Keçmiş müsavatçı məhkəmə yolu ilə partiyaya
bərpa olundu?
Məlum olduğu kimi, Müsavat Partiyası Məclisinin keçmiş üzvü, 95 saylı Tərtər
Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Aynur Quliyeva (Camalqızı) guya
qanunsuz olaraq Müsavat Pariyasından xaric olunması və bu səbəbdən yenidən
partiya sıralarına bərpa edilməsi iddiası ilə Binəqədi rayon məhkəməsinə
müraciət etmişdi. Bu günlərdə məhkəmə heç bir əsas olmadan və qanunsuz olaraq
A.Quliyevanın iddiasını təmin edib.
Məsələ ilə bağlı Müsavat Partiyasının MNTK-sı açıqlama verib. Açıqlamada
bildirilir ki, Quliyeva Aynur Camal qızı 6 noyabr 2005-ci ildə keçirilən
parlament seçkilərində 95 saylı Tərtər Seçki Dairəsindən öz namizədliyini irəli
sürüb. “Azadlıq” blokunun həmin dairədən vahid namizədi olduğu üçün partiya A.
Quliyevaya ya öz namizədliyini geri götürməyi, ya da partiyadan çıxmağı təklif
edib. A. Quliyeva ikincini - partiyadan öz xahişi ilə çıxmağı məqbul variant
hesab edərək bununla bağlı ərizə yazacağını söyləyib.
Müsavat Partiyasının Divanı onun xahişini və yazılı şəkildə təqdim edəcəyi
ərizəsini nəzərə alaraq onun partiya sıralarından çıxarılması ilə əlaqədar qərar
qəbul edib. Müsavat Partiyasının Nizamnaməsinə əsasən hər hansı cəza almış
partiya üzvü Divanın qərarından MNTK-ya şikayət edə bilər.
A. Quliyeva MNTK-ya müraciət etmədən birbaşa Binəqədi rayon məhkəməsinə müraciət
edib və ilk dəfədir ki, Azərbaycan məhkəməsi bu tipli məsələ ilə bağlı qərar
verib.
Müsavat Partiyası MNTK-sı bəyan edir ki, Binəqədi rayon məhkəməsi məsələni ciddi
araşdırmadan və partiya Nizamnaməsinin verdiyi imkanları nəzərə almadan qərar
qəbul edib.
Xatırladaq ki, məhkəmənin qərarı partiyaya təqdim olunduqdan sonra məsələ ilə
bağlı lazımi hüquqi addımlar atılacaq.
Müsavat Partiyasının mətbuat xidməti, 28 dekabr 2005-ci il