Heydər Əliyevə olan tələbat...

İlham Əliyev bu tələbatı ödəmir

Lap uşaqlıqdan eşitmişəm bu sözü. Kimsə qanunsuzluğa yol verəndə, ədalətsizliyə qol qoyanda, haqlını qoyub haqsızı müdafiə edəndə, yaxud, ən geniş yayılmış hal kimi, yazığın, fağırın, yetimin payını əlindən alanda deyirdilər: "Heç olmasa başının üstündə Allahı gör!".

Allahsız Sovetlər dönəmində məmurların başları üzərində proletariatın dahi rəhbəri Lenin var idi. Onun altında qanunsuzluqlar da, haqq-ədalət yerini tapan vaxtlar da olurdu. Qara camaatınsa hər yerdən əli üzüləndə güman yeri Moskva idi. İnsafən paytaxt ədalətli mövqeyini, adamlarda paytaxta olan inamı saxlamağa, onları son ümid yerindən imkan daxilində məhrum etməməyə çalışırdı. Təsadüfi deyil ki, indi ədalətsizliklərlə üzləşən Azərbaycan vətəndaşları səmimi qəlbdən o illərin xiffətini çəkirlər. Müstəqil dövlətin vətəndaşları.

O illəri yada salmağa, o illərin xifətini çəkməyə adamları koommunist ideologiyasının daşıyıcıları olan YAP iqtidarı məcbur edir. O iqtidar ki, onların Lenini Heydər Əliyevdir. İndi bütün məmurların başı üzərində onun portreti asılıb. İlham Əliyev hakimiyyətə gətirilindən sonra bəziləri portreti ya qoşalaşdırıblar, ya da ata və oğul Əliyevlərin birgə şəkillərini başları üzərindən asıblar. O şəkillərin altında nələr baş verir, hansı cinayətlər törədilir, hansı qanunsuzluğa qoy qoyulur, bunu elə ən yaxşı bütün bunları törədənlər və o portretlər bilir. Bir də bu qanunsuzluqdan əziyyət çəkən Azərbaycan vətəndaşları. Bilirlər və susurlar. Dilsiz-ağızsız portretlər. Bu portretlərin altında böyüklər böyük, kiçiklər kiçik cinayətlərə imza atırlar. Ziyan çəkən vətəndaşlar danışsa da, dərdlərini ən müxtəlif orqanlara yazılı şəkildə göndərsələr də, onları eşidən yoxdur. Çünki arxalarında (oxu: başlarının üstündə) himayəçiləri, talismanları dayanır. Onları hər cür qəzavü-qədərdən, polisdən, prokurorluqdan, təhlükəsizlik orqanları əmakdaşlarından mühafizə edən talismanları...

İş təkcə məmurlarla bitsəydi, bəlkə də bu mövzuya toxunmamaq da olardı. Amma çox təəssüf ki, bu portretlər artıq xeyli vaxtdır ki, sipər, himayədar rolunu oynayır. Bilib susurlarsa, deməli, həqiqətən də bütün cinayətin, qanunsuzluğun iştirakçıları, ilhamvericiləridirlər. Korrupsiyaya qurşanmış rejimin məmurları da, bizneslə məşğul olan sahibkarlar da, rüşvətdən ziyan çəkən adi sürücülər də, lap xırda ticarətlə məşğul olanlar da bütün qanunsuzluqları bu portretlərin altında törədir, bu dilsiz-ağızsız portretləri də öz əməllərinə şərik edirlər. Bəziləri rüşvət verməkdən canını qurtarmaq üçün bundan istifadə edir. Məsələn, şəxsi maşınından taksi kimi istifadə edən vətəndaşların bəziləri yol polisinə rüşvət verməmək üçün maşının ön və arxa şüşəsinə ata və oğul Əliyevlərdən birinin, yaxud hər ikisinin şəklini yapışdırır. Bəzən etibarsız olsa da, hər halda sipərdir. Şəhər, rayon, kənd mağazalarına fikir verin. Çoxları vitrində, mağazanın qapısının içəri hissəsində (qapı açılanda çöldə qalır, yaxşı görünür, eyni zamanda mağaza bağlananda içəridə qalır, kiminsə onu cırmaq planının qarşısı alınır) onlardan birinin portreti asılır. 2003-cü ilin noyabrına qədər ikinci portretə ehtiyac yox idi. Amma sonra onları özlərinə sipər edənlər xərcə düşməli oldular. İrad tutula bilərdi. Deyilənə görə, bu portretlər vergi əməkdaşlarının da dillərini xeyli gödək edir. Ümumiyyətlə ata və oğul Əliyevlərin portretləri və onların haqqında yazılan kitablar çox böyük gəlir gətirən biznesdir. Xeyli "bacarıqlı" adamlar var ki, bununla təkcə ailəsinin dolanışığını təmin etmir.

"Bakının Arbatı"nda da vaxtilə "ümummilli lider"in portretləri yaxşı gəlir gətirib. Vaxtilə, indi yox. Divar boyu düzülmüş rəsmlərə baxıram. Heydər Əliyev gözümə dəymir. Xeyli axtardıqdan sonra İlham Əliyevin divardan asılmış portretini görüb yaxınlaşıram. Neçəyədir?

"Yeddi şirvan", cavabımı gözləmədən, "aşağı yeri də var", deyir. Portretlərin azlığının səbəbini soruşuram.

- Heydər Əliyevə olan təlabat İlham Əliyevə yoxdur. Almıllar onun portretini.

- Niyə?

- Bilirsiz, dəyişiklik yoxdur axı, neçə illərdir hamısı eyni adamlardır. Yəqin hamısının da varıdı, ana-bala eləməyəcəklər ki. Dəyişiklik olsa, bəlkə İlham Əliyevə də tələbat da artar (dayanır). Amma, öz aramızdır, heç alana oxşamırsan, deyəsən məni danışdırırsan.

Söhbəti uzatmamaq, həm də dəftərxana mağazasına baxmaq üçün uzaqlaşıram. Burada da portret azdır. Ata-oğul Əliyevlərin çərçivəyə salınmış kiçik formatlı portretləri 25 min manatadır. Böyük portretlərin qiyməti 100 min manatdır.

Bu portretlər də təkcə satış üçün deyil, həm də, əvvəldə dediyim kimi sipər, himayəçi rolunu oynayır. Əksəriyyəti də elə yerdən asır ki, içəri girən kimi gözünə birinci sataşır.

Müştərinin də, haqq alan vergi əməkdaşının da, hətta polisin də.

Kitab mağazalarında keçmiş və indiki prezidentə aid kitablar var. Amma alınmır. Səbəbini soruşuram. Satıcı "Əliyevlər haqda kitab buraxanlar onun satışı ilə özləri məşğul olurlar" deyir: "Qapı-qapı düşüb nə yolla olsa satırlar, özü də baha qiymətə. Bizdəkilərlə heç maraqlanan yoxdur".

Kənd yerində kiçik mağaza açıb "uçastkovıdan" qorunmaq, vergidən yayınmaq üçün qapıya Əliyevlərdən birinin şəklini yapışdıran gündə yanmış kəndçi balası gözümün önünə gəlir. O, xırda biznesini Əliyevlərsiz, həm də halal yolla qura bilmir, saxtakarlıq, dövlətdən oğurluq edir və bu oğurluğa prezidenti də qoşur. Onun düşüncəsinə görə, rüşvətxor prezidenti. "Yuxarıya haqq verməsən, işləyə bilməzsən" şüurlara hakim kəsilib.

İndi də neçə illərdir qaçqınlara ayrılan yardımları diri gözlü basıb yeyən nazir canlanır gözlərimin önündə. Onun da başının üstündə Əliyevlərdən birinin portreti asılıb. O da Əliyevləri yeyintilərə şərik edib. Bəlkə də heç o günlərlə, aylarla portretə gözünün ucu ilə də baxmır. Amma cinayətləri ört-basdır eləmək üçün o portret hava-su kimi lazımdır. Sipər, himayədar, hətta talisman kimi lazımdır.

Deyirlər Hacı Məmmədovun da başının üstündə ata Əliyevin portreti asılıbmış. Bu, məmurların, səlahiyyət sahiblərinin qudurğanlığının son həddidir.

Qalır camaat. Təəssüf ki, qara camaatın üz tutası "Moskvası" yoxdur...

Rövşən Hacıbəyli

P.S. Qara camaatın çoxsaylı şikayətləri ilə bağlı araşdırma gələn saylarımızda.

"Azadlıq" jurnalı, №2, 11 iyul 2005-ci il