"Exit-poll"un dəfni

Saxtakar klan bu "tələ"dən də yayınacağına əmindir

Azərbaycanda hər dəfə seçki saxtalaşdırılandan sonra ölkənin demokratik qüvvələri, eyni zamanda beynəlxalq dairələr növbəti seçkidə saxtakarlığın qarşısını almaq üçün müəyyən texnologiyalar təklif edirlər. Aylarla çəkən danışıqlardan, müzakirələrdən və nəhayət ciddi təzyiqlərdən sonra "anti-saxtakarlıq" texnologiyalarının müəyyən hissəsini hakimiyyət qəbul edir.

Ölkədə 4 aydan sonra keçiriləcək parlament seçkisində saxtakarlığın qarşısını imkan daxilində almaq üçün xeyli müddət idi ki, Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyəti arasında müzakirələr gedirdi. Bu yaxınlarda, müzakirələr başa çatdı. İqtidar Venesiya Komissiyası, o cümlədən başqa beynəlxalq qurumlar və ABŞ-ın israrla dəyişiklik təklifinin cüzi bir qismini qəbul etdi. Lakin, prinsipial məsələlər olan seçki komissiyalarının paritet əsasda formalaşdırılması, səs vermiş seçicilərin əlinin rənglənməsi, yerli QHT-lərin seçkini müşahidəetmə prosesinə buraxılması, müşahidəçilərin təqdim etdikləri faktların məhkəmədə sübut növü səviyyəsində qəbul olunması kimi təkliflər yaxına buraxılmadı.

Qəbul edilən və hakimiyyətin də ağızdolusu reklam etdiyi təkliflərdən ən diqqət çəkəni seçki günü məntəqələrdə "exit-poll"un - paralel səssaymanın təşkil edilməsidir. Qeyd edək ki, bu texnologiya dövlət başçısı İlham Əliyevin imzaladığı "Seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncamında da nəzərdə tutulub.

"Exit-poll" barədə bilgisi olmayan oxucular üçün bildirək ki, bu aksiya seçki günü seçki məntəqəsinin yaxınlığında səsvermə başlayan saatdan, qurtaranadək təşkil edilir. "Exit-poll"u keçirən təşkilatın nümayəndələri səs verib məntəqədən çıxan seçicilərdən kimə səs verdiklərini öyrənirlər. Bununla da, hansı namizədin daha çox səs alması, yəni qalib gəlməsi müəyyən olunur. Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrlə yanaşı, "exit-poll"un gəldiyi nəticələr də ictimaiyyətə açıqlanır. Onu da vurğulamaq lazımdır ki, beynəlxalq təşkilatlar, o cümlədən böyük demokratik dövlətlər keçirilmiş seçkiyə münasibət bildirərkən rəsmi məlumtlardan daha çox "exit-poll"un nəticələrinə üstünlük verirlər. Özü də nəzərə almaq lazımdır ki, bizdə "exit-poll"u bu kampaniya üzrə ixtisaslaşmış ABŞ şirkətlərindən biri keçirəcək. Elə isə Azərbaycan hakimiyyəti seçkidə bu təhlükəli aksiyanın təşkil olunmasına nədən razılıq verib? Bəlkə, İlham Əliyevin bəyan etdiyi kimi hakim komanda ölkədə demokratik parlament seçkisi keçirməyə hazırlaşır?

Seçki gününə 4 aydan da az vaxt qalıb. Ölkədəki seçkiqabağı mühiti nəzərdən keçirdikdə hakimiyyətin demokratik seçki keçirmək niyyətində olmadığını əminliklə söyləmək mümkündür. Hər gün paytaxtda və əyalətlərdə müxalifət fəalları həbs olunur, zorakılığa, "hüquq-mühafizə orqanları" adlandırılan güc strukturlarının təhdidlərinə məruz qalırlar. İlham Əliyevin opponentləri olan müxalifət liderlərinə qarşı "qara piar" texnologiyalarının məhsulu olan əxlaqsız təxribatlar təşkil olunur, onların avtomobilinə "bomba" yerləşdirilməyə cəhd göstərilir. Tələbə siyasi əqidəsinə görə universitetdən qovulur. Paytaxtda mitinq keçirmək üçün razılıq verilmiş meydan polis tərəfindən iki hissəyə bölünür, bununla aksiyaya az adamın gəldiyi təəssüratını yaratmağa cəhd göstərilir. Bölgələrdə ya kütləvi aksiyaların keçirilməsinə birmənalı şəkildə icazə verilmir, ya da mitinq üçün ucqarlar təklif olunur. Bunlar və sadalamadığımız başqa faktlar hakimiyyətin seçkini "dədə-baba" qaydası ilə keçirməyi nəzərdə tutduğunu göstərir.

Yenə də yuxarıdakı sual ortaya çıxır: Seçkini saxtalaşdırmağa hazırlaşan hakimiyyət "exit-poll" risqinə nədən qol qoyur? Özü də nəzərə alsaq ki, ABŞ hökuməti "Exit-poll" məsələsinə ciddi yanaşır. Bu ölkənin Azərbaycandakı səfiri Rino Harniş bildirib ki, bütün seçki dairələri üzrə "exit-poll"lar təşkil etmək Amerika dövlətinə baha başa gələ bilər. Ona görə də, "exit-poll" yalnız SİYASİ XARAKTERLİ DAİRƏLƏRDƏ keçiriləcək. ("Exit-poll"un keçirilməsi üçün tələb olunan maliyyəni ödəməyi ABŞ öz üzərinə götürüb).

İlham Əliyevin seçki ilə bağlı sərəncamından sonra "exit-poll"a bağlı bir çoxlarında yaranmış suala cavab tapılıb. Özü də bu aksiyanın keçirilməsinə razılıq vermiş hakimiyyətin öz içindən. Prezident Aparatındakı mötəbər hesab olunan mənbənin məlumatına görə, İlham Əliyevin "exit-poll"un keçirilməsinə razılaşması və bunu sərəncamına daxil etməsi, heç də onun şəffaf seçki istəyindən xəbər vermir. Mənbə bildirir ki, bu texnologiyanın tətbiqinə icazə verilib-verilməməsi ilə bağlı İlham Əliyev-Ramiz Mehdiyev səviyyəsində müəyyən müddət müzakirələr gedib. Nəhayət, "exit-poll"un yarada biləcəyi təhlükəni önləyəcək tədbirlər müəyyənləşdiriləndən sonra mütərəqqi addım kimi onun keçirilməsinə razılıq verilib. Önləyici tədbirlər isə aşağıdakılardan ibarətdir:

- Seçki günü "exit-poll"u həyata keçirən şəxslər maksimum təhdid altında saxlanılır;

- Məntəqələrə təyin edilmiş xüsusi adamlar (sahə müvəkkilləri, "IEK" işçiləri, icra hakimiyyəti əməkdaşları və s.) səs vermiş seçicilərə yaxınlaşaraq kimə səs verdiyini soruşurlar. Əgər seçici müxalifət namizədinə səs verdiyini deyirsə və yaxud səs verdiyi namizədin adını açıqlamaq istəmirsə, ona "exit-poll"u keçirənlərə yaxınlaşmamaq və onların sorğusunda iştirak etməmək üçün hədə-qorxu gəlinir;

- Digər təyin olunmuş xüsusi nümayəndə isə "exit-poll" keçirənlərin yanında qərar tutur. Seçicilərin yaxşı tanıdığı bu şəxs (sahə müvəkkili, mülki geyimli polis, icra hakimiyyətinin işçisi və s.) sorğu keçirənlərə yaxınlaşanların cavablarına diqqət yetirirlər. (Sözsüz ki, vəzifəli şəxsin yanında müxalifət namizədinə səs verdiyini söyləmək üçün hər bir seçicidən ürək tələb edir. Bu iradə isə bir qayda olaraq hamıda olmur);

- "Exit-poll"un nəticələrini hakimiyyət nümayəndəsinin xeyrinə dəyişdirmək üçün prezident seçkisində tətbiq olunmuş "karusel" üsulundan istifadə olunur. Qrup halında hazırlanmış adamlar avtomobillə məntəqələri gəzirlər. Məntəqədə qeydiyyatda olmasalar da, içəriyə keçirlər, sonra ordan bir-bir çıxıb "exit-poll" keçirənlərə yaxınlaşırlar və hakimiyyətin namizədinə səs verdiklərini bildirirlər. Bu qruplar bütün məntəqələrdə eyni hərəkətləri təkrarlayır.

Əldə etdiyimiz məlumatda bildirilir ki, "exit-poll"un "zərərsizləşdirilməsi" üçün yeni formaların axtarışı davam edir.

Yəqin ki, həm "exit-poll"u keçirəcək ABŞ hökuməti, həm də Azərbaycan müxalifəti bu aksiyanı öz nəzarətinə götürməyə çalışan hakimiyyətin planlarının pozulması üçün ehtiyat tədbirləri üzərində fikirləşməlidirlər. Bu məsələdə seçici vəsiqələrinin mükəmməl hazırlanmasına, orada seçici haqqında daha çox məlumatın əks etdirilməsinə nail olunmalıdır. Kənar şəxslərin seçki məntəqəsi ərazisində hərəkətlərinin məhdudlaşdırılması tələb edilməlidir.

Hakimiyyətin yuxarıda qeyd etdiyimiz və başqa tədbirlərinə qarşı adekvat addımlar atılmalıdır. Əks halda, Ramiz Mehdiyevin deputat siyahısını "exit-poll" da təsdiqləməli olacaq.

Rafiq Mahmudbəyov

"Azadlıq" jurnalı, №2, 11 iyul 2005-ci il