Müsavat Partiyasının başqanı İsa Qəmbər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni ilə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

Əziz həmvətənlərim!

31 dekabr- Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə sizləri təbrik edir, hamınıza can sağlığı, xoşbəxtlik və firavan həyat arzulayıram.

Artıq 14 ildir ki, dünyada yaşayan soydaşlarımız üçün bu gün yeni təqvim ilinin başlanmasından daha çox həmrəylik günü kimi böyük önəm kəsb edir. 1991-ci ilin bu günü həmvətənlərimiz Araz çayı boyunca xalqımızı əsrlərdir ki, ikiyə bölən tikanlı sərhəd məftillərini qırmaqla bu ayrılığa simvolik də olsa, öz etirazını bildirdi. Bu aksiya dünyanın hər yerinə səpələnmiş soydaşlarımız tərəfindən böyük ruh yüksəkliyi və coşqu ilə qarşılandığı üçün 31 dekabr rəsmi olaraq Dünya Azərbaycanlılarının həmrəylik günü kimi xalqımızın tarixinə düşdü.

Müstəqilliyimizlə yaşıd olan bu tarixi gündən bizi müəyyən zaman kəsiyi ayırsa da, təəssüf ki, xalqımız bu müddət ərzində layiq olduğu həyata qovuşmayıb. Azərbaycanın mövcud ictimai-siyasi, sosial-iqtisadi problemləri hələ də öz həllini tapmayıb. İnsanların yaşayış səviyyəsi il-ildən aşağı düşür. Bu üzdən orta statistik Azərbaycan ailəsi belə əziz və müqəddəs bayramları ürək dolusu, Ulu Tanrının insanlara bəxş etdiyi naz-nemətlər içində qeyd etməkdən məhrum olub.

Bütün bu problemlərin kökündə isə Azərbaycanda 13 ildir ki, hakimiyyəti zorakı yolla qəsb edən Əliyev rejimi dayanır. Son parlament seçkisinin də total şəkildə saxtalaşdırılması bir daha göstərdi ki, bu rejim üçün xalqın iradəsi, xalqın seçimi, xalqın müqəddəratı heç bir önəm daşımır.

Odur ki, Azərbaycanı kölə psixologiyasına sürükləyən, demokratik dəyərlərdən tamamilə uzaq olan bir rejimdən qurtulmaq üçün bu gün sözün həqiqi mənasında xalqımızın daha möhkəm birliyinə, həmrəyliyinə ehtiyac var. Bu gün ölkəmizdən kənarda yaşayan milyonlarla soydaşımız Azərbaycanda cərəyan edən ictimai-siyasi prosesləri kənardan müşahidə etməməli, harada yaşamasından asılı olmayaraq azad, demokratik, güclü Azərbaycan uğrunda mübarizəyə öz töhfəsini verməlidir. Ona görə ki, yalnız güclü, firavan, demokratik Azərbaycan hər bir azərbaycanlının sabahının, xoşbəxt gələcəyinin etibarlı qarantı ola bilər.

Əziz həmvətənlərim!

Bir daha sizləri bu əziz gün münasibətilə təbrik edir, Azərbaycanın xoşbəxt gələcəyi naminə hamınıza birlik və həmrəylik arzulayıram.

Tanrı Azərbaycanımızı qorusun!

Bakı, 30.12.2005