeyi öz gözü ilə gördü Təcili yardım maşınlarından biri
Yaralı qadınlardan biri Qoluzorbalar Hakimiyyət itləri
Əsgərlər mitinqçini həbs edir Mülki qoluzorlular mitinqçini sürüyür Mülkilər ən aktiv idi
Gözlərini qan örtmüş mülkilər Gözü qızmış qoluzorlular bəzən polisi də döyürdülər Gözü qızmış mülki qoluzorlular
Ağır yaralı qadın Huşunu itirmiş qadın Qadının ölü və ya diri olmağı bilinmir
Mitinqçinin beli qırılıb Əsl inqilabçı Əvəz Teymurxan Yerdə qan izləri
Mülki qoçu dəstələri hamısı eyni gödəkçə geyinib Gözü qızmış mülki qoçu dəstələri polisə də əl qaldırırdı Qoçu dəstələri
Su maşını gecikdi Daxili qoşun qoçu dəstələri Yaşar Əliyevin köməkçisi aktiv hərəkətdə idi
Əvəz Teymurxanı polis vurarkən Ayağı qırılan qız Ağır yaralı
Mülki naxçıvanlı "aktivist" Mülki "aktivistlərdən" Bayrağı cıran mülki
Mülki geyimli "aktivist" hər işə yarayırdı Həbs olunanlar Yaralananlardan biri
17:05-də ilk kollaborasionistlər meydana girdi Hərbi aksiya Yerə yıxılanlardan biri
Yerdə qalan ayaqqabılar Narıncı bayraqlar əllərdən alınırdı Hakimiyyətin itləri
Milləti bilinməyən dəstələr acıqlarını yolardakı maşınlardan çıxırdı Hərbi dəstələr qabaqcadan hazır idilər Vəhşiləşmiş polis dəstələri tribunanı da dağıtmışdılar
Ağır yaralı Polisin su maşınlarına ehtiyac qalmadı Özündən getmiş qadın
İnsanlara zülm verildi Narıncı bayraqlar bir yerə yığılırdı Tribunanın jurnalistlər hissəsi
"Qələbə"nin ətrafına çisir çəkildi Divan dəstələri Yerə yıxılanlar
Liderlər tribunaya çıxmamış Liderlər Liderlər
Liderlər Liderlər Liderlər
Liderlər Yürüşçülər Liderlər
Liderlər Liderlər Liderlər
Liderlər Liderlər Yürüşçülər
10 minlərlə insan Oturaq aksiyaya hazırlıq gedirdi 10 minlərlə insan
10 minlərlə insan Yürüşçülər Ağır yaralı