
Novruz bayramınadək dövriyyədə yalnız metal
qəpiklər, bir və beş manatlıqlar olacaq
10 və 20 manatlar martın ortalarında, 50 və 100 manatlar isə apreldə
dövriyyəyə buraxılacaq
Çaşqınlıq yaranmasın deyə, yanvarın 1-dən Novruz bayramınadək Azərbaycan
vətəndaşları kiçik pulları - yeni metal qəpikləri və əskinas şəklində bir və beş
manatlıqları xərcələyə biləcəklər. Milli Bankın (MB) İdarə Heyətinin sədri Elman
Rüstəmov deyir ki, 10 və 20 manatlar martın ortalarında, 50 və 100 manatlar isə
apreldə gətirilərək dövriyyəyə buraxılacaq. Bütövlükdə yeni nominalların
uyğunlaşması növbəti dörd ayda həyata keçirilməlidir.
Cənab Rüstəmov deyir ki, bu, həm müqavilə bağlanmış çap şirkətinin qrafikinə
uyğundur, həm də bütün nominalları eyni zamanda dövriyyəyə buraxmaq problem
yarada bilər. Ona görə də beynəlxalq ekspertlərin məsləhəti ilə yeni banknotlar
tədricən istifadəyə veriləcək. Köhnə pullar isə düz bir il dövriyyədə olacaq.
Elman Rüstəmovun sözlərinə görə, yeni pulların dövriyyəyə buraxılması əhalidə
psixoloji problemlərlə müşayiət olunmamalıdır. Ona görə ki, söhbət pulun
dəyişdirilməsindən yox, eyni vaxtda köhnə nəsil manatların yeniləriylə
əvəzlənməsindən gedir. Bir ilin tamamında isə vaxt məhdudiyyəti olmadan
vətəndaşlar onlardakı köhnə pulları heç bir komissiyon xərc olmadan banklarda
yeniləri ilə dəyişdirə biləcəklər.
Cənab Rüstəmov bildirir ki, yanvarın 1-dək ölkəyə gətirilmiş yeni manatlar və
sikkələr həm dövlət, həm də böyük dövriyyəsi olan özəl banklara paylanacaq. Amma
bununla belə, bəzi banklar, məsələn, Beynəlxalq Bank yeni manatla əməliyyatları
yanvarın 1-dən yox, 4-dən aparacaq. Buna səbəb bankın böyük pul kütləsinə malik
olması ilə bağlıdır.
MB sədrinə görə, yeni manatın dövriyyəyə buraxılması pul kütləsinin artmasına,
yəni inflyasiyaya səbəb olmayacaq.
Amma bununla belə, Milli Bank il ərzində pul kütləsinə ola biləcək əlavə
tələbatı ödəməyə hazırdır. İlkin dövr üçünsə 1,7 milyard manat dəyərində metal
sikkələrlə birgə pul sifariş olunub.
MB İdarə Heyətinin sədri deyir ki, əlavə xərclər nəzərə alınmasa, denominasiya
Azərbaycana 16 milyon dollara başa gəlib. Təbliğat-təşviqat xərcləri üçünsə
təxminən 16 min avro xərclənib.
Qeyd edək ki, dövriyyədə 1, 10, 20, 50, 100 manatlıq əskinaslar və 1, 5, 10,
20, 50 qəpiklik metal pullar olacaq.
Şahnaz Bəylərqızı, Azadlıq radiosu