Ört-basdır edilən cinayətlər
Bu həm də külli miqdarda rüşvət deməkdir
Daxili işlər nazirinin tez-tez təkrarladığı fikirlərdən biri də budur ki,
cinayətlərin açılma faizinə görə, Azərbaycan MDB dövlətləri arasında ön
yerlərdən birini tutur. Statistikaya ötəri nəzər salmaq kifayət edir ki, Ramil
Usubovun yalanı üzə çıxsın. Hələ biz qeydə alınmayan çoxsaylı cinayətləri
demirik...
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, ağır cinayətlər
qrupuna daxil olmayan cinayət faktlarının əksəriyyəti qeydə alınmır. Hər il
ərzində qeydə alınmayan cinayətlərin sayının on mindən artıq olduğu bildirilir.
Qeydə alınmayan cinayət əməlləri sırasında oğurluq (mobil telefon oğurluğu,
mal-qara oğurluğu, avtomaşınlardan əşyaların oğurlanması, ev oğurluğu), narkotik
maddələrin alqı-satqısı, xırda xuliqanlıq, bədənə yüngül xəsarət yetirmə kimi
faktlar üstünlük təşkil edir. Mənbənin sözlərinə görə, yüngül cinayətlər hesab
olunan bu cür faktların çoxunun qeydə alınmaması barədə şəxsən Ramil Usubov
göstəriş verib. Çünki hər gün bütün ölkə ərazisində onlarla bu qəbildən olan
cinayətlər törədilir ki, onların da hamısının açılması asan məsələlə deyil.
Digər tərəfdən bəzən cinayətlərin qeydə alınmaması həm də daxili işlər
orqanlarında çalışanlar üçün kifayət qədər gəlir deməkdir. Heç kimə sirr deyil
ki, bir çox hallarda vətəndaşlar elə ilkin mərhələdə - polis idarə və
bölmələrində rüşvət verib canlarını məsuliyyətdən qurtarmağa çalışırlar. Mənbə
bildirir ki, yuxarıda sadalanan cinayət növlərindən narkotik satıcıları və
istifadəçilərinin tutulması daha çox gəlir gətirir.
Qeydə alınmayan cinayətlərə gəlincə, bu siyahıda mobil telefon oğurluqları
üstünlük təşkil edir. Hər gün təkcə paytaxtda 50-dən artıq mobil telefon
oğurluğu faktı baş verir ki, bunların da təxminən 5-6 faizi qeydiyyata alınır.
Özü də oğurluq yox, itki faktı kimi. Bu halda isə polislər həmin şikayətlərə
olduqca səhlənkar yanaşırlar. Təsadüfi deyil ki, telefonu oğurlandığına görə
hüquq-mühafizə orqanlarına müraciət edən vətəndaşların sayı getdikcə azalır.
Çünki vətəndaş polisin onun şikayətini araşdırıb cinayətkarı tapacağına inanmır.
Mobil telefon oğurluqları bir çox hallarda nəqliyyat vasitələrində, xüsusilə,
marşrut avtobuslarda baş verir. Bəzi hallarda polis özü də şəxsən bu
oğurluqların şahidi olur, amma nədənsə, gözünün qarşısında cinayətin
törədilməsinə heç bir reaksiya vermir. Hətta elə hallar da olub ki, sərnişin pul
kisəsini və ya telefonunu oğurlayaq şəxsi göstərərək polisdən kömək istəyib.
Amma "asayiş keşikçisi" öz vəzifə borcunu yerinə yetirmək üçün heç bir addım
atmayıb. Bütün bunlar isə mobil telefon oğrularının polislə əlbir "işləməsi"
nəticəsinə gəlməyə əsas verir.
Son bir neçə ayda baş verən proseslər göstərdi ki, əslində, Azərbaycan vətəndaşı
ilk növbədə özünü polisdən qorumalıdır.
Çünki cinayət törədib ələ keçməmək üçün mütləq hüquq-mühafizə sistemində dayağın
olmalıdır. Ən böyük "cinayət yuvası" Daxili İşlər Nazirliyi olduğu ölkədə
polisdən nə desən, gözləmək olar.
"Azadlıq" jurnalı, №2, 11 iyul 2005-ci il