Adam oğurluğunda "nazir barmağı"

1998-1999-cu illərdə Ramil Usubov adam oğurluğu üzrə işlərin Məhərrəm Əliyevin nəzarətindən çıxarılmasına nail olub

Nəyə görə nazir bu addımı məhz Hacı Məmmədovun cinayətlərinin artdığı illərdə atıb?

Generalların savaşında kimin qalib gələcəyini bəri başdan söyləmək çətindir. Amma tərəflərdən biri indiki halda açıq-aşkar üstünlüyə malikdir. Söhbət daxili işlər naziri Ramil Usubovla Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Məhərrəm Əliyev arasındakı "müharibə"dən gedir. Üstün tərəf isə hələlik Məhərrəm Əliyevdir. Hər halda son bir ayda baş verən proseslərin müşahidəsi belə qənaətə gəlməyə əsas verir.

Pərdə aradan götürülüb

Bu qarşıdurma barədə çoxdan bəri gəzən söz-söhbətlər nəhayət, Məhərrəm Əliyevin mətbuata gözlənilməz açıqlamaları ilə öz təsdiqini tapdı. Məhərrəm Əliyevin Daxili İşlər Nazirliyinin ünvanına kəskin ittihamlarla dolu açıqlamalarındakı xəbərdarlıqlar da nəzərdən yayınmır. Heç şübhəsiz ki, bu xəbərdarlıqlar, daha doğrusu, hədələr birbaşa nazirə ünvanlanıb. Məsələn, Məhərrəm Əliyev açıq-aşkar bildirir ki, bir neçə il əvvəl onu öldürməyə cəhd göstəriblər və bunun üçün sifariş birbaşa DİN-dən gəlib. Və yaxud polis rəisi deyir ki, Hacı Məmmədovun istintaqa dedikləri boş şeylərdir. Yəni həqiqət hələ ki, gizlədilir. Eyni zamanda qeyd edir ki, bu dəstənin bir çox üzvləri məsuliyyətdən kənarda saxlanılıb, hələ də vəzifələrində çalışırlar. Özü də şəxsləri BŞBPİ-də yox, DİN-də axtarmaq lazımdır.

Məhərrəm Əliyev naziri şantaj edir

Polis rəisi özünün DİN-də baş verən qaranlıq məsələlərdən, xüsusilə, Hacı Məmmədovun dəstəsilə bağlı bir çox mətləblərdən agah olduğunu bəyan etməklə bildiklərini danışa biləcəyinə işarə vurur. Təsadüfi deyil ki, Məhərrəm Əliyev hələlik bildiklərini açıqlamaq istəmədiyini, Hacı Məmmədovun dəstəsilə bağlı MTN-də aparılan istintaqın nəticələrini gözlədiyini deyir. Bunu isə onun Ramil Usubova "danışa bilərəm" mesajı kimi kimi də qiymətləndirmək olar.

Beləliklə, Məhərrəm Əliyev illərdir aralarında davam edən bu "gizli müharibə"ni ictimailəşdirməklə nazirlə son döyüşə hazır olduğunu ortaya qoymuş oldu. Amma Ramil Usubov hələlik bu döyüşə hazır görünmür. Hər halda nazirin Məhərrəm Əliyevin ona meydan oxumasına - açıq hədələrinə, sərt ittihamlarına "Heydər Əliyev ideyalarını yaşatmaq naminə" susqunluqla cavab verməsi başqa cür yozula bilməz. Görünür, nazir həqiqətən paytaxt polisinin şefinin danışmasından çəkinir. Çünki Ramil Usubovun cavab zərbəsi Məhərrəm Əliyevin "sandığı açıb, pambığı tökməsi" üçün katalizator rolunu oynaya bilər.

Münaqişə nədən yaranıb

Maraqlıdır, kökü hələ 1998-99-cu illərə gedib çıxan bu münaqişə nədən qaynaqlanır? Hüquq-mühafizə orqanlarındakı mənbədən əldə etdiyimiz məlumata görə, prinsip etibarilə dava səlahiyyət davasıdır. Belə ki, Ramil Usubov həmin illərdə BŞBPİ-nin bir sıra səlahiyyətlərinin alınaraq nazirliyə verilməsi təşəbbüsü ilə çıxış edib. Xüsusilə, nazir adam oğurluqları ilə bağlı cinayətlərin istintaqının paytaxt polisindən alınmasında israrlı olub ki, bu arzusunu da reallaşdıra bilib. Nəzərə almaq lazımdır ki, həmin dövrlər Hacı Məmmədovun dəstəsinin adam oğurluqları ilə bağlı fəaliyyətinin qızğın çağları idi. Belə bir vaxtda Ramil Usubovun məhz adam oğurluqları ilə bağlı cinayət işlərinin istintaqının nazirliyin sərəncamına verilməsinə çalışmasının özündə də müəmmalar olmamış deyil.

Amma səlahiyyət davası bununla bitmir. Nazirin cəhd göstərdiyi məsələlərdən biri də paytaxtın rayon polis idarələri üzərində nəzarətin Məhərrəm Əliyevin əlindən alınması olub. Ramil Usubov müəyyən mənada buna da nail olub. Nəzarətin itirilməsi isə təkcə quruca nüfuzun deyil, həm də nəhəng məbləğlərin itirilməsi deməkdir.

Məhərrəm Əliyev nəyə arxayındır

Məhərrəm Əliyev son vaxtlar açıq savaşa üstünlük verməklə Ramil Usubov üçün ciddi təhlükəyə çevrilib. Görəsən, nazir bu təhlükəni özündən uzaqlaşdırmaq üçün hansı addımlar atacaq? Heç şübhəsiz ki, ötən illər ərzində Ramil Usubov Məhərrəm Əliyevi zərərsizləşdirmək və beləliklə də yolundakı maneəni aradan qaldırmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edib. Lakin bu, o qədər də asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, Məhərrəm Əliyev də polis piramidasında kiçik fiqur sayıla bilməz. Digər tərəfdən əslən naxçıvanlı olan paytaxt polisinin şefi vaxtilə Heydər Əliyev, indi isə onun oğlu ilə isti münasibətlərdə olan bir şəxs sayılır. Məlumata görə, 1980-ci illərin sonu - 90-cı illərin əvvəllərində Əliyevlərin ən ağır vaxtlarında yanlarında olan, müəyyən mənada onları müdafiə edənlərdən biri də məhz Məhərrəm Əliyev olub. Təbii ki, bütün bunlar özü-özlüyündə az rol oynayan faktorlar deyil. Belə olmasaydı, yəqin ki, Ramil Usubov Məhərrəm Əliyevlə haqq-hesabı, gəlir gətirən sahələrə nəzarət kimi, çoxdan çürüdərdi.

Eyvaz Abdullayev

"Azadlıq" jurnalı, №2, 11 iyul 2005-ci il