Korrupsiyaya qarşı mübarizə... rüşvət
tariflərinin qalxmasına gətirib
Bütün qanunsuzluqların başında qanunsuz hakimiyyət dayanır
Qanunsuz hakimiyyət ömrünü uzatmaq üçün uluslararası qurumların, Avropa
Şurasının demokratiya barədə tələblərinə əməl etdiyini sübuta yetirməlidir. Amma
hələ ki, gözdən pərdə asma rolunu oynayan qanun, qərar və sərancamlarla iqtidar
bütün qanunsuzluqların - korrupsiyanın (seçki) saxtakarlığın(ın) cinayətlərin
başında özünün dayandığını ortaya qoymuş olur.
Bu il yanvarın 1-dən "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan
Respublikasının qanunu qüvvəyə minib. Bununla bağlı "Dövlət qulluğunu idarəetmə
şurası yanında korrupsiyaya qarşı mübarizə komissiyası" yaradılıb və onun
tərkibinə bir nəfər də olsun müstəqil və ya müxalifət nümayəndəsinin daxil
edilməsi gərəkli sayılmayıb. Bu isə həmin komissiyanın işinin rüşvətlə
mübarizəyə çevrilməsi ilə sonuclanıb. Konkret faktlara üz tutaq.
Sözügedən qanun qüvvəyə minənəcən sürücülük vəsiqəsinin rüşvət vergisi 100 ABŞ
dolları idi. (Onu da deməyi gərəkli sayırıq ki, rüşvətin özü "milli" xarakter
daşısa da, dövlət (oxu: rüşvət) məmurları onu beynəlxalq vahidlərlə
dəyərləndirməyi və almağı daha üstün tuturlar). Hazırda bu tarif 300-500 dollar
arasında dəyişir. DİN-in bu rüşvətə cavabdeh olan məsul rüşvətxorları artımı
lənətə gəlmiş mübarizənin boynuna qoyurlar.
Məhkəmələrdə əvvəllər haqlını haqsız etməyin orta tarifi 500 dollar idisə,
hazırda bu məbləğ 2 dəfə qaldırılıb. "Suçlu" isə yenə də "mübarizə"dir.
Əvvəllər prokurorluq orqanları vətəndaşların hüquqlarının pozulmasına,
qanunların dürüst və eyni cür icra olunmasına candərdi də olsa reaksiya
verirdilərsə, hazırda bu qurum şikayətlərə yalnız rüşvət prizmasından baxır.
"Əlillərin hüquqlarını müdafiə komitəsi"nin məlumatına görə, sahibkarlıqla
(xırda) məşğul olan savaş əlillərinin (məhkəmənin qərarı olmadan) satlıq mobil
telefonlarının "Sell Tell" MMC-nin reket əməkdaşları tərəfindən müsadirə
edilməsinə Sabunçu Rayon Prokurorluğunun cavabı qısa olub: reket haqqını ödəyib
telefonunuzu geri götürə bilərsiz. İndi baş prokurorluq yanındakı korrupsiyaya
qarşı mübarizə idarəsi rüşvət həmkarına qarşı necə mübarizə aparsın?
Milli Təhlükəsizlik Nazirliyinin vaxtaşırı qeyri-hökumət qurumlarına qarşı 3-5
min dollarlıq mübarizəsindən söhbət açılır. Bu nazirliyin özünə işə düzəlmək
istəyənlərin bildirdiyinə görə, əvvəllər 3-5 min dollarlıq "işədüzəlmə
şirinliyi" hazırda 15 15 min dollara çatıb. Ax, bu lənətə gəlmiş mübarizə!..
Rüşvətin ən çox çiçəkləndiyi sahənin sosial sahə olduğunu demək artıqdır. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi korrupsiya üzrə qanuna uyğun olaraq
özünün "müqəddəs" rüşvət qanununu qəbul edib. Bir neçə əsas teoremdən ibarət
olan bu qanuna görə, QANun Ali deyil, Əli olmalıdır və əlillərin konstitusion -
korrupsion haqlarından aşağı hüquqi qüvvəyə malik olmalıdır. Nazirlikdə
yaradılan rüşvət konstitusiyasının rəyi isə ölkə ərazisində ən yüksək hüquqi
qüvvəyə malikdir. Buna şəkk edənlər müqəddəs Qurana əl basıb (bütün məmurların
başı üzərində dövlət rəmzləri əvəzinə ali baş rüşvətxorun portreti, əlinin
altında isə konstitusiya əvəzinə Quran qoyulub) avtomobil, mənzil alarkən rüşvət
vermədiklərinə aid and içirlər. Bu qanuna əməl etməyənlərin, yəni "Ya(p)Əli!"
deməklə haqqını almaqdan imtina edənlərin "Ya(p) Mehdiyev) sahibi-əz
Azərbaycan!" hayqırmaları da köməyə çatmır. Çünki korrupsiyanın başında elə
Prezident aparatının özü dayanır. "Mübarizə"dən öncə sonuncu əlil mənzil
bölgüsündə rüşvət tarifinin 5-6 min dollar həddində olduğunu bildirmişdi.
Rüşvətin "qurtuluş" günü kimi bayram edildiyi bu ilin 15 iyununda bölünən binada
tarif 7 min dollara qaldırılıb. Artımın əsas günahkarı yenə də lənətə gəlmiş
"mübarizə" olub. Doğrudur, ölkədəki özbaşınalıqdan yararlanan hakimiyyət və
ƏƏSMN bir neçə il öncə Xırdalanda inşa edilən "Əlillər evi"nə bir nəfər də olsun
əlil qeydiyyata salmamışdı, amma indi 15 iyunda YAP-ın rüşvət tribunasından
beynəlxalq qurumları haqq-ədaləti görməyə çağırmaq hakimiyyətin gerçək üzünü
açır. Qarabağ savaşı əlillərinin sözügedən mübarizə komissiyasına müraciətləri
isə sonuc vermir. Özlərinə qarşı cinayət işi qaldırmayacaqlar ki? Hətta ölkənin
birinci şəxsinə təqdim olunan müraciətlərə də rüşvət yönündən baxılır. Bu ilin
mayında aeroport yolunda əhali ilə görüş zamanı savaş əlili ƏƏSMN-dəki
rüşvətxorluq və korrupsiya ilə bağlı dövlət başçısına məktub verib. O da
mühafizə xidmətinə bu problemi həll etməyi tapşırıb. Sözügedən xidmətdən ƏƏSMN-ə
prezidentin tapşırığını icra etmək barədə məktub göndərilsə də, Əli Nağıyev yenə
də rüşvətdən keçə bilməyib. Belə məlum olur ki, İlham müəllim dovşana qaç deyib,
tazıya tut. Ya da məmurlar o qədər harınlayıb, o qədər cəzasızlıqlarına bel
bağlayıblar ki, daha prezidenti saymırlar. Onların saydıqları xarici valyuta ilə
aldıqları rüşvətdir.
İndiki iqtidarın qanuna, konstitusiyaya rüşvət prizmasından baxması hakimiyyət
dəyişikliyini qaçılmaz edir. Heç bir ideal qanun bu rüşvətxor, saxtakar rejimin
haqq-ədalət yoluna dönməsinə gətirməyəcək. Çünki iqtidardakı peşəkarlardır.
Xaliq Bahadır demişkən, peşəkar rüşvətxorlar...
Məğrub Bədəlsoy
"Azadlıq" jurnalı, №2, 11 iyul 2005-ci il